Ana Sayfa > Gündəm / Qərbi Azərbaycan / Yazar8 > Şah İsmayıl Xətai mühakimə olunur: ittihamlar, faktlar və tarixşünaslıq

Şah İsmayıl Xətai mühakimə olunur: ittihamlar, faktlar və tarixşünaslıq


Bu gün, 13:22. Yazar: Semsi
Şah İsmayıl Xətai mühakimə olunur: ittihamlar, faktlar və tarixşünaslıq

Son vaxtlar Şah İsmayıl Xətai haqqında tənqidi fikirlərin yenidən gündəmə gətirilməsi diqqət çəkir. Müxtəlif yazılarda və sosial şəbəkələrdə onun haqqında “dini fanatik”, “sünniləri zorla şiələşdirən hökmdar”, “sərkərdəlik qabiliyyəti olmayan şəxs”, “Sultan Səlimlə səbəbsiz müharibəyə girən hökmdar”, hətta “Azərbaycanı yox, İranı yaradan şəxs” kimi fikirlər səsləndirilir.
Bu fikirlərin hamısını eyni ölçüdə qiymətləndirmək olmaz. Onların arasında tarixi faktlara söykənən məqamlar da var, hadisələri həddindən artıq sadələşdirən və sonrakı dövrlərin siyasi anlayışlarını XVI əsrə köçürən yanaşmalar da. Ona görə Şah İsmayılı müdafiə etmək üçün onun haqqında deyilən hər sözü rədd etməyə ehtiyac yoxdur. Əksinə, onun səhvlərini də açıq yazmaq olar. Böyük tarixi şəxsiyyətin böyüklüyünü qorumağın ən sağlam yolu onu qüsursuz göstərmək deyil.
Amma bir məsələni də süni şəkildə mübahisələndirməyə ehtiyac yoxdur: Səfəvi dövlətinin yaranması Azərbaycan siyasi məkanı və türk Qızılbaş hərbi-siyasi qüvvəsi ilə birbaşa bağlıdır. Şah İsmayıl isə bu dövlətin banisi, türk hökmdarı və Azərbaycan türkcəsində yazmış böyük şairdir.
Bu həqiqəti qəbul etdikdən sonra onun fəaliyyətinin ayrı-ayrı tərəflərini tənqid etmək tamamilə mümkündür.
Şah İsmayılın hərbi fəaliyyətinə qarşı irəli sürülən fikirlər içərisində bu tezis xüsusilə diqqət çəkir. İran Azərbaycanından olan tədqiqatçı Abbas Cavadi 2014-cü ildə Çaldıran haqqında yazdığı məqalədə Qızılbaş ordusunun əsas hissəsini hərbi təlim görməmiş köçəri qəbilə adamları kimi təqdim edir. O, Çaldırandakı məğlubiyyətin səbəbləri sırasında Osmanlı ordusunun say və odlu silah üstünlüyü ilə yanaşı, Şah İsmayılın müasir silahların, hərbi planlaşdırmanın və taktikanın əhəmiyyətini kifayət qədər qiymətləndirməməsini də göstərir.
Çaldıran məsələsində bu yanaşmanın müəyyən əsasları var. Osmanlı ordusunun artilleriya və odlu silahlardan istifadəsi Səfəvi ordusu üçün ciddi üstünlük yaratmışdı. Şah İsmayılın bu üstünlüyə qarşı lazımi cavab verə bilməməsi onun hərbi fəaliyyətində ciddi səhv kimi qiymətləndirilə bilər.
Amma bundan Qızılbaşları hərbi təcrübəsiz dəstə kimi təqdim etmək nəticəsi çıxmır.
Qızılbaşlar Səfəvi dövlətinin yaranmasından əvvəl uzun müddət hərbi-siyasi mübarizənin içində olmuşdular. Şeyx Cüneyd və Şeyx Heydərin dövründə formalaşan bu hərbi qüvvə Şah İsmayılın hakimiyyətə gəlməsində həlledici rol oynadı. Şamlu, Ustaclı, Rumlu, Təkəli, Zülqədər, Əfşar və digər türkman tayfaları Səfəvi dövlətinin ilk dövrünün əsas hərbi dayaqlarını təşkil edirdilər. Onların başçıları yalnız döyüş meydanında deyil, dövlət idarəçiliyində də mühüm mövqelər tuturdular.
