Ana Sayfa > Özəl / Qərbi Azərbaycan / Karusel / Yazar8 > "101 Ağbablı" silsiləsindən: İki mahalın Təhməzi –

"101 Ağbablı" silsiləsindən: İki mahalın Təhməzi –


Bu gün, 18:07. Yazar: Semsi
"101 Ağbablı" silsiləsindən:   İki mahalın Təhməzi –

Bir vaxtlar həkimlik yalnız bir peşə deyildi. Bu sənətə qədəm qoyan insan Hippokrat andına sədaqət göstərir, ağ xalatı özünə bir imtiyaz deyil, insan qarşısında məsuliyyət hesab edirdi. O illərdə həkimin qiyməti cibinə daxil olan pulla deyil, xilas etdiyi canların sayı, çəkdiyi zəhmət və insanların ona bəslədiyi inamla ölçülürdü. Həkim gecənin bir aləmində qapısı döyüləndə “səhər gəlin” demirdi. Qarşıda xəstə uşaq vardısa, hava qar-boran olsa da, yol uzaq olsa da, gedirdi. Çünki onun üçün həkimlik ilk növbədə insanlığa xidmət idi.

Ağbaba mahalının yaddaşında belə həkimlərdən biri də Təhməz Həmzəyev idi. Onun adı bu eldə yalnız bir tibb işçisinin adı kimi qalmayıb. Təhməz həkim bir neçə nəslin yaddaşında şəfqətli əlləri, insanlara təmənnasız qayğısı və ən çətin anlarda onların yanında olması ilə yaşayır. Ağbabanın ötən əsrin 60-cı illərindən sonrakı uşaqlarının çoxunun həyatında onun izi var. Kiminsə uşaqlığını qızdırmalı gecədə başının üstündə dayanaraq qoruyub, kiminsə övladını xəstəlikdən çıxarıb, kiminsə nəvəsini müalicə edib.

Təhməz Hümbət oğlu Həmzəyev 1941-ci il sentyabrın 9-da Amasiya rayonunun Mağaracıq kəndində dünyaya gəlmişdi. Hələ körpə ikən atasını itirmişdi. Lakin böyük qardaşı Ələsgər Həmzəyev kiçik qardaşına yetimlik acısını yaşatmamışdı. Onu öz himayəsinə götürmüş, qayğısına qalmış, təhsilinə və gələcəyinə sahib çıxmışdı. Ələsgər qardaşının yalnız böyüməsinə deyil, şəxsiyyət kimi formalaşmasına da dayaq olmuşdu.
Ələsgər Həmzəyev Amasiya Rayon Partiya Komitəsinin katibi, Rayon XDS İcraiyyə Komitəsinin sədri, Xalq Nəzarəti Komitəsinin sədri kimi məsul vəzifələrdə çalışdığı illərdə də qardaşına bir fikri təlqin edirdi: insanlara xidmət etmək insanın görə biləcəyi ən şərəfli işlərdən biridir. Təhməz həkimin sonrakı ömrü bu nəsihətin ən yaxşı cavabına çevrildi.

Onun böyük qardaşı Həmzə Həmzəyev də həkim idi. Beləcə, iki qardaş Ağbaba və Şörəyel mahallarında öz peşələri ilə ad-san qazanmışdılar. Onların adları kəndlərdə xəstəliklə mübarizə aparan, insanların dadına çatan, çətin günlərdə kömək edən həkimlərin adı kimi çəkilirdi. Amma Təhməz həkimin adı xüsusilə uşaqlarla bağlı bir şəfqət yaddaşına çevrilmişdi.

1962-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olan Təhməz Həmzəyev 1968-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdi. Təyinatla doğma Amasiya rayonuna qayıtdı və həkimlik fəaliyyətinə başladı. 1971-ci ildə Sovet Ordusunda hərbi həkim kimi xidmət etdi. 1973-cü ildə yenidən Amasiyaya qayıdaraq uzun illər Amasiya Rayon Xəstəxanasında pediatr işlədi.

Bu illər ərzində Ağbaba kəndlərində Təhməz həkimin adı getdikcə daha çox tanınırdı. Xəstə uşaq olan evdə valideynlərin ağlına gələn ilk adlardan biri Təhməz həkim idi. Kəndlər arasında yolların qışda keçilməz olduğu, nəqliyyatın indiki kimi əlçatan olmadığı illərdə həkim olmaq daha böyük məsuliyyət tələb edirdi. Qar yağırdı, gecə düşürdü, kəndlə kənd arasında yol uzanırdı. Amma xəstə uşağın nəfəsi ağırlaşmışdısa, Təhməz həkim yola çıxırdı. Bəzən həmin yolu piyada gedirdi.

O, bunu qəhrəmanlıq kimi göstərmirdi. Sadəcə həkim olduğu üçün etməli olduğunu edirdi. Elə buna görə də onun adı insanların yaddaşında daha möhkəm qaldı. Bir həkimin insanlara xidməti haqqında ən böyük mükafat diplom, fəxri fərman və ya vəzifə deyil, illər keçəndən sonra belə insanların “Təhməz həkim bizi xilas edib” deməsidir.

