Ana Sayfa > Özəl > “Artsax” adı Vyanaya daşınır – Bakı İrəvandan buna son qoymağı tələb edir
“Artsax” adı Vyanaya daşınır – Bakı İrəvandan buna son qoymağı tələb edirBu gün, 20:53. Yazar: vasif |
![]() Ermənistanda fəaliyyət göstərən “Artsax mədəniyyətinin qorunması mərkəzi” adlı qondarma ictimai təşkilat noyabrın 27-30-da Vyanada keçiriləcək “International Christmas Choir Festival – Vienna Christmas Voices” beynəlxalq festivalında iştirak etmək üçün rəsmi dəvət alıb. Musavat.com xəbər verir ki, tədbirdə Ermənistanı və “Artsax mədəni irsi”ni həmin təşkilatın tərkibində fəaliyyət göstərən qondarma “Artsax Milli Musiqi Alətləri Dövlət Orkestri” və “Biz və bizim dağlarımız” dövlət mahnı və rəqs ansamblı təqdim edəcək. Ermənistan tərəfinin festivalda iştirakla bağlı yaydığı açıqlamaya nəzər saldıqda məsələnin yalnız musiqi və rəqslə məhdudlaşmadığı görünür. Təşkilat səfəri açıq şəkildə “mədəni diplomatiyanın inkişafı” və beynəlxalq əməkdaşlığın genişləndirilməsi kontekstində təqdim edir. Bu isə qondarma “Artsax” anlayışının fərqli ad və format altında beynəlxalq informasiya məkanında saxlanılması cəhdi kimi qiymətləndirilir. Siyasi status iddiaları əvvəlki formada gündəmə gətirilməsə də, indi “Artsax mədəniyyəti”, “Artsax irsi”, “Artsax xalqının mədəni yaddaşı” kimi ifadələrdən istifadə olunur. Beləliklə, siyasi separatizmin elementlərinin mədəniyyət və incəsənət adı altında beynəlxalq platformalara daşınması ilə bağlı suallar meydana çıxır. 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Qarabağdakı separatçı rejimin mövcudluğuna son qoyulub və Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa edib. Buna baxmayaraq, Ermənistanda “Artsax” adı altında müxtəlif qurumların fəaliyyətini davam etdirməsi Bakının diqqətindən kənarda qala bilməz. Müşahidə olunan əsas dəyişiklik isə istifadə edilən ritorikadır. Əvvəllər “status”, “öz müqəddəratını təyinetmə”, “təhlükəsizlik” və digər siyasi terminlər ön plana çıxarılırdısa, indi “mədəni irs”, “folklor”, “tarixi yaddaş”, “musiqi” və “mədəni kimlik” anlayışlarından daha çox istifadə edilir. Bəs Azərbaycan məsələ ilə bağlı İrəvana rəsmi etirazını bildirməli və bu cür fəaliyyətlərin qarşısının alınmasını tələb etməlidirmi? Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a bildirib ki, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra Ermənistan tərəfi qondarma “Artsax” adından və onunla bağlı strukturlardan imtina istiqamətində mövqe ortaya qoyub: “Lakin hələ də atmalı olduğu bəzi addımları atmır. Biz Ermənistan dövlətinin rəhbərliyinin verdiyi vədlərə inandıq. Paşinyan və onun hökuməti hakimiyyətlərinə hansısa təhdidlər yarananda dərhal hərəkətə keçir, kimliyindən asılı olmayaraq istənilən şəxsə qarşı inzibati resurslardan istifadə edib təhlükəni neytrallaşdırır. Qarabağdan Ermənistana köçmüş separatçılar tərəfindən də Paşinyan hakimiyyətinə qarşı hərəkətlərə hökumət sərt münasibət sərgiləyir. Amma belə görünür ki, “Artsax” adı altında qondarma “mədəni” tədbirlərin keçirilməsində sanki maraqlıdırlar”. Ekspert hesab edir ki, Ermənistan hakimiyyətinin bu məsələdə mövqeyi ziddiyyətlidir. Onun sözlərinə görə, bir tərəfdən separatçı dairələrin siyasi fəaliyyətinə qarşı tədbirlər görülür, digər tərəfdən isə “Artsax” adı altında müxtəlif platformalarda fəaliyyət göstərilməsinə şərait yaradılır: “Bir tərəfdən sıxışdırıb, o biri tərəfdən “Artsax” adını hansısa qondarma platformalarda gündəmdə saxlamağa hesablanan siyasətə rəvac vermələri İrəvanın qeyri-səmimi olduğundan xəbər verir. Halbuki Paşinyan istəsə, o cür “mədəni” tədbirlərin, “Artsax mədəniyyəti” adı altında qurulan qondarma təşkilatların qarşısını alar”. Xəyal Bəşirovun fikrincə, Azərbaycanın mövqeyi aydın olmalıdır: Ermənistan üzərinə götürdüyü öhdəliklərə və verdiyi bəyanatlara uyğun davranmalı, “Artsax” adı altında manipulyasiyaların davam etdirilməsinə son qoymalıdır. Ekspertin yanaşmasına görə, Bakı İrəvandan separatizmi xatırladan terminologiyanın və strukturların fərqli adlar altında beynəlxalq platformalara daşınmasının qarşısının alınmasını tələb etməkdə haqlıdır. Geri dön |