Ana Sayfa > Dünya > Trampın "dünyanın boğazı"nı ələ keçirmək planı: ABŞ Hörmüzü "barıt çəlləyi"nə çevirir

Trampın "dünyanın boğazı"nı ələ keçirmək planı: ABŞ Hörmüzü "barıt çəlləyi"nə çevirir


Bu gün, 21:05. Yazar: vasif
Trampın "dünyanın boğazı"nı ələ keçirmək planı: ABŞ Hörmüzü "barıt çəlləyi"nə çevirir


Prezident Donald Trampın Hörmüz boğazını ABŞ-ın ərazisi elan etmək niyyətini açıqlaması mövcud hərbi-siyasi qarşıdurmanı daha da dramatikləşdirir... Ona görə də, indi əsas məsələ yalnız Hörmüz boğazında sərbəst hərəkətin bərpa olunması deyil, həm də onun məhz hansı şərtlər daxilində açılacağı ilə bağlıdır...
Hörmüz boğazı uğrunda ABŞ-İran qarşıdurması artıq yalnız hərbi və iqtisadi mübarizə olmaqdan çıxaraq, daha genişmiqyaslı geopolitik sövdələşmənin əsas predmetinə çevrilir. Ağ Ev bu strateji su hövzəsində ticarət fəaliyyətinin mümkün qədər tez bərpa olunmasını istəyir. Rəsmi Tehran isə boğazın açılmasını birtərəfli güzəşt kimi təqdim etməkdən imtina edir. İranın mövqeyinə görə, normal gəmiçilik yalnız ABŞ-ın Hörmüz boğazında hərbi-dəniz blokadasına son qoyması və rəsmi Tehranın digər tələblərinin də nəzərə alınması ilə mümkündür.

Onu da qeyd etmək lazımdır ki, mövcud vəziyyət ABŞ-İran danışıqlarında olduqca önəmli paradoks yaradıb. ABŞ üçün əsas məsələ dünya enerji bazarının ən mühüm nəqliyyat arteriyalarından biri olan Hörmüz boğazının açılmasıdır. Rəsmi Tehran isə bu boğaz üzərindəki faktiki təsir imkanından ABŞ-a qarşı iqtisadi və siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Və ona görə də, İranın mövqeyində Hörmüzün açılması ayrıca texniki məsələ deyil, ümumi siyasi razılaşmanın bir hissəsidir.

Son vaxtlar İran və Oman arasında Hörmüz boğazı ilə bağlı müəyyən razılaşmaların əldə edilməsi bu baxımdan, diqqət çəkir. Tərəflərin bu boğazdan keçid üçün marşrut və koordinatları razılaşdırmağa yaxınlaşdığı barədə məlumatlar siyasi-diplomatik kanalların tamamilə bağlanmadığını göstərir. Ancaq bu, ABŞ və İran arasında yekun razılaşmanın əldə edildiyi anlamına gəlmir.Əksinə, əsas problem məhz bundan sonra başlayır. Çünki rəsmi Tehran Ağ Evdən yalnız gəmiçiliyin bərpasını deyil, ABŞ-ın hərbi təzyiq siyasətində dəyişiklik etməsini də istəyir. Üstəlik, İranın tələbləri arasında sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərlə bağlı məsələlər də yer alır. ABŞ isə İranın bu tələblərini tam şəkildə qəbul etmədən ilk növbədə Hörmüzdə hərəkətin bərpasına nail olmağa çalışır.

Beləliklə, qarşıduran tərəflər eyni problemin iki müxtəlif həll modelini irəli sürür. Ağ Ev “əvvəlcə boğaz açılsın, sonra digər məsələlər müzakirə olunsun” məntiqindən çıxış edir. Rəsmi Tehran isə “əvvəlcə qarşılıqlı öhdəliklər müəyyənləşdirilsin, sonra Hörmüz açılsın” mövqeyindədir. Və bu kəskin qarşıdurmaya paralel olaraq, ABŞ-ın iqtisadi təzyiq mexanizmlərini genişləndirməsi də xüsusi əhəmiyyət daşıyır.

Məsələ ondadır ki, ABŞ Senatında Rusiya və İrana qarşı daha sərt sanksiyaları nəzərdə tutan qanun layihəsinin böyük səs çoxluğu ilə qəbul olunub. Yəni, Ağ Ev rəsmi Tehranla siyasi-diplomatik təmaslara baxmayaraq, digər təzyiq alətlərindən hələ imtina etmədiyini göstərir. Sənəd İranın enerji və müdafiə sektorlarına yönəlmiş məhdudiyyətlər üçün daha geniş imkanlar yaradır.