Təhməz həkimə üz tuturdular. Onun qapısını ərklə döyürdülər. Çünki ona inanırdılar. Bu inam bir gündə yaranmamışdı. İnsanlar onu ağılları kəsəndən görmüş, öz uşaqlıqlarından tanımışdılar. Bir vaxtlar özləri xəstələnəndə Təhməz həkimə getmiş, sonra öz uşaqlarını onun yanına aparmış, illər keçəndən sonra nəvələrini ona etibar etmişdilər.

Ağbaba kəndlərində belə bir inam vardı: xəstə uşağa Təhməz həkim baxdısa, demək, uşaq mütləq sağalacaq.
Bu, sadəcə bir həkimə olan etibar deyildi. Bu, illərlə sınanmış bir inam idi. Qarlı qış gecələrində kənddən-kəndə gedən, bəzən qarlı aşırımları piyada keçən, xəstə uşağın başının üstündə gecəni səhərə qədər keçirən bir həkim haqqında insanların yaddaşında belə bir inamın yaranması təbii idi. Təhməz həkim bu inamı heç vaxt pulla, vəzifə ilə, reklamla qazanmadı. O, bunu illərin zəhməti, peşəsinə sədaqəti və insanlara təmənnasız xidməti ilə qazandı.

Elə buna görə də 1988-ci ilin deportasiyası hər şeyi dəyişsə də, bir şeyi dəyişə bilmədi: Təhməz həkimə olan inamı.
Yurd-yuvalarından didərgin salınan Ağbaba və Şörəyel insanları Bakıda məskunlaşdıqdan sonra da xəstəlik qarşısında çaşanda bir-birinə eyni sözü deyirdilər: “Təhməz həkimə aparaq.”
Onun qapısını yenə ərklə döyürdülər. Artıq Amasiyanın kənd yolları yox idi, Bakı küçələri vardı. Amma qapının o biri tərəfində yenə həmin Təhməz həkim dayanırdı. Yenə uşağın nəbzini yoxlayır, yenə ananın nigaranlığını sakitləşdirir, yenə əlindən gələn köməyi əsirgəmirdi.
Bizim Təhməz adını elə-belə demirdilər ki...
O, təkcə Həmzəyevlər ailəsinin Təhməzi deyildi. O, iki böyük mahalın – Ağbabanın və Şörəyelin Təhməzi idi.
Bu adın arxasında bir ömürlük xidmət dayanırdı. Bir uşağın xəstəliyi qarşısında nigaran qalan ana, gecənin bir aləmində həkim axtaran ata, kənddən-kəndə yayılan “Təhməz həkimə aparın” sözü, illər sonra onun yanına öz övladını gətirən keçmiş pasiyent və nəhayət, nəvəsini onun əlinə etibar edən bütöv bir nəsil...

Bəlkə də bir həkim üçün bundan böyük etimad, bundan böyük ad yoxdur.
1988-ci ildə yurdunu itirən Təhməz həkim Bakıda da el-obasından ayrılmadı. Çünki onun üçün Ağbaba yalnız xəritədə bir məkan deyildi. Ağbaba onun yanına gələn hər xəstənin simasında yaşayırdı. Şörəyeldən gələn insanın danışığında, uşağın anasının nigaran baxışlarında, yaşlı bir ağbabalının “həkim, sən məni tanımadın?” sözündə yaşayırdı.

1988-ci ildən sonra Təhməz həkimin qarşısına çıxan xəstələrin bir çoxu onun üçün sadəcə pasiyent deyildi. Onlar doğma elin insanları idi. Həkimliklə vətən yaddaşı burada bir-birinə qarışırdı. O, Bakıda uşaqları müalicə etdikcə sanki Ağbabanın yaralarını da sağaldırdı.
Təhməz Həmzəyev 1988-ci ildə Amasiyadan Bakıya gəldikdən sonra burada fəaliyyətini 1 nömrəli Uşaq İnfeksion Xəstəxanasında həkim-infeksionist kimi davam etdirdi. Peşəsinə sadiq qaldı, uşaqların sağlamlığının keşiyində dayandı, gənc həkimlərin yetişməsinə öz töhfəsini verdi. Amma onun üçün Bakıdakı həkimlik fəaliyyətinin görünməyən bir tərəfi də vardı: doğma yurddan qoparılmış insanların mənəvi dayaqlarından birinə çevrilmək.

