Ana Sayfa > Özəl > Moskva İrəvanı seçim qarşısında qoyur – Paşinyanın manevr imkanları daralır
Moskva İrəvanı seçim qarşısında qoyur – Paşinyanın manevr imkanları daralırBu gün, 20:24. Yazar: vasif |
![]() Ermənistan mediasında yayılan məlumatlara görə, Moskva Nikol Paşinyan hökumətindən ölkənin gələcək xarici siyasət istiqaməti ilə bağlı daha konkret mövqe gözləyir. İddia olunur ki, İrəvan Avropa İttifaqına yaxınlaşmaqla Avrasiya İqtisadi İttifaqında qalmaq arasında seçim etməsə, Rusiya iqtisadi təzyiqləri daha da sərtləşdirə bilər. “Hraparak” qəzetinin hökumətdəki mənbələrə istinadən yaydığı məlumata görə, İrəvana təxminən bir aylıq müddət verildiyi iddia edilir. Bundan sonra Moskvanın məhdudiyyətlərin daha sərt mərhələsinə keçə biləcəyi bildirilir. Mümkün təzyiq vasitələri sırasında Rusiyada işləyən Ermənistan vətəndaşları üçün miqrasiya qaydalarının sərtləşdirilməsi xüsusi yer tutur. Rusiyada çalışan ermənilərin böyük hissəsinin ölkəyə geri qayıtması Ermənistan üçün həm əmək bazarında, həm də ailələrə göndərilən pul köçürmələri baxımından əlavə problemlər yarada bilər. Müzakirə edilən digər ssenari Rusiya-Ermənistan hava əlaqələrinin məhdudlaşdırılmasıdır. Belə addım sərnişin daşımalarına, turizmə və logistika imkanlarına təsir göstərə bilər. Enerji sektorunda, xüsusilə Ermənistana qaz tədarükü məsələsində mümkün təzyiqlər də risklər sırasında göstərilir. Politoloq Yusif Bağırzadə hesab edir ki, Moskvanın sərt iqtisadi təzyiqləri Paşinyanı müəyyən taktiki geri addımlara məcbur edə bilər, lakin bunun Ermənistanın strateji kursunu dəyişdirəcəyinə zəmanət yoxdur. Onun fikrincə, Paşinyanın mümkün davranış modeli Aİİ-dən dərhal çıxmaq deyil, vaxt qazanmaq olacaq. Ermənistan hökuməti bir tərəfdən Moskva ilə danışıqları davam etdirməyə, digər tərəfdən isə Avropa İttifaqı ilə siyasi və iqtisadi yaxınlaşmanı dərinləşdirməyə çalışa bilər. Ancaq Rusiyanın təzyiqləri həddindən artıq sərtləşərsə, Moskva gözlədiyinin tam əksi ilə üzləşə bilər. İqtisadi və siyasi basqılar Ermənistan cəmiyyətində Rusiyaya münasibəti daha da mənfiyə doğru dəyişə və ölkənin Qərbə istiqamətlənməsini sürətləndirə bilər. Bağırzadənin fikrincə, belə şəraitdə Bakı və Ankaranın rolu da əhəmiyyətlidir. Söhbət Ermənistanın daxili və xarici siyasət seçiminə müdaxilədən deyil, regionda alternativ iqtisadi və kommunikasiya imkanlarının yaradılmasından gedə bilər. Azərbaycan, Türkiyə və Ermənistan arasında kommunikasiyaların açılması İrəvan üçün yeni tranzit və ticarət imkanları yarada bilər. Ermənistanın Türkiyə və Azərbaycan üzərindən regional və beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsi onun Rusiyadan iqtisadi və logistika asılılığını azaltmasına kömək edə biləcək amillərdən biri kimi qiymətləndirilir. Xüsusilə Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantını nəzərdə tutan kommunikasiya layihələrinin reallaşdırılması bütövlükdə Cənubi Qafqazda yeni iqtisadi mənzərə yarada bilər. Ermənistan da regional nəqliyyat sistemlərinə qoşulmaqla tranzit imkanlarından faydalana bilər. Qərbin əsas imkanları isə maliyyə, investisiya və alternativ bazarlara çıxışla bağlıdır. Avropa İttifaqının Ermənistan iqtisadiyyatının şaxələndirilməsinə, ixrac imkanlarının genişləndirilməsinə və infrastruktur layihələrinə dəstəyi İrəvanın Rusiya bazarından asılılığının tədricən azalmasına şərait yarada bilər. Beləliklə, Moskvanın mümkün təzyiq paketinin nəticəsi yalnız Rusiyanın atacağı addımların sərtliyindən asılı olmayacaq. Əsas məsələ Ermənistanın alternativ iqtisadi dayaqlar tapa bilməsidir. Bakı və Ankara ilə kommunikasiyaların açılması, Qərbin maliyyə və ticarət imkanlarının genişlənməsi reallaşarsa, Moskvanın İrəvana qarşı ənənəvi iqtisadi təsir rıçaqlarının gücü tədricən zəifləyə bilər. Geri dön |