Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "Naxçıvanın böyük yüksəliş salnaməsi "

Səttar Möhbalıyev: "Naxçıvanın böyük yüksəliş salnaməsi "


Bu gün, 10:21. Yazar: azer
Səttar Möhbalıyev: "Naxçıvanın böyük yüksəliş salnaməsi "

Naxçıvan haqqında danışarkən artıq yalnız qədim tarixə, zəngin mədəni irsə və strateji coğrafiyaya malik bir diyardan söhbət getmir. Bu gün Naxçıvan Azərbaycanın yeni inkişaf xəritəsində özünəməxsus və getdikcə daha mühüm yer tutan, təhlükəsizlikdən enerjiyə, nəqliyyatdan sənayeyə, kənd təsərrüfatından turizmə qədər bütün istiqamətlər üzrə böyük gələcəyə hazırlanan bir məkandır. Cənab Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə də məhz bu yeni reallığın siyasi və strateji konturlarını aydın şəkildə ortaya qoydu. .”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezidentin müsahibəsində diqqəti cəlb edən əsas məqamlardan biri Naxçıvanın inkişafının ayrı-ayrı layihələrin məcmusu kimi deyil, vahid və uzunmüddətli strategiyanın tərkib hissəsi kimi təqdim edilməsidir. Dövlət başçısının sözlərindən aydın görünür ki, Naxçıvan üçün qarşıya qoyulan məqsəd yalnız mövcud problemlərin həlli deyil. Hədəf bu qədim diyarı təhlükəsiz, dayanıqlı, müasir, iqtisadi cəhətdən fəal və regional proseslərdə daha böyük çəkisi olan bir məkana çevirməkdir. Əslində, son illərdə Naxçıvanda görülən işlərin məntiqi də bunu göstərir. Əvvəlcə təhlükəsizlik məsələsi ön plana çəkildi. Naxçıvanın geosiyasi və coğrafi xüsusiyyətləri nəzərə alınaraq onun müdafiə potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Cənab Prezident müsahibəsində də vurğuladı ki, Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək. Bu yanaşma təsadüfi deyil. Çünki hər hansı inkişafın ilk şərti təhlükəsizlikdir. Dövlət başçısının ifadəsi ilə desək, təhlükəsizlik məsələsi artıq həll olunmuş prioritetlər sırasındadır. İndi isə Naxçıvanın qarşısında yeni mərhələ dayanır. Bu mərhələnin əsas sözlərindən biri enerjidir. Cənab Prezidentin müsahibəsində Naxçıvanın enerji təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlər əslində bütöv bir strateji baxışın ifadəsidir. Naxçıvanın qazla 100 faiz təmin edilməsi, yeni 300 meqavatlıq istilik elektrik stansiyasının inşasına başlanılması, Günəş elektrik stansiyalarının yaradılması və bərpaolunan enerji potensialının geniş miqyasda reallaşdırılması artıq Naxçıvanın yalnız enerji istehlak edən ərazi kimi deyil, gələcəkdə enerji istehsal edən və ixrac edən mərkəz kimi nəzərdə tutulduğunu göstərir. Burada bir məqam xüsusilə diqqət çəkir. Naxçıvanın hazırkı generasiya gücü təqribən 200 meqavat olduğu halda, yalnız yeni istilik elektrik stansiyasının gücü 300 meqavat olacaq. Bundan əlavə, yüzlərlə meqavatlıq Günəş elektrik stansiyalarının yaradılması üçün artıq ərazilər müəyyənləşdirilib. ənab Prezidentin sözlərinə görə, təkcə Günəş enerjisinin istehsalı Naxçıvanda ən azı 500 meqavat, hətta 1000 meqavat səviyyəsinə çata bilər. Bu rəqəmlər sadəcə enerji statistikası deyil. Bunlar Naxçıvanın iqtisadi gələcəyinin miqyasını göstərən göstəricilərdir. Deməli, Naxçıvanın enerji təhlükəsizliyindən enerji potensialına, enerji potensialından isə enerji ixracına doğru yeni bir mərhələ başlayır. Bu, Azərbaycanın ümumi enerji strategiyasının da mühüm tərkib hissəsidir. Azərbaycan bu gün regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırsa, qarşıdakı mərhələdə bu rolun elektrik enerjisi və yaşıl enerji istiqamətində də genişlənməsi nəzərdə tutulur. Naxçıvan isə bu strategiyanın mühüm dayaqlarından birinə çevrilə bilər. Lakin Naxçıvanın gələcəyini yalnız enerji ilə izah etmək mümkün deyil. Çünki bu diyarın qarşısında açılan ən böyük imkanlardan biri nəqliyyat və logistika sahəsindədir.

