Ana Sayfa > Manşet / Siyasət > Naxçıvan Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevriləcək
Naxçıvan Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevriləcəkBu gün, 15:36. Yazar: azer |
![]() Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri respublikamızın siyasi-ictimai həyatının əlamətdar hadisələrindən biri kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən tədbirlər, təməlqoyma və açılış mərasimləri muxtar respublikanın inkişafına göstərilən diqqətin təcəssümünə çevrildi. Prezidentin AzTV-yə müsahibəsində səsləndirdiyi fikirlər isə Naxçıvanın Azərbaycanın strateji inkişaf hədəflərindəki yerinə və roluna işıq saldı. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev səsləndirib. O bildirib ki, Naxçıvanın dövlətçilik tariximizdə xüsusi yeri var. Buradakı abidələr tariximizin, milli kimliyimizin və zəngin keçmişimizin nişanələridir. Naxçıvan həm də görkəmli şəxsiyyətlərimizin doğulub boya-başa çatdığı yurd yeridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevi bəxş edib. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycanın dövlətçilik tarixinin şərəfli səhifələrindəndir. Onun qətiyyətli fəaliyyəti nəticəsində Ermənistanın Naxçıvanı işğal etmək planlarının qarşısı alınıb, sosial-iqtisadi dirçəlişi təmin edilib. Bu gün isə Naxçıvanın inkişafı, ölkənin iqtisadi proseslərinə inteqrasiyası və təhlükəsizliyi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Naxçıvana 17 dəfə səfər etməsi də bu xüsusi diqqətin təzahürüdür. Hazırda Naxçıvanda qazlaşdırmanın səviyyəsi 100 faizdir, enerji təhlükəsizliyi tam təmin olunub. 2023–2027-ci illər üçün Dövlət Proqramının icrası çərçivəsində əldə olunan nəticələr inkişafın davamlı olduğunu göstərir. “Avqustun 11-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvanda Sənaye Parkının, “Naxçıvan” Mehmanxana Kompleksinin və 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlqoyma mərasimlərində, DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin və memar Əcəmi Naxçıvaninin abidəsinin açılışlarında iştirak etmələri, Möminə xatun türbəsində bərpa işləri, “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı”, Günəş Elektrik stansiyaları və dəmir yolu infrastrukturu ilə tanış olmaları muxtar respublikanın inkişafına kompleks yanaşmanı göstərdi. Naxçıvanda iqtisadi, sosial, turizm və tarixi irsin qorunması məsələləri diqqət mərkəzindədir. Əlahiddə Ümumqoşun Orduda komando hərbi hissələrinin yaradılması isə təhlükəsizliyin prioritet olduğunu göstərir. Avqustun 12-də Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama əsasən layihələrin maliyyələşdirilməsi məqsədilə 258 milyon manat ayrılması qarşıda duran vəzifələrin daha sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə imkan verəcək”, - deyə deputat vurğulayıb. Hazırda Azərbaycanın əsas milli prioritetlərindən birinin Zəngəzur (TRIPP) dəhlizi fəaliyyətə başlaması olduğunu xatırladan X.Fətiyevin sözlərinə görə, bu məsələdə dövlətimizin ümdə milli marağı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasıdır. Prezident İlham Əliyev də müsahibədə bu barədə ətraflı şəkildə fikirlər səsləndirdi, Zəngəzur dəhlizinin inkişafını çoxdankı arzu, hədəf adlandırdı. Azərbaycan dövləti bu milli hədəfə doğru qətiyyətlə irəliləyir. Artıq respublikamızın ərazisində Zəngəzur dəhlizinin infrastrukturu ilə bağlı işlər başa çatmaq mərhələsindədir. Bu nəqliyyat dəhlizi Azərbaycanın tranzit imkanlarını möhkəmləndirəcək, muxtar respublikanın inkişafını sürətləndirəcək. Naxçıvan ərazisində yeni nəqliyyat arteriyası formalaşacaq və Prezident İlham Əliyevin təbirincə desək, Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevriləcək. “Naxçıvan Muxtar Respublikasının Azərbaycanın strateji hədəflərindəki digər mühüm yeri elektrik enerjisinin ixracı ilə bağlı olacaq. Naxçıvanda, xüsusən Günəş enerjisi potensialı böyükdür. Bu bölgənin “yaşıl enerji” zonası elan edilməsi də bundan irəli gəlir. Hazırda Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır və yeni inşa edilən elektrik stansiyaları bu gücü daha da artıracaq. Zəngəzur dəhlizinin yaradılması da Naxçıvan vasitəsilə Azərbaycanın elektrik enerjisinin ixracı imkanlarını artıracaq. Birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun qurulması barədə göstəriş də bu strateji məqsədə xidmət edir. Ümumilikdə isə dövlətimizin başçısının Naxçıvana səfəri muxtar respublikanın ardıcıl və hərtərəfli inkişaf yolunda olduğunu nümayiş etdirdi. Müsahibədə toxunulan məsələlər Naxçıvanın iqtisadi və tranzit imkanlarının, habelə Azərbaycanın gələcək inkişafında oynayacağı mühüm rolun təqdimatı idi. Naxçıvan tezliklə Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevrilə bilər. Prezident İlham Əliyevin müsahibəsini torpaqlarımızın işğaldan azad edilməsindən sonra yaranan yeni reallıqlar müstəvisində Naxçıvanın yüksəlişinin yeni yol xəritəsi də adlandırmaq olar”, - deyə o fikrini yekunlaşdırıb. Geri dön |