Ana Sayfa > Özəl > 60 yaşdan sonra boşanmalar artır – səbəblər nədir?

60 yaşdan sonra boşanmalar artır – səbəblər nədir?


Bu gün, 18:11. Yazar: vasif
60 yaşdan sonra boşanmalar artır – səbəblər nədir?



Azərbaycanda boşanmaların yaş strukturunda diqqətçəkən dəyişiklik müşahidə olunur. Son illərin statistik göstəriciləri nikahların pozulmasının yalnız gənc və orta yaşlı ailələrlə məhdudlaşmadığını, 60 yaşdan yuxarı şəxslər arasında da artdığını göstərir.
Rəsmi statistikaya əsasən, 2021-ci ildə 60 yaş və yuxarı 563 kişi boşandığı halda, 2025-ci ildə bu göstərici 838 nəfərə yüksəlib. Qadınlar arasında isə müvafiq rəqəm 293-dən 431-ə çatıb. Beləliklə, bir neçə il ərzində bu yaş kateqoriyasında boşanmaların sayında təxminən 48 faizlik artım qeydə alınıb.
Psixoloq Azad İsazadə bildirir ki, xüsusi sosioloji araşdırma aparılmadan bu tendensiyanın konkret səbəbini göstərmək mümkün deyil. Bununla belə, uzunmüddətli nikahların gec yaşlarda pozulmasına gətirib çıxara biləcək bir sıra ehtimallar mövcuddur.
Psixoloqun fikrincə, bəzi insanlar illərlə ailəni uşaqlara görə qoruyub saxlayırlar. Münasibətlərdə sevginin azalmasına, münaqişələrə, kobud davranışa, zərərli vərdişlərə və digər problemlərə baxmayaraq, övladlarının böyüməsini gözləyirlər. Uşaqlar müstəqil həyata başladıqdan sonra isə nikahı davam etdirmək üçün əvvəlki motivasiya aradan qalxa bilər.
Digər səbəb uzun illər ərzində münasibətlərin emosional baxımdan tükənməsi ola bilər. Tərəflər faktiki olaraq bir-birindən uzaqlaşsa da, ailə, övladlar və sosial mühit səbəbindən rəsmi boşanmanı təxirə sala bilirlər. Müəyyən yaşdan sonra isə illərlə ertələnmiş ayrılıq qərarı reallaşdırılır.
İsazadə kişilər arasında gec yaşda boşanmanın səbəblərindən birinin daha gənc qadınla yeni münasibət və ya ailə qurmaq istəyi ola biləcəyini də qeyd edir. Bununla yanaşı, psixoloq hormonal və yaşla əlaqədar dəyişikliklərin həm kişilərin, həm də qadınların davranışlarına müəyyən təsir göstərə biləcəyini istisna etmir.
Qadınlarla bağlı başqa bir ehtimal isə illərlə davam edən ailədaxili problemlərə dözməkdən imtina edilməsidir. Psixoloqun fikrincə, bəzi qadınlar uşaqlar böyüyənədək ailəni qorumağa çalışır, daha sonra isə həyatlarının qalan hissəsini problemli münasibətdə keçirmək istəmədiklərinə qərar verirlər.
Gec boşanmalara təsir göstərən başqa bir amil ictimai qınağın əvvəlki qədər güclü olmaması ola bilər. İnsanlar müəyyən dövrə qədər valideynlərin, qohumların və ətraf mühitin münasibətini nəzərə alaraq nikahı davam etdirə bilirlər. Yaş artdıqca isə bu sosial təzyiqin əhəmiyyəti azala və şəxsi seçimlər daha ön plana çıxa bilər.
Psixoloq vurğulayır ki, sadalanan səbəblər ümumi tendensiyanı izah edən ehtimallardır. 60 yaşdan sonra boşanmaların niyə artdığını dəqiq müəyyənləşdirmək üçün statistik göstəricilərlə yanaşı, genişmiqyaslı sosioloji və psixoloji araşdırmalara ehtiyac var.
Geri dön