Azərbaycan Tarix və Etnologiya İnstitutunun materiallarında Şah İsmayılın hakimiyyətinin ilk illərində qazandığı qələbələr ayrıca göstərilir: Şirvanşah Fərrux Yasarın məğlub edilməsi, 1501-ci ildə Əlvənd Mirzənin üzərində qələbə, Təbrizin tutulması və daha sonra Mərvdə Şeybani xanın məğlub edilməsi.
Bu hadisələr hərbi təcrübəsiz bir dəstənin təsadüfi uğurları ilə izah edilə bilməz. Şah İsmayıl çox qısa müddətdə böyük siyasi nəticələr əldə etmişdi.
Çaldıran onun məğlubiyyətidir. Amma Çaldıran Şah İsmayılın bütün sərkərdəlik fəaliyyətinin adı deyil.
1514-cü il Çaldıran döyüşündə Səfəvilərin məğlub olduğu danılmazdır. Bu döyüş Şah İsmayılın həyatında ciddi dönüş yaratdı. Osmanlı ordusunun artilleriya və odlu silah üstünlüyü Səfəvi süvari qüvvələrinin ənənəvi döyüş üsulunun qarşısında böyük maneəyə çevrildi.
Şah İsmayılın Çaldıranda etdiyi hərbi səhvlər də araşdırılmalıdır. O, Osmanlı ordusunun hərbi texnologiyasını və müdafiə quruluşunu lazımi səviyyədə qiymətləndirməmişdi. Bu, onun fəaliyyətində ciddi strateji səhv kimi qeyd edilə bilər. Lakin tarixdə bir döyüşün nəticəsini hökmdarın bütün hərbi fəaliyyətinin yekununa çevirmək düzgün deyil.
Şah İsmayıl hakimiyyətə gələndə hələ çox gənc idi. Buna baxmayaraq, qısa müddət ərzində Azərbaycan siyasi məkanında hakimiyyət qurdu, sonra İran, İraq, Qafqaz və Xorasan istiqamətində böyük əraziləri öz hakimiyyəti altında birləşdirdi. Onun hərbi yürüşlərinin miqyası və sürəti XVI əsrin siyasi tarixində diqqətçəkən hadisələrdəndir.
Buna görə Çaldıranın obyektiv qiyməti belədir: Şah İsmayıl Çaldıranda məğlub olmuş və burada ciddi hərbi-strateji səhvlərə yol vermişdir. Amma bu məğlubiyyət onun sərkərdə kimi bütün fəaliyyətini inkar etmir. Tarixçi bir döyüşü deyil, bütöv fəaliyyəti qiymətləndirməlidir.
Şah İsmayıl haqqında səslənən başqa bir ittiham onun Sultan Səlimlə “mənasız” və ya “əsassız” müharibəyə getməsi ilə bağlıdır. Bu yanaşma da hadisəni həddindən artıq sadələşdirir.
XVI əsrin əvvəllərində Səfəvi dövləti sürətlə böyüyürdü. Qızılbaş hərəkatının Anadolu ərazisində güclü tərəfdarları vardı. Səfəvilərin Anadolu türkmənləri üzərində təsirinin artması Osmanlı hakimiyyəti üçün ciddi siyasi təhlükə idi. Eyni zamanda Osmanlı imperiyası da öz növbəsində Səfəvi dövlətinin genişlənməsini və onun Anadoluya təsirini təhlükə kimi qəbul edirdi. Belə bir şəraitdə Çaldıranı yalnız Şah İsmayılın şəxsi qərarının nəticəsi kimi göstərmək doğru deyil.
