Ana Sayfa > Ölkə > Qəbiristanlıq dəllallarının biabırçı oyunlarına QANUN NƏ DEYİR?

Qəbiristanlıq dəllallarının biabırçı oyunlarına QANUN NƏ DEYİR?


Bu gün, 21:39. Yazar: vasif
Qəbiristanlıq dəllallarının biabırçı oyunlarına QANUN NƏ DEYİR?


Azərbaycanda sosial problemlərin, məmur laqeydliyinin və yerli özünüidarəetmə orqanlarının qanunsuzluqlarının həddi-hüdudu yoxdur. Lakin insanlıq dəyərlərinin tapdanıb ölü sahibinin acısından pul çıxarmaq cəhdi artıq bütün mənəvi sərhədlərin aşılması deməkdir. Hövsan qəsəbəsində baş verən son olay ölkədəki qəbiristanlıq mafiyasının nə dərəcədə azğınlaşdığını növbəti dəfə açıq-aşkar ortaya qoydu.

Hövsan qəsəbəsində yaşayan, heç bir maddi imkanı olmayan tənha ana – Leyla xanım faciələrlə dolu bir taleyin qurbanıdır. Təxminən 2 il öncə azyaşlı övladını itirən ailə, bu günlərdə ikinci ağır itkisini yaşayıb. Onun gənc qızı Nərgiz xanım xəstəxanada vəfat edib. Lakin gözüyaşlı ananın dərdi bununla bitməyib. Nərgiz xanımın nəşi Əhmədlidəki xəstəxananın morqunda ikən "Quşçuluq" məzarlığının rəhbərliyi və dəllalları imkansız anadan dəfn yeri üçün əvvəlcə 1200, daha sonra "güzəştə gedərək" 900 manat pul tələb etdilər.

Məsələ ictimailəşəndən sonra 300 manata xərclə meyit torpağa tapşırıldı.

Şəriət, İslam dəyərləri, insanlıq bir kənara, bəs qanun nə deyir?

Nazirlər Kabinetinin təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na əsasən, Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün qəbir yeri tamamilə ödənişsiz, yəni pulsuz ayrılmalıdır. Qəbir torpağının satılması rəsmi cinayətdir və bu sahədə heç bir dövlət rüsumu yoxdur!
Bəs onda Hövsandakı məzarlıq nəzarətçiləri bu 900 manatı kimin cibinə, hansı səlahiyyətlə yığırlar?
Qəbz yox, rəsmi sənəd yox... Bu pul birbaşa qanunsuz gəlir və dəfn mafiyasının qazancıdır. Bələdiyyə sədri məsuliyyətdən necə qaçır?

Məsələnin digər utancverici tərəfi isə yerli özünüidarəetmə orqanının – Hövsan bələdiyyəsinin nümayiş etdirdiyi mövqedir. Bələdiyyə sədri Seymur müəllim məsələyə müdaxilə etmək, tənha anaya dayaq olmaq əvəzinə, "o məzarlıq bizim balansa verilməyib, biz nəzarət etmirik" deyərək yaxasını kənara çəkir.
Əgər qanunla qəbiristanlıqların saxlanması və idarə olunması bələdiyyələrin birbaşa səlahiyyətindədirsə, bələdiyyə sədri öz ərazisindəki qanunsuzluqdan necə bixəbər ola bilər? Vergi toplayanda qəsəbə sakini xatırlanır, amma vətəndaşın meyiti morqda qalanda bələdiyyə kənara çəkilir? Bu, sadəcə vəzifə səriştəsizliyi deyil, həm də cinayətkar laqeydlikdir.

Musavat.com mövzu ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə və araşdırmanın nəticələrini oxuculara çatdırmağa hazırdır.


Geri dön