Millət vəkili onu da bildirib ki, Zəngəzur dəhlizi artıq Azərbaycanın siyasi gündəliyində sadəcə bir nəqliyyat layihəsi deyil. Cənab Prezidentin müsahibəsi göstərir ki, bu layihəyə daha geniş prizmadan baxılır. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin bərpası bir tərəfdən ölkənin ərazi bütövlüyünün iqtisadi və nəqliyyat baxımından tamamlanmasına xidmət edirsə, digər tərəfdən Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının daha mühüm iştirakçısına çevirəcək. Burada diqqətçəkən məsələ Zəngəzur dəhlizinin yalnız dəmir yolu və avtomobil yolundan ibarət layihə kimi nəzərdə tutulmamasıdır. Cənab Prezidentin açıqlamalarına görə, bu dəhliz gələcəkdə fiber-optik kabellərin, elektrik xətlərinin, ehtiyac yaranarsa neft-qaz kəmərlərinin keçəcəyi çoxfunksiyalı bir kommunikasiya məkanına çevrilə bilər. Beləliklə, Naxçıvan Azərbaycanın əsas hissəsi ilə yalnız nəqliyyat baxımından deyil, enerji və kommunikasiya baxımından da daha sıx bağlanacaq. Ən mühüm məqam isə budur ki, bu proses Naxçıvanın regional əhəmiyyətini köklü şəkildə dəyişə bilər. Ölkə başçısının vurğuladığı kimi, dəmir yolu xəttinin ilkin mərhələdə 1,5 milyon ton, perspektivdə isə 15 milyon ton yükdaşıma qabiliyyətinə çatdırılması nəzərdə tutulur. Bu isə sadəcə rəqəm deyil. 15 milyon tonluq yük dövriyyəsi Naxçıvanda yeni iqtisadi fəallıq, yeni iş yerləri, xidmət sektorunun genişlənməsi və logistika imkanlarının artması deməkdir. Belə bir mənzərədə Naxçıvanın coğrafi mövqeyi onun zəifliyi deyil, əksinə, üstünlüyünə çevrilir. Bir vaxtlar coğrafi təcrid kimi qiymətləndirilən amil yeni nəqliyyat və enerji bağlantıları formalaşdıqca Naxçıvanın regional tranzit imkanlarının əsasına çevrilir. Azərbaycan öz ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərini inkişaf etdirdikcə Naxçıvan da həmin böyük sistemin mühüm halqalarından biri olur. Bu mənada cənab Prezidentin Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid konsepsiya əsasında inkişaf etdirilməsi ilə bağlı fikirləri xüsusi siyasi və iqtisadi məna daşıyır. Burada söhbət yalnız üç coğrafi ərazinin paralel inkişafından getmir. Söhbət Azərbaycanın yeni regional inkişaf modelinin formalaşdırılmasından gedir.

Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə mexanizmlərinin Naxçıvanda da tətbiq edilməsi bu baxımdan təsadüfi deyil. Dövlət başçısının qeyd etdiyi kimi, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu saxlanılmaqla idarəetmə qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulur. Məqsəd isə aydındır: daha çevik idarəetmə, daha sürətli qərarvermə və inkişaf proseslərinin daha səmərəli təşkili. Bütün bunların arxasında isə daha böyük bir ideya dayanır: Naxçıvanı Azərbaycanın ümumi inkişaf proseslərindən təcrid olunmuş coğrafiya deyil, həmin proseslərin fəal iştirakçısı və mühüm dayaqlarından biri kimi görmək. Sənaye Parkının yaradılması, yeni iş yerlərinin açılması, kənd təsərrüfatının inkişafı üçün suvarma layihələrinin həyata keçirilməsi, yolların yenilənməsi, rayonlararası nəqliyyatın müasirləşdirilməsi, sosial infrastrukturun gücləndirilməsi, turizm imkanlarının genişləndirilməsi və yeni beşulduzlu mehmanxananın inşası bu strategiyanın müxtəlif istiqamətləridir.

Naxçıvanın tarixi-mədəni irsinin qorunması isə bu inkişaf modelinin mənəvi dayağıdır. Çünki müasir şəhərlər, yeni yollar, sənaye müəssisələri və enerji obyektləri nə qədər vacibdirsə, xalqın tarixi yaddaşının qorunması da bir o qədər əhəmiyyətlidir. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi və digər tarixi abidələrin qorunması ilə bağlı görülən işlər göstərir ki, yeni Naxçıvan yalnız iqtisadi göstəricilərlə ölçülməyəcək. Onun inkişafının təməlində milli kimlik, tarix, mədəniyyət və mənəvi yaddaş dayanacaq. Hesab edirəm cənab Prezidentin müsahibəsinin ən mühüm siyasi mesajı elə budur: Naxçıvanın gələcəyi artıq yalnız Naxçıvanın məsələsi deyil. Bu gələcək Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlıdır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat strategiyası ilə bağlıdır. Azərbaycanın regional iqtisadi gücünün artması ilə bağlıdır. Türk dünyası ilə əlaqələrin daha da möhkəmlənməsi ilə bağlıdır. Eyni zamanda, ölkəmizin yeni geosiyasi reallıqlar şəraitində öz imkanlarını daha geniş coğrafiyaya çıxarması ilə bağlıdır.

Naxçıvan bu gün özünün yeni tarixini yaşayır. Onun təhlükəsizlik dayaqları möhkəmləndirilir, enerji imkanları genişləndirilir, nəqliyyat bağlantıları bərpa olunur, sənaye və kənd təsərrüfatı üçün yeni imkanlar yaradılır, turizm potensialı hərəkətə gətirilir, idarəetmə mexanizmləri təkmilləşdirilir. Bütün bu proseslərin fövqündə bir həqiqət dayanır: Azərbaycan Naxçıvanın gələcəyini artıq təkcə bu günün ehtiyacları ilə deyil, sabahın imkanları ilə qurur. Bu isə Naxçıvanın sadəcə inkişaf etməsi deyil, yeni yüksəliş mərhələsinə daxil olmasıdır-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Geri dön