Təhməz həkim 1988-ci il deportasiyasının ağrısını, acısını ömrünün sonuna qədər içində, ürəyində yaşatdı. Əslində, erməni xəyanəti ilə hələ gənclik illərindən dəfələrlə qarşılaşmışdı. Amasiyanın kəndlərində, Ağbaba və Şörəyel mahalında baş verənləri, insanların illər boyu yaşadığı sıxıntıları, ayrı-seçkiliyi görmüşdü. Amma heç vaxt ağlına gətirməzdi ki, bir gün bu xəyanət belə dəhşətli həddə çatacaq, yüzillər boyu həmin torpaqlarda yaşayan bir el öz doğma yurdundan zorla qovulacaq. 1988-ci ildə yaşananlar Təhməz həkimin ürəyində sağalmayan bir yaraya çevrildi. O, Bakıda yeni həyat qursa da, doğma Mağaracığı, Amasiyanı, Ağbabanı, Şörəyeli və orada qoyub gəldiyi insanları heç vaxt unutmadı. Onun yurd həsrəti sadəcə bir xatirə deyildi – hər dəfə Ağbabadan, Şörəyeldən bir xəstə qapısını döyəndə o həsrət yenidən baş qaldırırdı.

Təhməz həkim zəngin və işıqlı bir ailə həyatı da yaşamışdı. Üç övladı, səkkiz nəvəsi vardı. Övladlarından Esmira Həmzəyeva atasının yolunu davam etdirərək pediatr oldu. Azər Həmzəyev Azərbaycan Tibb Universitetini bitirsə də, başqa peşə istiqamətini seçdi. Ruslan Həmzəyev isə Torpaq və Əmlak Komitəsində çalışdı. Nəvələrindən ikisi babalarının yolunu davam etdirərək uzman həkim kimi fəaliyyət göstərir. Digər nəvələri də təhsilə, elmə bağlanaraq doktorantura və bakalavr səviyyəsində ali təhsil aldılar. Bu ailədə həkimlik yalnız bir peşə kimi deyil, insanlara xidmətin davamı kimi yaşadı.

Təhməz həkim övladlarına və nəvələrinə yalnız bir peşə mirası qoymadı. O, daha qiymətli bir miras qoydu: insanlara yaxşılıq etməyin, öz işinə vicdanla yanaşmağın, çətin gündə başqasının yanında olmağın mənəvi sərvət olduğunu göstərdi. Onun ömrü ailəsinin yaddaşında olduğu qədər, onu tanıyan minlərlə insanın yaddaşında da davam etdi.

2009-cu il fevralın 9-da Bakı şəhərində Təhməz həkimin ürəyi dayandı. Amma deyirlər, insanın ürəyi harada dayanırsa-dayansın, ömrü boyu sevdiyi torpaq onun içində yaşayır. Təhməz həkim də bu dünyadan gedəndə ürəyində Ağbabanın dağlarını, Şörəyelin yollarını, uşaqlığını keçirdiyi kəndləri, doğma elin insanlarını aparmışdı. Yurd həsrəti ilə yaşadı, yurd həsrəti ilə gözlərini yumdu.
O gün bir ev yas saxlamırdı. Bir el ağlayırdı. Çünki Təhməz həkim bir evdən yox, bir eldən getmişdi.
Onun yasına gələnlərin üzündə qəribə bir ifadə vardı. Sanki hər kəsin gözlərində eyni sual oxunurdu: “Biz neyləyəcəyik?”
Bu sualın cavabı əslində çox ağır idi. Çünki onlar üçün Təhməz həkim sadəcə pediatr deyildi. O, dar gündə üz tutduqları adam, xəstə uşağın başında gördükləri ümid, gecənin bir aləmində qapısını döyməyə ərkləri çatan həkim, bir sözlə, xilaskar idi.
Bir vaxtlar xəstə uşağını onun yanına gətirən analar indi onun tabutunun qarşısında dayanmışdılar. Bir zamanlar özünü müalicə etdirmiş uşaqlar artıq böyümüşdülər. Bəziləri öz övladlarını, hətta nəvələrini də Təhməz həkimin yanına gətirmişdi. İndi isə onlar bir daha həmin şəfqətli əlləri görməyəcəkdilər.
Təhməz həkim ömrünü belə başa vurdu – arxasında üç övlad, səkkiz nəvə, həkimlik yolunu davam etdirən bir ailə və daha böyük bir miras qoyaraq: bir elin sevgisini.



O, Ağbabada, Şörəyeldə həkim olmuşdu, ad-san qazanmışdı, Bakıda isə yurdlarından didərgin düşmüş insanların ümid qapısına çevrilmişdi. Onun qazandığı ən böyük ad “həkim” sözü deyildi. Ən böyük adı insanların ona ürəklə söylədiyi “bizim Təhməz” ifadəsi idi.
Çünki bəzi insanlar dünyadan köçəndə yalnız ailələri yas saxlamır. Bəzilərinin ölümündə bir el yetim qalır. Təhməz həkim də belə getdi.
Amma Ağbaba və Şörəyelin yaddaşında onun qapısı hələ də açıqdır. O qapının önündə bir vaxtlar xəstə uşağını gətirən anaların səsi, kənd yollarından gələn ayaq səsləri və illərin o uzaq çağlarından bu günə qədər dəyişməyən bir inam yaşayır:
“Təhməz həkim baxdısa, uşaq sağalacaq...”
Bu inam onun ən böyük ömrü, ən böyük adı və ən böyük yadigarıdır.

Şəmsi Qoca
Geri dön