Əlbəttə, Şah İsmayılın bu qarşıdurmada siyasi məsuliyyəti vardı. O, fəal siyasət aparırdı və Osmanlı ilə münasibətlərdə müəyyən qərarlar qəbul edirdi. Lakin qarşıdurma iki dövlətin uzun müddətli siyasi və hərbi rəqabətindən doğmuşdu. Deməli, “Şah İsmayıl səbəbsiz yerə Sultan Səlimlə müharibəyə getdi” fikri tarixi prosesin yalnız bir hissəsini götürür.
Şah İsmayıl sünniləri zorla şiələşdirirdimi? Bu məsələdə emosional müdafiə mövqeyinə keçmək lazım deyil.
Səfəvi dövlətinin On iki imam şiəliyini dövlət dini elan etməsi tarixi faktdır. Hakimiyyətin ilk dövrlərində sünni əhalinin yaşadığı bəzi ərazilərdə məzhəb siyasətinin zorakı üsullarla həyata keçirildiyinə dair mənbələr mövcuddur. Bəzi yerlərdə sünni əhaliyə qarşı təzyiqlər göstərilib, dini simvollar və əvvəlki hakimiyyətlə bağlı institutlar aradan qaldırılıb. Bunu inkar etmək üçün səbəb yoxdur.
Amma “Şah İsmayılın bütün fəaliyyəti sünniləri zorla şiələşdirməkdən ibarət idi” demək də tarixi şəxsiyyətin fəaliyyətini bir məsələyə endirməkdir.
Şah İsmayılın dini siyasəti onun dövlət quruculuğu layihəsinin mühüm hissəsi idi. Səfəvi dövləti özünü dini baxımdan Osmanlı dünyasından fərqləndirən siyasi sistem qururdu. Şiəliyin dövlət dini elan edilməsi həm dini, həm də siyasi nəticələr doğurdu.
Bu siyasətin sərt tərəflərini demək Şah İsmayılın dövlət quruculuğundakı rolunu inkar etmir. Eyni zamanda onun dövlət quruculuğundakı rolunu qəbul etmək də dini siyasətindəki zorakılığı gizlətməyə əsas vermir. Tarixi şəxsiyyət məhz bu ziddiyyətlərin hamısı ilə birlikdə qiymətləndirilməlidir.
Əsas məsələ: Səfəvi dövləti hansı dövlət idi? Şah İsmayıl haqqında mübahisənin ən həssas nöqtəsi, məncə, buradadır.
Bəzi yanaşmalarda Səfəvi dövləti birbaşa İran dövlətçiliyinin başlanğıcı kimi təqdim edilir. Burada bir həqiqət var: Səfəvilər İran coğrafiyasının böyük hissəsini vahid siyasi hakimiyyət altında birləşdirdilər və sonrakı İran tarixinin formalaşmasında çox mühüm rol oynadılar. Amma bu fakt Səfəvi dövlətinin Azərbaycan siyasi kökünü aradan qaldırmır. Səfəvi dövlətinin siyasi yüksəlişinin haradan başladığına baxmaq kifayətdir.
Səfəviyyə təriqətinin mərkəzi Ərdəbil idi. Şah İsmayılın siyasi hakimiyyətə gəlməsində əsas hərbi qüvvə Qızılbaş türkmanları idi. O, 1501-ci ildə Təbrizə daxil oldu, burada şah elan edildi və dövlətinin paytaxtını Təbriz etdi.
Azərbaycan Tarix və Etnologiya İnstitutunun hazırladığı xəritədə dövlət birbaşa “Azərbaycan Səfəvi dövləti (Şah İsmayıl dövrü, 1501–1524)” adlandırılır. Xəritənin müəllifləri Oqtay Əfəndiyev və Tofiq Nəcəflidir. Burada Şah İsmayılın Şirvanşah Fərrux Yasar və Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbələrindən sonra Təbrizdə hakimiyyət qurduğu və Səfəvi dövlətinin yarandığı göstərilir. Bu, çox mühüm faktdır.
