Ana Sayfa > Karusel / Gündəm > Polşadakı yeni səfirimiz kimdir?

Polşadakı yeni səfirimiz kimdir?


Bu gün, 15:15. Yazar: azer
Polşadakı yeni səfirimiz kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Fuad İsgəndərov 1961-ci il avqustun 6-da Bakıda anadan olub. 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq İnstitutunu beynəlxalq iqtisadi münasibətlər və ingilis dili ixtisası üzrə bitirib.

Diplomatik fəaliyyətə başlamazdan əvvəl elmi-pedaqoji sahədə çalışan İsgəndərov müxtəlif illərdə Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Dövlət Universitetində fəaliyyət göstərib.

O, 1995-ci ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində İnformasiya və Analiz İdarəsinin rəisi təyin edilib. 2002-2006-cı illərdə milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışıb. Daha sonra Xarici İşlər Nazirliyində səfir statusunda xüsusi tapşırıqlar üzrə fəaliyyət göstərib.

Fuad İsgəndərovun diplomatik karyerası 2007-ci ildən etibarən səfir vəzifələri ilə davam edib. Həmin il Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2012-ci ildən isə Azərbaycanın Belçikadakı səfiri olub. O, eyni zamanda Lüksemburqda səfir və Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrini də icra edib.

2021-ci ildə Fuad İsgəndərov Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Daha sonra onun diplomatik missiyasına Lixtenşteyn Knyazlığı da daxil olub.

Beləliklə, yeni təyinatla uzun illər diplomatik xidmətdə olan Fuad İsgəndərov Azərbaycanın Polşa Respublikasında diplomatik missiyasına rəhbərlik edəcək.

Zeynəb Rzayeva
Geri dön