Ana Sayfa > Siyasət > Naxçıvanın yüksəlişi strateji hədəflər və milli inkişafın yeni mərhələsi olacaqdır

Naxçıvanın yüksəlişi strateji hədəflər və milli inkişafın yeni mərhələsi olacaqdır


Bu gün, 09:02. Yazar: azer
Naxçıvanın yüksəlişi strateji hədəflər və milli inkişafın yeni mərhələsi olacaqdır

Cənab Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına etdiyi 17-ci səfər və bu səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə bölgənin gələcək inkişafı üçün yeni və həlledici bir mərhələnin başlanğıcıdır. Bu səfər sadəcə infrastruktur layihələrinin açılışı deyil, eyni zamanda Naxçıvanın Azərbaycanın dövlətçilik tarixindəki, milli-mədəni kimliyimizdəki müstəsna yerinin və strateji əhəmiyyətinin dövlət səviyyəsində bir daha təsdiqidir. Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər bölgənin müdafiə qabiliyyətindən tutmuş enerji təhlükəsizliyinə qədər bütün istiqamətlərdə inamlı və ardıcıl siyasətin aparıldığını, Naxçıvanın Azərbaycanın ayrılmaz və strateji cəhətdən güclü hissəsi olaraq qaldığını nümayiş etdirir.

Cənab Prezidentin enerji siyasəti Naxçıvanın dayanıqlı inkişafının və iqtisadi müstəqilliyinin təməl daşı kimi çıxış edir. Regional risklərin artdığı və enerji daşıyıcılarının nəqli ilə bağlı müxtəlif çətinliklərin yaşandığı bir dövrdə, Naxçıvanın enerji ilə tam və fasiləsiz təminatı dövlətin ən yüksək prioritetlərindən biridir. Prezident müsahibəsində bu məqama xüsusi toxunaraq bildirib: "Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək... bizim əsas məqsədlərimizdən biridir". 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının təməlinin qoyulması və günəş enerjisi sahəsində nəzərdə tutulan yüzlərlə meqavatlıq layihələr Naxçıvanı enerji böhranlarından tamamilə sığortalayır. Bu addımlar təkcə daxili tələbatı ödəməklə qalmır, həm də bölgəni gələcəkdə ixracatçı bir mərkəzə çevirərək, onun regional iqtisadi çəkisini ciddi şəkildə artırır.

Naxçıvanın Azərbaycanın zəngin mədəniyyət və tarix beşiyi olması, onun dahi şəxsiyyətlər bəxş edən mübariz bir diyar kimi önəmi də Prezidentin xüsusi diqqətindədir. Ulu Öndər Heydər Əliyevin vətəni olan bu torpaq, milli ruhumuzun və kimliyimizin qoruyucusu hesab olunur. Dövlət başçısı mədəni irsimizə münasibətini belə ifadə edib: "Bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır". Möminə xatun məqbərəsinin bərpası, dahi memar Əcəmi Naxçıvaninin xatirəsinin əziz tutulması və ümumiyyətlə, tarixi abidələrin qorunması milli irsimizə, tariximizə göstərilən dövlət qayğısının və sahiblik hissinin ən bariz nümunəsidir.

Müsahibənin ən mühüm və strateji mesajlarından biri, şübhəsiz ki, Zəngəzur dəhlizi ilə bağlıdır. Prezident bu məsələnin Azərbaycanın uzunmüddətli və dəyişməz hədəfi olduğunu bir daha vurğulayıb. Müharibədən keçən illər ərzində bu istiqamətdə konkret praktiki addımların atılmamasının yaratdığı narahatlığı dilə gətirən dövlət başçısı qətiyyətlə bildirib: "Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq". Bu mövqe Azərbaycanın tarixi ədaləti bərpa etmək və Naxçıvanın ölkənin əsas hissəsi ilə birləşdirilməsinə, nəqliyyat və kommunikasiya xətlərinin bərpasına nail olmaq əzminin ifadəsidir.

Bundan əlavə, cənab Prezidentin vurğuladığı hərbi potensialın gücləndirilməsi, Əlahiddə Ordunun modernləşdirilməsi və komando qüvvələrinin formalaşdırılması Naxçıvanın təhlükəsizliyinin sarsılmazlığını bir daha sübut edir. Sosial sahədə DOST və "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti, kənd təsərrüfatının inkişafına yönələn Dövlət Proqramları isə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə, regionun aqrar potensialının tam reallaşdırılmasına xidmət edir.

Yekun olaraq qeyd etmək lazımdır ki, Naxçıvanda icra olunan layihələr bölgənin sosial-iqtisadi inkişafı ilə yanaşı, həm də Azərbaycanın öz ərazilərinə və tarixi reallıqlara sahiblik iradəsini dünyaya nümayiş etdirir. Cənab Prezidentin müsahibəsi bir daha təsdiqləyir ki, Naxçıvanın inkişafı reallıqdır və bu inkişaf dayanıqlı şəkildə davam etdirilərək, bölgənin həm hərbi, həm iqtisadi, həm də mənəvi gücünü daha da artıracaqdır. Dövlət başçısının qətiyyətli siyasəti Naxçıvanın gələcəyinin etibarlı əllərdə olduğunu və qarşıya qoyulan bütün strateji hədəflərin, xüsusilə Zəngəzur dəhlizi kimi tarixi vəzifələrin mütləq reallaşacağını şübhə altına qoymur.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini

Geri dön