Çünki Səfəvi dövlətinin yaranması belə bir ardıcıllıqla baş verib:
Ərdəbil – Səfəviyyə ocağı;
Qızılbaşlar – əsas hərbi-siyasi qüvvə;
Azərbaycan siyasi məkanı – ilk böyük hakimiyyət meydanı;
Təbriz – ilk paytaxt;
sonrakı fəthlər – böyük Səfəvi imperiyasının yaranması.
Bu ardıcıllıq dəyişdirilə bilməz.
Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. XVI əsrin tarixini bugünkü Azərbaycan Respublikasının sərhədləri ilə ölçmək ciddi səhv olardı. Azərbaycan anlayışı orta əsrlərdə müxtəlif dövrlərdə müxtəlif genişlikdə işlənib. Tarixi Azərbaycan coğrafiyası bugünkü Azərbaycan Respublikasının ərazisindən daha geniş olub.
Ərdəbil, Təbriz, Naxçıvan, Qarabağ, Şirvan və Azərbaycanın cənubundakı geniş ərazilər müxtəlif dövrlərdə bu siyasi-mədəni məkanın mühüm hissələri olub. Bəzi orta əsr coğrafiya mənbələrində Azərbaycan adının daha geniş əraziyə aid edildiyi, Təbəriyə aid edilən məlumatlarda isə Dərbənd və Həmədan istiqamətlərinin Azərbaycanın sərhədləri ilə əlaqələndirildiyi göstərilir. Burada müxtəlif dövrlərin inzibati sərhədlərini bir-birinə qarışdırmaq olmaz. Amma bir məsələ aydındır: tarixi Azərbaycan anlayışını bugünkü dövlət sərhədlərinə salmaq olmaz.
Bu səbəbdən Ərdəbili və Təbrizi Azərbaycan siyasi tarixindən çıxarıb yalnız müasir İran xəritəsinin içində təsəvvür etmək XVI əsrin reallığını daraltmaqdır. Şah İsmayılın siyasi yüksəlişinin baş verdiyi məkan məhz bu geniş tarixi Azərbaycan coğrafiyasının mühüm mərkəzlərindən idi.
Səfəvi dövləti Azərbaycan dövlətidir Bu ifadədən çəkinmək üçün xüsusi səbəb görmürəm. Əlbəttə, söhbət müasir milli dövlət modelindən getmir. XVI əsrin Səfəvi dövləti böyük imperiya idi və onun tərkibində müxtəlif xalqlar, dillər və siyasi qruplar yaşayırdı.
Amma “Səfəvi dövləti Azərbaycan dövlətidir” deyəndə onun mənşəyini, siyasi nüvəsini və dövlətçilik tarixindəki yerini nəzərdə tuturuq.
Səfəvi dövləti Azərbaycan siyasi məkanında meydana gəldi. Onun mənəvi-siyasi beşiyi Ərdəbil idi. İlk paytaxtı Təbriz idi. Onu hakimiyyətə gətirən əsas hərbi qüvvə Qızılbaş türkmanları idi. İlk böyük fəthləri Azərbaycan və ətraf siyasi məkanla bağlı idi. Daha sonra dövlət genişlənərək İran, İraq, Qafqaz və Xorasanın böyük hissəsini əhatə etdi.Dövlətin böyüməsi onun mənşəyini dəyişmir.
Necə ki, bir dövlətin sonradan başqa ərazilərə yayılması onun yarandığı siyasi mərkəzi tarixdən silmir, Səfəvilərin İran coğrafiyasının böyük hissəsinə hakim olması da dövlətin Azərbaycan siyasi nüvəsini aradan qaldırmır.
Burada ən çox edilən səhv sonrakı coğrafiya ilə ilkin siyasi mənşəyi qarışdırmaqdır.
Şah İsmayıl əvvəlcə “İran” adlandırılan bütün geniş ərazinin hökmdarı olub sonra Təbrizə gəlməmişdi. Əksinə, onun hakimiyyət yolu Ərdəbildən keçərək Qızılbaşlarla birlikdə Təbrizə gətirib çıxarmışdı. Sonra dövlət böyüdü.Bu xronologiya çox şey deyir.
