Ana Sayfa > Dünya > “Həm İran, həm də ABŞ silah ehtiyatlarını artırır” – Müharibə yenidən alovlana bilər
“Həm İran, həm də ABŞ silah ehtiyatlarını artırır” – Müharibə yenidən alovlana bilərBu gün, 19:02. Yazar: vasif |
![]() Tehran Vaşinqtonla dolayı danışıqların bərpasına hələ qərar verməyib. Belə ki, İran XİN rəhbəri Abbas Araqçi bildirib ki, Qətər və Pakistan tərəflər arasında yalnız mesaj mübadiləsi aparır və bu, danışıqlar demək deyil. O, 60 günlük müddətin atəşkəs yox, yekun razılaşma üçün nəzərdə tutulan danışıqlar müddəti olduğunu deyib. Əraqçi həmçinin Omanla təmasların siyasi deyil, Hörmüz boğazında gəmilər üçün yeni marşrutların müəyyənləşdirilməsi ilə bağlı texniki xarakter daşıdığını açıqlayıb. Nazirə görə, boğazın açılması isə ABŞ-ın yerinə yetirməli olduğu şərtlərdən asılıdır. Bu açıqlamalar İran-ABŞ münasibətlərində hansı ssenaridən xəbər verir? Hörmüz boğazında yeni marşrutların hazırlanması boğazın açılmasına hazırlıqdırmı? Mövzu ilə bağlı professor, politoloq Qabil Hüseynli Musavat.com-a danışıb. Professorun sözlərinə görə, hazırkı vəziyyətdə tərəflərin sülhə doğru səmimi addım atdığı görünmür və bölgədəki proseslər daha çox yeni qarşıdurma mərhələsinə hazırlıq təsiri bağışlayır: "Hesab edirəm ki, bu açıqlamalar məntiqsizdir. Necə yəni? Yüzillər boyu dünya okeanının tərkib hissəsi kimi tanınan Hörmüz boğazına indi İran yeni bir rüsum qoyub, oradan gəmiləri buraxmaq üçün haqq istəyir? Və yaxud istədiyi gəmini buraxır, guya ABŞ-ın müttəfiqi olan ölkələrin gəmilərini isə buraxmır. Bilirsiniz, dünyada əgər bu cür özbaşınalıq olsa, hər şey, hər bir ölkənin subyektiv qərarları ilə nizamlansa, onda dünya nizamı xaosa çevrilər. Necə ki, indi həmin bölgədə xaosa çevrilib". Qabil Hüseynli İran tərəfinin əvvəlki təmasları sülh razılaşması kimi qəbul etməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, həmin görüşlər daha çox ilkin razılaşmaya aparan, möhkəmliyi olmayan razılaşmalar xarakteri daşıyıb: "İran tərəfi deyir ki, guya indiyə qədər aparılan danışıqlar sülh razılaşması olmayıb. Bunlar yalnız memorandum xarakteri daşıyıb. Ortaya çıxan məsələlər hər hansı ilkin razılaşmaya doğru aparan, ilkin və o qədər də möhkəm olmayan razılaşmalar idi. Biz isə daha möhkəm razılaşma uğrunda mübarizə aparırıq. 70 günlük müddət də sülh sazişinin imzalanmasına hazırlıq üçün verilmişdi. Daha doğrusu, tərəflər razılaşmışdılar ki, bu müddət ərzində hər iki tərəf üçün əlverişli olan məqamları seçib ayırsın və onları razılaşdırmağa çalışsın. Bilinmir ki, bu xaos amerikalı Trampın işidir, yoxsa İrandakı çoxvektorlu hakimiyyətdə olan şəxslərin bir-biri ilə didişməsinin nəticəsidir. Ölkənin bir mövqeyi ola bilər. İndi isə bu mövqelər xeyli haçalanır, müxtəlif qollara ayrılır. Bunun Amerikanın işi, yoxsa İranın daxili məsələsi olduğunu deməkdə çətinlik çəkirəm. Amma mən hər halda o cür ciddi sülh danışıqlarının aparıldığını görmürəm". Qabil Hüseynlinin fikrincə, tərəflər hazırda sülhə deyil, hərbi imkanlarını yenidən gücləndirməyə daha çox diqqət yetirirlər: "Amerikanın hərbi silah-sursat ehtiyatı müəyyən qədər tükənir. O, aralıq bir fasilə götürür və bu müddət ərzində tükənmiş silah-sursat ehtiyatının yerini doldurmaq üçün istehsalı daha da artırır. Eyni proseslər İranda da baş verir. Yəni sülhə doğru səmimi bir addım hər iki tərəfdən də görünmür. Bu danışıqların yenidən başlaması ehtimalları da, belə deyək, azdır. Bundan sonra nə baş verə bilər? Qarşıdurma növbəti mərhələdə necə inkişaf edə bilər? İsrail Amerika Birləşmiş Ştatları ilə İran arasındakı münasibətlərin inkişaf xəttini izləyərək, ona uyğun olaraq öz strategiyasını hazırlayacaq. Hazırda İsrail pusquda dayanıb, çox hiyləgər siyasət yürüdür. Bu müddət ərzində, məncə, Amerikada ya yeni silahlar yaradacaqlar, ya da mövcud silahların istehsalını artıraraq azalmış ehtiyatlarını bərpa edəcəklər və sair. İran əgər sakitcə dursa və yaxud səmimi şəkildə sülhə meyl edərsə, İsrail nə qədər qızışdırıcı rol oynasa da, müharibəyə nöqtə qoymaq olar. Müharibəni siyasi sülh sazişi ilə bitirmək mümkündür. Amma tərəflərin hər birinin ağzından bir-birindən fərqli səslər gəlir. Məsələn, Tramp bu gün bir şeyi deyir, sabah başqa bir şeyi. Tramp gah dedi ki, silah-sursat ehtiyatlarımız azalıb. Ertəsi gün dedi ki, yox, bizim silah-sursat ehtiyatımız bitməz-tükənməzdir və istənilən vaxt İranı vurub yer üzündən siləcəyik. Yəni sülh danışıqlarında təmkinli, düşünülmüş və məntiqli fikirlərlə çıxış edən siyasətçiyə rast gəlmək olmur. Amerika tərəfində də, İran tərəfində də vəziyyət mürəkkəbdir. İranda prezidentin səlahiyyətləri demək olar ki, yox dərəcəsindədir. Dini liderin gah öldüyünü, gah da müalicə olunduğunu deyirlər. Ölkədə vəziyyət qarışıqdır. Hakimiyyət səlahiyyətlərini isə SEPAH-ın hərbi rəhbərliyi, yəni generallar ələ keçirib və bütün qərarları onlar verirlər. Belə olan vəziyyətdə ölkənin vahid siyasi kursunu, vahid siyasi xəttini hazırlamaq çox çətin olur". Qabil Hüseynli həmçinin vurğulayıb ki, mövcud vəziyyətdə hər iki tərəfin maraqlarına cavab verən praqmatik sülh sazişinin əldə olunması asan görünmür: "Zənnimcə, necə İranda SEPAH, necə Amerikada Tramp əsas qərarverici mövqedədirsə, belə bir şəraitdə hər iki tərəfin maraqlarına cavab verən ağıllı, praqmatik sülh sazişini imzalamaq çətin olacaq". Geri dön |