Ana Sayfa > Siyasət > Naxçıvan regional mərkəzə çevrilir

Naxçıvan regional mərkəzə çevrilir


Bu gün, 16:09. Yazar: azer
Naxçıvan regional mərkəzə çevrilir

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri və Azərbaycan Televiziyasına verdiyi müsahibə bu qədim diyarın inkişaf perspektivlərinə dair mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının Prezident kimi Naxçıvana 17-ci səfəri də təsadüfi rəqəm deyil. Bu səfərlərin hər biri konkret layihələr, mühüm qərarlar və yeni inkişaf istiqamətləri ilə müşayiət olunub. Budəfəki səfər də göstərdi ki, Naxçıvan Azərbaycanın ümumi inkişaf strategiyasında xüsusi yer tutan və qarşıdakı dövrdə regional əhəmiyyətini daha da artıracaq bir məkandır.

Naxçıvanda son illərdə təhlükəsizlik və sabitlik baxımından əldə edilmiş nəticələr onun sosial-iqtisadi inkişafı üçün daha geniş imkanlar yaradıb. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərdən aydın görünür ki, qarşıdakı mərhələdə məqsəd yalnız mövcud imkanlardan istifadə etmək deyil, Naxçıvanı Azərbaycanın yeni regional bağlantılar sisteminin fəal iştirakçısına çevirməkdir. Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı həyata keçirilən hazırlıq işləri xüsusi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi ilkin mərhələdə daha çox nəqliyyat layihəsi kimi təqdim olunsa da, Azərbaycanın strateji baxışında onun mahiyyəti bununla məhdudlaşmır. Dəhlizin dəmir və avtomobil yolları ilə yanaşı, elektrik xətləri, fiber-optik kabellər və gələcəkdə digər kommunikasiya infrastrukturu ilə tamamlanması nəzərdə tutulur. Bu isə sözügedən layihəni Cənubi Qafqazın iqtisadi və enerji xəritəsini dəyişdirə biləcək çoxşaxəli bağlantı sisteminə çevirir.

Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi ilə bağlı layihənin artıq hazır olması da dövlətimizin bu məsələyə uzunmüddətli hazırlıqla yanaşdığını göstərir. Cəbrayıl rayonunda inşa edilmiş böyük yarımstansiyanın məhz elektrik enerjisinin ötürülməsi məqsədilə yaradılması Azərbaycanın enerji dəhlizinin formalaşdırılması istiqamətində praktiki addımlar atdığını təsdiqləyir. Deməli, söhbət yalnız gələcək planlardan deyil, artıq müəyyən infrastrukturu hazır olan konkret strategiyadan gedir. Bu layihənin Ermənistan üçün də əhəmiyyəti böyükdür. Ermənistanın enerji sisteminin əsas dayaqlarından birinin köhnəlmiş atom elektrik stansiyası olması enerji təhlükəsizliyi baxımından əlavə mənbələrə ehtiyacı artırır. Azərbaycan Prezidenti müsahibəsində bu reallığa diqqət çəkərək Ermənistan ərazisində elektrik xətlərinin çəkilməsi üçün mütəxəssislər tərəfindən konkret yerlərin belə müəyyənləşdirildiyini bildirdi. Belə bir enerji bağlantısı yalnız Naxçıvanın təminatını gücləndirməyəcək, eyni zamanda Ermənistanın gələcək enerji təhlükəsizliyinə də töhfə verə bilər.

Azərbaycanın enerji sisteminin Rusiya, İran, Gürcüstan və Gürcüstan üzərindən Türkiyə ilə əlaqələndirilməsi ölkəmizin bu sahədə geniş imkanlara malik olduğunu göstərir. Naxçıvan üzərindən Türkiyəyə və daha sonra Avropaya uzana biləcək yeni enerji bağlantısı Azərbaycanın mövcud potensialını daha da artıracaq. Beləliklə, Azərbaycan təkcə elektrik enerjisi istehsal edən ölkə kimi deyil, həm də onu qəbul edən, ötürən və ixrac edən mühüm regional enerji mərkəzi kimi mövqeyini möhkəmləndirəcək.

Bu mənada Zəngəzur dəhlizi və TRIPP yalnız yolların birləşdirilməsi layihəsi kimi qiymətləndirilə bilməz. Burada müasir iqtisadiyyatın əsas dayaqları olan nəqliyyat, enerji və rəqəmsal kommunikasiya imkanlarının vahid sistemdə birləşdirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin vurğuladığı kimi, gələcəkdə ehtiyac yaranacağı təqdirdə bu marşrut üzrə digər enerji resurslarının ötürülməsi üçün də imkanlar yarana bilər. Azərbaycanın bu məsələyə kompleks yanaşması məhz onun strateji üstünlüyünü nümayiş etdirir.

Naxçıvanın inkişafında digər mühüm istiqamət isə onun Qarabağ və Şərqi Zəngəzurla vahid konsepsiya əsasında inkişaf etdirilməsidir. İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin Baş planlarının hazırlanması və yeni idarəetmə mexanizmlərinin tətbiqi artıq öz müsbət nəticələrini verir. Bu ərazilərdə 90 mindən çox insanın yaşaması həmin modelin real nəticələrini əyani şəkildə göstərir. İndi oxşar yanaşmanın Naxçıvanda tətbiqi muxtar respublikanın inkişafına yeni dinamika gətirəcək. Prezident İlham Əliyevin göstərişi ilə Naxçıvan şəhərinin Baş planının hazırlanması da məhz bu strateji yanaşmanın tərkib hissəsidir. Müasir şəhər infrastrukturu, rahat yaşayış mühiti, yeni iqtisadi imkanlar və dayanıqlı inkişaf prinsipləri əsasında Naxçıvanın gələcək simasının formalaşdırılması qarşıya qoyulan əsas vəzifələrdəndir. Prezidentin xüsusi nümayəndəliyi institutunun burada tətbiqi də idarəetmənin çevikliyinin və səmərəliliyinin artırılmasına xidmət edir.

Beləliklə, Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri bir daha göstərdi ki, bu qədim diyar Azərbaycanın gələcəyinə hesablanmış böyük regional layihələrin mühüm həlqələrindən birinə çevrilir.

Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri.

Geri dön