Səfəvi dövlətində fars dili və farsdilli bürokratiyanın mühüm rol oynadığını inkar etmək olmaz. Dövlətin idarəçilik sistemi mürəkkəb idi və müxtəlif siyasi-mədəni təbəqələrdən ibarət idi. Lakin buradan onun “fars milli dövləti” olduğu nəticəsi çıxmır.
Dövlətin ilk və əsas hərbi dayağı Qızılbaş türkman tayfaları idi. Səfəvi hakimiyyətinin ilk dövründə bu tayfaların başçıları dövlətin ən yüksək siyasi və hərbi vəzifələrində idilər. Onların rolu dövlətin yaranmasından sonrakı mərhələlərdə də uzun müddət davam etdi. Başqa sözlə, Səfəvi dövlətinin idarəçilik sistemində farsdilli bürokratiyanın olması ilə onun fars milli dövləti olması eyni şey deyil.
Səfəvi dövlətinin çoxmillətli imperiyaya çevrilməsi də onun türk siyasi-hərbi nüvəsini inkar etmir.Burada müasir milli dövlət anlayışlarını XVI əsrə olduğu kimi köçürmək lazım deyil. Amma bu ehtiyatlılıq tarixi faktı da silməməlidir.
Səfəvi dövlətinin yaranmasında əsas siyasi və hərbi qüvvə Qızılbaş türkləri idi.
Şah İsmayıl türk idimi? Bu məsələdə də artıq söz oyunu aparmağa ehtiyac yoxdur.
Şah İsmayıl türkman/Qızılbaş siyasi-mədəni mühitinin hökmdarıdır. Onun hakimiyyətə gəlməsində türkman Qızılbaş tayfaları həlledici rol oynayıb. O, özünü Xətai təxəllüsü ilə Azərbaycan türkcəsində ifadə edib və bu dildə böyük poetik irs yaradıb. Onun şeirlərinin dili barədə mübahisə açmağa ehtiyac yoxdur: Xətainin divanı Azərbaycan türkcəsinin klassik ədəbi irsinin əsas nümunələrindən biridir.
Bu, müasir milli dövlət anlayışını XVI əsrə zorla tətbiq etmək demək deyil. Bir insanın türk siyasi-mədəni mühitinə mənsub olması ilə onun dövrümüzdəki milli dövlət anlayışına necə yerləşdirilməsi ayrı məsələlərdir.
Şah İsmayılın türk kimliyini inkar etmək üçün bu iki məsələni bir-birinə qarışdırmağa ehtiyac yoxdur.
O, türk hökmdarı idi. O, Azərbaycan türkcəsində yazan şair idi. O, Qızılbaş türkmanlarının siyasi lideri idi. Və onun yaratdığı dövlətin ilkin siyasi nüvəsi Azərbaycan idi.
Burada da bir düzəlişi əvvəlcədən etmək lazımdır. “İran adı 1925-ci ildən sonra meydana çıxıb” demək düzgün deyil. İran anlayışının qədim tarixi var. Problem “İran” sözünün mövcudluğu deyil, müxtəlif dövrlərdə bu anlayışın hansı siyasi məna daşımasıdır.
1935-ci ildə Pəhləvi hakimiyyəti xarici dövlətlərdən ölkəni beynəlxalq yazışmalarda “Persia” əvəzinə “Iran” adlandırmalarını istədi. Bu, İran milli kimliyinin müasir siyasi çərçivədə yenidən qurulması prosesinin mühüm mərhələlərindən biri idi.
Amma Şah İsmayılın XVI əsrdə yaratdığı Səfəvi dövlətini XX əsrin milli dövləti ilə eyniləşdirmək olmaz.
Səfəvilərin İran tarixindəki rolunu qəbul etmək başqa şeydir, onları müasir İran milli dövlətinin birbaşa siyasi prototipi kimi təqdim etmək başqa.