Belə anlaşılır ki, ABŞ eyni vaxtda həm siyasi-diplomatik kanalı aktiv saxlayır, həm də iqtisadi və hərbi təzyiqləri artırır. Bu, ziddiyyət kimi görünsə də, Tramp administrasiyasının danışıqlar taktikasının əsas xüsusiyyətlərindən biri də elə məhz budur. Yəni, Ağ Ev qarşı tərəfə güzəştlər üçün əlavə motivasiya verməklə yanaşı, həm də razılaşmanın əldə olunmaması halında, təzyiqlərin daha da güclənəcəyini nümayiş etdirmək istəyir.Ancaq müşahidələr onu göstərir ki, rəsmi Tehran bu təzyiqlər qarşısında dərhal geri çəkilmək niyyətində deyil. İran rəsmiləri Hörmüzün İranın nəzarətində olduğunu vurğulayaraq, prezident Donald Trampın bu boğazı ABŞ ərazisi elan etmək barədə son açıqlamasını rədd ediblər. Belə ki, Ağ Ev sahibi Donald Tramp Nyu-York ştatında keçirilən tədbirdə İranın məğlub edilməsindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib.

Təbii ki, bu açıqlama danışıqlar prosesinin onsuz da mürəkkəb olan siyasi atmosferini daha da gərginləşdirir. Çünki Hörmüz boğazı İran üçün sadəcə, enerji nəqliyyatının keçdiyi coğrafi məkan deyil. Rəsmi Tehran üçün bu ərazi ölkənin regional çəkisinin, milli təhlükəsizliyinin və ABŞ-a qarşı strateji çəkindirmə imkanlarının önəmli faktorudur. Ona görə də Ağ Evin boğaz üzərində suverenlik iddiası İran tərəfindən güzəştə çağırış deyil, məhz birbaşa siyasi təhdid kimi qəbul edilir.

Digər tərəfdən, Hörmüz böhranının iqtisadi nəticələri ABŞ-ın özünə də təzyiq yaradır. Boğazdan keçən gəmi sayının kəskin azalması enerji bazarında qeyri-müəyyənliyi artırır və neft məhsullarının qiymətlərini artırır. "Reuters"in məlumatına görə, son günlər boğazdan keçən gəmi axını əvvəlki səviyyədən ciddi şəkildə aşağı düşüb və təhlükəsizlik riskləri gəmiçilik şirkətlərinin fəaliyyətinə əhəmiyyətli dərəcədə neqativ təsir göstərir. Və bu səbəbdən də Ağ Evin Hörmüz böhranının həllində tələskənliyi yalnız hərbi-strateji amillərlə izah edilə bilməz.

Təbii ki, burada ABŞ iqtisadiyyatının enerji qiymətlərindən asılılığı və daxili siyasi təzyiqlər də önəmli rol oynayır. Çünki Hörmüzün uzunmüddətli blokadası ABŞ və dünya iqtisadiyyatında əlavə qiymət şokları yaratmaq baxımından, riskli strategiyaya da çevrilə bilər. Yəni, İranın Hörmüz üzərindəki təsir imkanları ABŞ-ın iqtisadi təzyiq kampaniyasına qarşı ən həssas faktorlardan birinə çevrilib. Ona görə də, rəsmi Tehran boğazın açılmasını Ağ Evdən siyasi-iqtisadi güzəştlər almaq üçün önəmli rıçaq kimi istifadə edir.Ancaq bu qarşıdurmanın yalnız Hörmüzlə məhdudlaşmadığını da nəzərə almaq lazımdır. Çünki Ağ Ev və rəsmi Tehran arasında Yəmən, Livan, İraq, İranın nüvə proqramı, sanksiyalar, regional silahlı qruplar və təhlükəsizlik arxitekturası ilə bağlı da çox ciddi ziddiyyətlər mövcuddur. Ona görə də boğazın açılması baş versə belə, bunu avtomatik olaraq, genişmiqyaslı sülh sazişinin başlanğıcı kimi qiymətləndirmək düzgün olmazdı. Əksinə, Ağ Ev bununla İranın iqtisadi təzyiqlər altında geri çəkildiyini göstərməyə çalışacaq. rəsmi Tehran isə bunu qarşılıqlı güzəştlər nəticəsində əldə edilmiş razılaşma kimi təqdim etməyə cəhd göstərəcək.

Ən təhlükəli ssenari isə qarşıduran tərəflərin bu siyasi hesablamalarda yanlış addımlar atmasıdır. Çünki Hörmüzdə hər hansı yeni gəmi insidenti, raket hücumu, yaxud ABŞ və İran arasında birbaşa toqquşma siyasi-diplomatik kanalları tamamilə sıradan çıxara bilər. Hazırda ABŞ rəsmiləri blokadanı uzun müddət davam etdirmək imkanlarının olduğunu bildirirlər. Və bu baxımdan, Hörmüz boğazı ətrafında yaranmış böhran ABŞ-İran qarşıdurmasının artıq yeni mərhələyə keçdiyini göstərir.

ABŞ-ın bir tərəfdən sanksiyaları sərtləşdirib, digər tərəfdən siyasi-diplomatik kanalları açıq saxlaması onu göstərir ki, Ağ Evdə də qarşıdurmanı həddindən artıq uzanmasının çox riskli olduğunu anlayırlar. Halbuki, prezident Donald Trampın Hörmüz boğazını ABŞ-ın ərazisi elan etmək niyyətini açıqlaması vəziyyəti daha da dramatikləşdirir. Ona görə də, indi əsas məsələ yalnız Hörmüz boğazında sərbəst hərəkətin bərpa olunması deyil, həm də onun məhz hansı şərtlər daxilində açılacağı ilə bağlıdır.musavat.com
Geri dön