Ana Sayfa > Özəl > Moskva ilə Kiyev arasında “qış savaşı”: “Donduracağıq” mesajına “zavodlarınızın odunda isinəcəyik” cavabı
Moskva ilə Kiyev arasında “qış savaşı”: “Donduracağıq” mesajına “zavodlarınızın odunda isinəcəyik” cavabıDünən, 22:31. Yazar: vasif |
![]() Rusiya və Ukrayna arasında döyüşlər davam edərkən tərəflər bu dəfə qarşıdan gələn qış və enerji infrastrukturu üzərindən sərt mesajlarla bir-birini hədələyib. Avqustun 14-də Rusiya Müdafiə Nazirliyinin sosial media hesabında pilotsuz uçuş aparatlarının təsvir olunduğu paylaşım yayımlanıb. Paylaşımda Ukraynaya ünvanlanan “Qışda sizi dondurulma gözləyir” məzmunlu ifadə yer alıb. Mesaj Ukrayna ordusunun ehtiyacları üçün istifadə edildiyi bildirilən liman infrastrukturu və dənizdəki hədəflərə zərbələr barədə məlumatların ardınca yayımlanıb. Ukrayna tərəfinin cavabı isə çox gecikməyib. Bir neçə saat sonra Ukrayna ordusunun Strateji Kommunikasiyalar Mərkəzi Rusiyaya “Rusiya neft emalı zavodlarının odunda isinəcəyik” mesajını ünvanlayıb. Bununla Kiyev son aylarda Rusiya ərazisindəki neft emalı zavodları və yanacaq infrastrukturlarına həyata keçirilən hücumlara işarə edib. Enerji infrastrukturu müharibənin başlanmasından bəri tərəflərin əsas hədəflərindən birinə çevrilib. Rusiya xüsusilə qış ayları yaxınlaşdıqca Ukraynanın elektrik və istilik sistemlərinə zərbələri intensivləşdirib. Nəticədə Ukraynanın enerji istehsalı və ötürülməsi infrastrukturu ciddi ziyan görüb. Qarşıdakı qış ərəfəsində də enerji təhlükəsizliyi Kiyev üçün əsas problemlərdən biri olaraq qalır. Sumı, Çerniqov və Xarkov vilayətlərində yarımstansiyalar, elektrik xətləri və digər enerji obyektlərinin hücum riski altında olduğu bildirilir. Ukrayna isə cavab strategiyasında Rusiyanın enerji sektorunun başqa bir həssas nöqtəsini – neft emalı və yanacaq təminatı sistemini hədəfə alır. Son aylarda Rusiyanın müxtəlif bölgələrində yerləşən neft emalı zavodları və yanacaq bazalarına zərbələr endirilib. Bu hücumların bəzi regionlarda istehsal və təchizat problemlərini ağırlaşdırdığı bildirilir. Eyni zamanda Qara dənizdə qarşılıqlı hücumların məhdudlaşdırılması istiqamətində müəyyən diplomatik təşəbbüslərin olduğu barədə məlumatlar yayılıb. Ukraynanın üçüncü tərəf vasitəsilə mülki hədəflərə hücumların qarşılıqlı dayandırılması təklifini Rusiyaya çatdırdığı bildirilir. Qara dənizdə gərginliyin artması beynəlxalq yükdaşımalarına və qlobal ərzaq təchizatına da risk yaradır. Tərəflərin son mesajları göstərir ki, qarşıdan gələn qış Rusiya-Ukrayna müharibəsində yalnız cəbhə xəttində deyil, enerji infrastrukturu uğrunda mübarizədə də olduqca gərgin keçə bilər. Geri dön |