Şah İsmayılın yaratdığı dövlət İran coğrafiyasının böyük hissəsini öz tərkibinə aldı. Bu, onun dövlətinin miqyasını göstərir. Lakin dövlətin sonradan genişlənməsi onun ilkin Azərbaycan siyasi nüvəsini ləğv etmir. Əslində, burada Azərbaycan və İran tarixlərini qarşı-qarşıya qoymağa da ehtiyac yoxdur.
Səfəvi dövlətinin həm Azərbaycan, həm də İran tarixində böyük yeri var. Bir dövlətin müxtəlif xalqların və sonrakı dövlətlərin tarixində mühüm yer tutması mümkündür.
Problem həmin dövlətin mənşəyini sonrakı siyasi tarixə uyğunlaşdırmaqdır.
Şah İsmayılın obrazının ətrafında mübahisənin güclü olmasının səbəbi onun yalnız bir hökmdar olmamasıdır. O, həm siyasi hakimiyyət, həm dini ideologiya, həm Qızılbaş hərəkatı, həm Osmanlı-Səfəvi rəqabəti, həm də türk ədəbi-mədəni irsi ilə bağlıdır.Ona görə müxtəlif tarixşünaslıq məktəbləri onun müxtəlif tərəflərini önə çıxarır.
İran mərkəzli yanaşma Səfəvilərin İran siyasi tarixindəki rolunu əsas götürə bilər. Osmanlı mərkəzli yanaşma Çaldıranı və Qızılbaş təhlükəsini ön plana çıxara bilər. Azərbaycan tarixşünaslığı isə Səfəvi dövlətinin Azərbaycan dövlətçilik tarixindəki rolunu və Şah İsmayılın türk siyasi-mədəni kimliyini vurğulayır.Bütün bunlar tarixşünaslıq üçün normaldır. Anormal olan tarixi şəxsiyyətin yalnız bir tərəfini seçib onun bütün obrazına çevirməkdir.
Şah İsmayılın dini siyasətində sərtlik olub. Bəli. Çaldıranda məğlub olub. Bəli.
Siyasi qərarlarında səhvlər edib. Bəli.
Amma eyni zamanda dövlət qurub, böyük əraziləri birləşdirib, Qızılbaşları vahid siyasi hakimiyyət altında toplayıb, Təbrizi paytaxt edib və Azərbaycan türkcəsində böyük ədəbi irs yaradıb.
Bunların hamısı eyni vaxtda doğrudur.
Bəs onun tənqidinin arxasında fars millətçiləri dayanırmı? Bu sualı da emosional cavablandırmaq lazım deyil.
Bütün tənqidlərin arxasında fars millətçilərinin dayandığını söyləmək üçün konkret sübut lazımdır. Hazırda bunu bütün hallara şamil edən ümumi hökm vermək düzgün olmaz.
Amma İran milli tarixşünaslığında Səfəvilərin İran dövlətçiliyinin əsas mərhələlərindən biri kimi təqdim edilməsi faktını da görməməzliyə vurmaq olmaz. Eyni şəkildə Osmanlı mərkəzli tarix yanaşmalarının Şah İsmayılın obrazına təsirini də nəzərə almaq lazımdır.
Bizim üçün daha vacib olan isə budur: Şah İsmayılın Azərbaycan və türk kimliyini mübahisələndirmək üçün onun haqqında yazılmış tənqidi mətnlərin hansı mənbələrə söykəndiyini ayrıca araşdırmaq lazımdır.
Əgər hansısa müəllif fakt göstərirsə, faktı yoxlayaq.
Əgər fikir tarixi mənbə ilə təsdiqlənirsə, onu qəbul edək.
Əgər müəllif XVI əsrin hadisəsini XX və XXI əsrin siyasi anlayışları ilə izah edirsə, bunu da göstərək. Belə olduqda qarşı tərəfin niyyətini təxmin etməyə ehtiyac qalmır. Yazının özü danışır.
Şah İsmayılın tarixi qiyməti onun haqqında nə hiss etməyimizdən asılı deyil.
