Ana Sayfa > Özəl > Naxçıvanın inkişafında insan amili və yeni sosial imkanlar
Naxçıvanın inkişafında insan amili və yeni sosial imkanlar13-08-2026, 14:02. Yazar: azer |
![]() Hər bir inkişaf proqramının əsas məqsədi insanın rifahını təmin etməkdir. Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələrin də əsas mahiyyətində məhz bu məqsəd dayanır: insanların daha rahat yaşaması, işləməsi və öz doğma yurdlarında gələcəklərini qurması. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı səsləndirdiyi fikirlərdən aydın görünür ki, muxtar respublikanın inkişafına kompleks yanaşılır. Sənaye, nəqliyyat, kənd təsərrüfatı, sosial infrastruktur və şəhərsalma bir-biri ilə əlaqəli şəkildə inkişaf etdirilir. Naxçıvan Sənaye Parkının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənaye parkının yeni iş yerlərinin yaradılmasına mühüm təkan verəcəyi, müasir sənaye komplekslərinin formalaşdırılacağı bildirilir. Kənd təsərrüfatının inkişafı da diqqət mərkəzindədir. Dövlət Proqramında Naxçıvanın xüsusi yerinin müəyyənləşdirilməsi, suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması kənd təsərrüfatının imkanlarını genişləndirəcək. Sosial xidmətlərin müasirləşdirilməsi də insanların gündəlik həyatına birbaşa təsir edən istiqamətlərdəndir. DOST Mərkəzinin açılması və ASAN xidmət sisteminin fəaliyyəti dövlət xidmətlərinin vətəndaşlara daha rahat və müasir formada çatdırılmasına xidmət edir. Nəqliyyat sahəsində görülən işlər də insanların rahatlığı baxımından mühüm nəticələr vəd edir. Naxçıvan şəhərində yeni elektrik avtobuslarının xəttə buraxılması ilə yanaşı, rayonlararası nəqliyyatın yaxşılaşdırılması üçün 217 müasir avtobusun alınması nəzərdə tutulur. Kənd yollarının vəziyyətinin yaxşılaşdırılması isə regionun sosial-iqtisadi həyatına birbaşa təsir göstərəcək. Müxtəlif kateqoriyalı 420 kilometr yolun çəkilməsi və əsaslı təmiri nəzərdə tutulur. Bu layihələrin 26 yaşayış məntəqəsində yaşayan təxminən 160 min insanın həyatına müsbət təsir göstərəcəyi qeyd edilir. Bütün bunlarla yanaşı, Naxçıvanın turizm potensialının inkişaf etdirilməsi üçün də yeni imkanlar yaradılır. Tarixi abidələr, zəngin təbiət və təmiz hava turizm üçün böyük potensial yaratsa da, mehmanxana infrastrukturunun inkişafına ehtiyac qalır. Bu məqsədlə şəhərin mərkəzində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması mühüm addımdır. Naxçıvanın inkişafında ən mühüm göstərici isə bütün bu layihələrin insanların həyatına necə təsir etməsidir. Daha çox iş yeri, daha keyfiyyətli yollar, müasir nəqliyyat, inkişaf edən kənd təsərrüfatı və sosial xidmətlər — bütün bunlar insan amilinə yönəlmiş dövlət siyasətinin real nəticələridir. Əminliklə demək olar ki, Naxçıvanın gələcək inkişafının əsas dayaqlarından biri məhz insan kapitalı və insanların rifahının yüksəldilməsi olacaq. Nəcəf Manafov, Siyəzən rayonu üzrə təhsil sektorunun məsləhətçisi Geri dön |