Ana Sayfa > Özəl > Slavyanların savaşında özbəklər ölür – Nijnekamskda 8 miqrantın faciəli sonu
Slavyanların savaşında özbəklər ölür – Nijnekamskda 8 miqrantın faciəli sonuBu gün, 17:00. Yazar: vasif |
![]() Avqustun 10-da Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə dron hücumu nəticəsində 8 Özbəkistan vətəndaşı həlak olub. Ölənlərin Rusiyada çalışan əmək miqrantları olduğu bildirilir. Gazeta.uz-un məlumatına görə, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. İlkin məlumatlarda hücum nəticəsində həyatını itirən 13 nəfərdən 7-nin Özbəkistan vətəndaşı olduğu bildirilirdi. Sonradan məlumat dəqiqləşdirilib və həlak olan özbəkistanlıların sayının 8 nəfər olduğu açıqlanıb. Özbəkistan Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, həlak olan şəxslər Nijnekamskda tikinti şirkətlərindən birində çalışan əmək miqrantları – fəhlələr olublar. Hücum zamanı bir neçə Özbəkistan vətəndaşı da müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Hadisə Rusiya-Ukrayna müharibəsinin cəbhədən uzaqda çalışan xarici əmək miqrantları üçün yaratdığı təhlükələri yenidən gündəmə gətirib. Müharibənin tərəfi olmayan ölkələrin vətəndaşlarının hərbi qarşıdurmanın nəticəsində həyatını itirməsi Özbəkistanda da ciddi müzakirələr doğurub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə baş nazirin müavini Açilbəy Ramatovun rəhbərliyi altında hökumət komissiyası yaradılıb. Komissiyanın tərkibinə ölkənin bir sıra nazirlik və dövlət qurumlarının rəhbərləri daxil edilib. Komissiyaya həlak olanların nəşlərinin Özbəkistana gətirilməsi, yaralılara lazımi yardımın göstərilməsi və həyatını itirən şəxslərin ailələrinə hərtərəfli dəstəyin təmin edilməsi tapşırılıb. Bundan əlavə, Özbəkistanın Fövqəladə Hallar, Xarici İşlər və Səhiyyə nazirliklərinin, Miqrasiya Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət xüsusi işçi qrupu Rusiyaya göndərilib. Hadisədən sonra Özbəkistan mediasında Rusiya-Ukrayna müharibəsində həyatını itirən özbəkistanlılarla bağlı müzakirələr yenidən güclənib. Əsas mövzulardan biri xaricdə çalışan Özbəkistan vətəndaşlarının müharibənin yaratdığı təhlükələrdən necə qorunması məsələsidir. Müzakirələrdə vurğulanır ki, Daşkənd üçün əsas prioritet qarşıdurmanın hansı tərəfinin haqlı olması barədə mövqe tutmaqdan daha çox, öz vətəndaşlarının həyat və təhlükəsizliyinin müdafiəsi olmalıdır. Nijnekamskda 8 əmək miqrantının ölümü isə müharibənin yalnız döyüşən ordular üçün deyil, cəbhədən uzaqda gündəlik həyatını yaşayan və işləyən üçüncü ölkə vətəndaşları üçün də ağır nəticələr doğura bildiyini bir daha göstərib. Geri dön |