O, çox gənc yaşda hakimiyyətə gəldi. Qızılbaş türkmanlarını öz ətrafında birləşdirdi. Azərbaycan siyasi məkanında hakimiyyət qurdu. Təbrizi paytaxt etdi. Sonra dövlətinin ərazisini genişləndirərək İran, İraq, Qafqaz və Xorasanın böyük hissəsini öz hakimiyyəti altına aldı. Səfəvi dövlətini regionun əsas siyasi güclərindən birinə çevirdi.
Çaldıranda məğlub oldu. Bu məğlubiyyət onun tarixində ciddi hadisədir.Dini siyasətində sərt və zorakı üsullara yol verdi. Bu da onun tarixində qeyd olunmalıdır.Amma bütün bunların yanında Xətai adı ilə Azərbaycan türkcəsində böyük poetik irs yaratdı.Bütün bunlar birlikdə Şah İsmayılın tarixidir.
Onu yalnız qılıncı ilə tanımaq da yanlışdır, yalnız şeiri ilə tanımaq da.Onu yalnız şiə ideologiyasının daşıyıcısı kimi təqdim etmək də doğru deyil, yalnız milli romantikanın qəhrəmanına çevirmək də.
Lakin bir həqiqət də var: Şah İsmayılın tarixi miqyasını azaltmaq üçün onun Azərbaycan və türk kimliyini dumanlandırmağa ehtiyac yoxdur. Əksinə, bu faktlar onun tarixdəki yerini anlamağa kömək edir.
Şah İsmayıl Xətai haqqında obyektiv danışmaq onu bütün səhvlərdən təmizləmək demək deyil.
Onun dini siyasətinin sərt tərəflərini yazmaq lazımdır. Çaldıran məğlubiyyətini də yazmaq lazımdır. Osmanlı ilə münasibətlərdə etdiyi siyasi və hərbi səhvləri də göstərmək lazımdır.Amma bütün bunları yazarkən başqa bir tarixi həqiqəti də kənara qoymaq olmaz.
Səfəvi dövləti Azərbaycan dövlətçilik tarixinin ən böyük siyasi hadisələrindən biridir.
Bu dövlətin siyasi yüksəlişi Ərdəbildən başladı. Onun əsas hərbi dayağı Qızılbaş türkmanları idi. Şah İsmayıl 1501-ci ildə Təbrizdə hakimiyyət qurdu və Təbrizi ilk paytaxt etdi. Dövlət buradan genişlənərək İranın, İraqın, Qafqazın və Xorasanın böyük hissəsini əhatə edən imperiyaya çevrildi.
Bu genişlənmə Səfəvi dövlətinin Azərbaycan siyasi nüvəsini aradan qaldırmır. Əksinə, dövlətin sonrakı miqyasını düzgün anlamaq üçün onun başlanğıcını bilmək lazımdır.
Şah İsmayıl isə bu dövlətin banisi, türk hökmdarı və Azərbaycan türkcəsinin böyük şairidir.Bunu demək üçün nə onun səhvlərini gizlətmək, nə də başqa xalqların tarixini inkar etmək lazım gəlir.
Səfəvilərin İran tarixində yeri var. Amma bu, onların Azərbaycan tarixindəki yerini silmir.
Şah İsmayıl türk hökmdarıdır. Onun Xətai adı ilə yaratdığı ədəbi irs Azərbaycan türkcəsinin klassik xəzinəsinə daxildir.
Və bunlar emosional hökmlər deyil. Tarixi faktlardan çıxan nəticələrdir.
Şah İsmayılı tənqid etmək olar.Onun səhvlərini araşdırmaq olar.Hətta onun bəzi qərarlarını ağır şəkildə qiymətləndirmək də olar. Amma onun tarixdəki yerini azaltmaq üçün Azərbaycanla bağlılığını, türk kimliyini və yaratdığı dövlətin siyasi kökünü mübahisələndirmək artıq tarixə obyektiv yanaşmaq deyil.
Tarixdə bəzi həqiqətlər var ki, onları qorumaq üçün şeirə yox, sənədə ehtiyac olur.
Şah İsmayıl məsələsində həmin sənədlər kifayət qədər çoxdur.

Şəmsi Qoca

Geri dön