Ana Sayfa > Özəl > Rusiya-Ukrayna savaşında sülh ümidləri tükənir – Qarşıda daha ağır mərhələ?
Rusiya-Ukrayna savaşında sülh ümidləri tükənir – Qarşıda daha ağır mərhələ?Bu gün, 19:47. Yazar: vasif |
![]() Rusiya-Ukrayna müharibəsində qarşılıqlı raket və dron zərbələrinin intensivləşməsi savaşın yaxın perspektivdə başa çatacağına dair ümidləri zəiflədir. Döyüşlərin cəbhə xəttindən kənara çıxaraq ölkələrin dərinliklərinə qədər yayılması isə müharibənin daha təhlükəli mərhələyə keçdiyini göstərir. ABŞ və digər dövlətlərin vasitəçilik təşəbbüslərinə baxmayaraq, tərəflərin əsas tələbləri arasında ciddi fərqlər qalır. Xüsusilə ərazi məsələsi və gələcək təhlükəsizlik mexanizmləri mümkün razılaşmanın qarşısındakı əsas maneələr sırasında göstərilir. Beynəlxalq məsələlər üzrə ekspert, hüquqşünas Sahib Məmmədov bildirib ki, ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Ankoricdə keçirilmiş görüş zamanı münaqişənin uzunmüddətli dondurulmasına yönələn müəyyən təkliflər müzakirə olunmuşdu. Ekspertin sözlərinə görə, həmin təkliflər müharibənin tam başa çatmasını deyil, uzun müddətə dondurulmasını nəzərdə tuturdu. Lakin Ukraynanın ərazi güzəştlərinə getməsini və Kiyevin qəbul etmədiyi digər şərtləri ehtiva edən müddəalar səbəbindən proses nəticə verməyib. Sahib Məmmədov hesab edir ki, bundan sonrakı mərhələdə müharibənin xarakteri daha da dəyişib. Döyüşlər artıq yalnız təmas xətti ilə məhdudlaşmır, raket və pilotsuz uçuş aparatları vasitəsilə hər iki tərəfin daha dərin ərazilərindəki hədəflərə zərbələr endirilir. Belə şəraitdə yaxın zamanda davamlı atəşkəs əldə olunması daha mürəkkəb görünür. Ekspert Azərbaycan-Ermənistan münaqişəsinin təcrübəsini də xatırladaraq uzunmüddətli atəşkəsin avtomatik şəkildə yekun sülh yaratmadığını qeyd edib. Onun fikrincə, tərəflərin əsas ziddiyyətləri aradan qaldırılmadığı halda döyüşlərin sadəcə dayandırılması münaqişəni həll etmək əvəzinə onu dondura bilər. Məmmədovun sözlərinə görə, hazırkı vəziyyətin ən çətin tərəfi Moskva və Kiyevin ərazi məsələsində bir-birinə tamamilə zidd mövqelərdə dayanmasıdır. Rusiya nəzarətində saxladığı ərazilərdən geri çəkilmək niyyətində olmadığını göstərir, Ukrayna isə ərazi itkilərinin rəsmiləşdirilməsini qəbul etmir. Bu səbəbdən mümkün atəşkəs belə müharibənin əsas səbəblərini aradan qaldırmaya bilər. Tərəflər arasında siyasi razılaşma əldə edilməzsə, hərbi əməliyyatların müəyyən müddətdən sonra yenidən başlaması riski qalacaq. Prezident İlham Əliyevin daha əvvəl müharibələrin dondurulması ilə bağlı səsləndirdiyi fikirlərə də toxunan ekspert qeyd edib ki, atəşkəs bəzi hallarda tərəflərə yenidən qruplaşmaq və hərbi imkanlarını bərpa etmək üçün vaxt qazandıra bilər. Buna görə də dayanıqlı həll yalnız atəşin dayandırılması deyil, münaqişənin əsas siyasi problemlərinin razılaşdırılmasını tələb edir. Mövcud vəziyyət göstərir ki, Rusiya və Ukraynanın fundamental məsələlər üzrə mövqeləri yaxınlaşmayınca, müharibənin diplomatik yolla sürətli şəkildə yekunlaşması çətin olacaq. Əksinə, qarşılıqlı uzaqmənzilli zərbələrin artması savaşın qarşıdakı aylarda daha ağır və dağıdıcı mərhələyə keçməsi riskini gündəmdə saxlayır. Geri dön |