Ana Sayfa > Siyasət > Vaşinqtondan Tehrana: Niyə hamı Bakının qapısını döyür?

Vaşinqtondan Tehrana: Niyə hamı Bakının qapısını döyür?


Bu gün, 17:01. Yazar: vasif
Vaşinqtondan Tehrana: Niyə hamı Bakının qapısını döyür?


Vaşinqtondan Tehrana: Niyə hamı Bakının qapısını döyür?
“Prezident İlham Əliyevə edilən yüksək səviyyəli telefon zənglərini yalnız Azərbaycanla ayrı-ayrı dövlətlər arasında ikitərəfli münasibətlər kontekstində qiymətləndirmək hadisənin əsl geosiyasi mahiyyətini tam əks etdirmir. Bu Vaşinqtondan Tehrana, Brüsseldən Vilnüsə, Mərkəzi Asiyadan Avropaya qədər müxtəlif siyasi mərkəzlərin Bakı ilə intensiv dialoqa üstünlük verməsi artıq daha böyük bir prosesin, daha doğrusu Azərbaycanın yaratdığı yeni reallığın göstəricisidir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Onun fikrincə, bu reallığın əsas xüsusiyyəti isə Bakının müxtəlif, hətta bir-birinə rəqib olan güc mərkəzləri arasında əlaqələndirici mövqeyinin getdikcə güclənməsidir.

Vaşinqtonun Bakı ilə hesablaşdığı yeni mərhələ
“ABŞ-la münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bu prosesin ən mühüm istiqamətlərindən biridir. Vaşinqton artıq Bakını yalnız Cənubi Qafqazın siyasi mərkəzlərindən biri kimi deyil, daha geniş Avrasiya məkanında əhəmiyyətli tərəfdaş kimi qiymətləndirir.
2025-ci ilin Vaşinqton razılaşmalarından sonra Azərbaycan–ABŞ münasibətlərinin institusional əsasları daha da möhkəmləndi. 2026-cı ildə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması isə əməkdaşlığı enerji və diplomatiyadan müdafiə, təhlükəsizlik, investisiya, rəqəmsal infrastruktur və regional bağlantılara qədər genişləndirdi”, - o vurğulayıb.

M. Məmmədli hesab edir ki, bu, sadəcə ikitərəfli münasibətlərin inkişafı deyil: “Vaşinqtonun Bakı haqqında geosiyasi təsəvvürünün dəyişməsidir. ABŞ üçün Azərbaycan artıq Şərq-Qərb bağlantısında, enerji təhlükəsizliyində, Cənubi Qafqazın sabitliyində və Mərkəzi Asiyaya çıxışda əhəmiyyətli tərəfdaşdır”.

Baltikyanı ölkələrin son dövrlərdə Baki ilə münasiubtlərinin yeni mərhələyə qədəm qoymasına toxunan deputat bildirib ki, bu baxımdan Litvanın Bakı ilə münasibətlərinin genişlənməsi də bu mənzərənin Avropa komponentidir:
“Litva Avropa İttifaqının təhlükəsizlik məsələlərinə həssas yanaşan ölkələrindən biridir. Vilnüsün Azərbaycanla enerji, investisiya, təhsil və iqtisadi əlaqələrin genişləndirilməsinə maraq göstərməsi Bakının Avropadakı rolunun yalnız enerji ixracı ilə məhdudlaşmadığını göstərir. Litva Baş naziri İnqa Ruginyenin aprel ayında Bakıya səfəri zamanı iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji və investisiya əməkdaşlığı müzakirə olunub.

Burada daha mühüm məqam var. Vilnüs Bakıya baxarkən təkcə Bakı ilə münasibətlərə baxmır; Brüsselin Şərqə, Xəzərə və Mərkəzi Asiyaya çıxış imkanlarını da nəzərə alır. Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında yaratdığı bağlantılar bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.
Tehran-Bakı münasibətlərinə toxunan deputat qeyd edib ki, İran üçün Bakı artıq alternativsiz regional mərkəzdir:

“Tehran–Bakı münasibətlərində baş verən son proseslər də Azərbaycanın regional çəkisini göstərən başqa bir istiqamətdir. İran Prezidenti Məsud Pezeşkianın Prezident İlham Əliyevlə telefon danışığında Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə təşəkkür etməsi və iki ölkənin gələcək münasibətlərini müzakirə etməsi diqqət çəkir. Bu münasibətlər yalnız qonşuluq faktoru ilə izah edilə bilməz.

İranın şimal sərhədləri, Azərbaycanla əlaqələri, Ermənistan istiqaməti, nəqliyyat dəhlizləri və regiondakı yeni geosiyasi balans Tehranın Bakı ilə münasibətlərini strateji zərurətə çevirir. Xüsusilə Cənubi Qafqazda yeni kommunikasiya xəritəsinin formalaşması fonunda İran üçün Azərbaycanla konstruktiv dialoq daha böyük əhəmiyyət daşıyır. Başqa sözlə, Tehran Bakını nəzərə almadan regionun gələcəyi haqqında tam mənzərə qura bilməz. Ona görə də Tehran Azərbaycanın regional çəkisini nəzərə almağa məcburdur”.

Deputatın sözlərinə görə, bütün bu amillər onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinə edilən bu zənglərə, təkcə ölkələrarası münasibətlə kimi yanaşmaq yanlış olar və buna daha geniş aspektdən yaşanma tələb edir.

“Məsələ Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu yerin dəyişməsidir. Bakı artıq proseslərin arxasınca gedən deyil, proseslərin istiqamətinə təsir edən mərkəzlərdən birinə çevrilir. Və bu, Azərbaycanın çoxvektorlu, balanslı və milli maraqlara söykənən xarici siyasətinin yaratdığı ən mühüm geosiyasi üstünlüklərdən biridir. Vaşinqtondan Tehrana, Brüsseldən Mərkəzi Asiyaya qədər uzanan bu diplomatik xətt bir həqiqəti göstərir: yeni geosiyasi xəritədə Bakı artıq kənarda deyil, xəritənin özündədir”, - o vurğulayıb.
Geri dön