Ana Sayfa > Özəl > İran limanları ətrafında təzyiq artır: Dəniz blokadası Tehranı geri addım atmağa məcbur edə bilərmi?
İran limanları ətrafında təzyiq artır: Dəniz blokadası Tehranı geri addım atmağa məcbur edə bilərmi?Bu gün, 21:16. Yazar: vasif |
![]() ABŞ-ın İran limanları istiqamətində həyata keçirdiyi dəniz məhdudiyyətlərinin miqyasının genişləndiyi bildirilir. ABŞ Mərkəzi Komandanlığının açıqladığı məlumatlara əsasən, avqustun 12-dək İran limanlarına gedən və ya həmin limanlardan çıxan 59 kommersiya gəmisinin hərəkət marşrutu dəyişdirilib. Məlumata görə, əməliyyatlar çərçivəsində üç gəmi sıradan çıxarılıb, daha iki gəmidə isə hərbi müdaxilə həyata keçirilib. Avqustun 9-da marşrutu dəyişdirilən gəmilərin sayının 55 olduğu bildirilirdi. Son rəqəmlər dənizdə İran üzərində təzyiqin mərhələli şəkildə artırıldığını göstərir. Mövcud vəziyyətdə əsas suallardan biri bu təzyiqin İran iqtisadiyyatına hansı səviyyədə təsir göstərəcəyi və Tehranı mövqeyini dəyişməyə məcbur edib-etməyəcəyidir. Politoloq Xəyal Bəşirovun fikrincə, belə bir blokadanın əsas hədəflərindən biri İranın iqtisadi imkanlarını, xüsusilə enerji ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaqdır. İran büdcəsində neft gəlirlərinin mühüm yer tutması ixrac imkanlarının azalmasını Tehran üçün ciddi iqtisadi problemə çevirə bilər. Ekspert hesab edir ki, məhdudiyyətlərin uzun müddət davam etməsi neft ixracının azalmasına, valyuta daxilolmalarının zəifləməsinə və idxal imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər. Bunun nəticəsində ölkə daxilində inflyasiya və digər sosial-iqtisadi problemlərin daha da dərinləşməsi mümkündür. Bununla belə, İranın tam iqtisadi təcridə salınması asan görünmür. Ölkənin geniş quru sərhədlərinə malik olması, alternativ ticarət yollarından istifadə imkanları və müxtəlif qeyri-rəsmi maliyyə kanalları Tehrana blokadanın təsirlərini müəyyən qədər azaltmaq imkanı verə bilər. İranın neft daşımalarında “kölgə donanması” kimi tanınan alternativ mexanizmlərdən istifadəsini artırması da mümkün variantlardan biri hesab edilir. Digər mühüm amil Çindir. İran neftinin əsas alıcılarından olan Çin və digər tərəfdaşlar enerji ticarətini alternativ marşrutlarla davam etdirərsə, ABŞ-ın dənizdə tətbiq etdiyi təzyiqin iqtisadi nəticələri müəyyən qədər zəifləyə bilər. Beləliklə, dəniz blokadasının sərtləşdirilməsi İran iqtisadiyyatına ciddi təzyiq göstərmək potensialına malik olsa da, bunun Tehranın avtomatik şəkildə geri çəkilməsi ilə nəticələnəcəyini söyləmək çətindir. Prosesin nəticəsi blokadanın nə qədər davam edəcəyindən, İranın alternativ ticarət kanalları yaratmaq imkanlarından və Tehranla iqtisadi əlaqələri qoruyan ölkələrin mövqeyindən asılı olacaq. Geri dön |