Ana Sayfa > Özəl > Xərrazinin qalmaqallı çağırışı İranı qarışdırdı – araşdırma başladıldı

Xərrazinin qalmaqallı çağırışı İranı qarışdırdı – araşdırma başladıldı


Bu gün, 17:39. Yazar: vasif
Xərrazinin qalmaqallı çağırışı İranı qarışdırdı – araşdırma başladıldı



İranda radikal din xadimi Seyid Məhəmməd Baqir Xərrazinin hicab qaydalarına əməl etməyən qadınlarla bağlı səsləndirdiyi iddia olunan kəskin fikirlər ölkədə böyük müzakirələrə səbəb olub. Onun yayılan videoda zorakılığa çağırış xarakterli fikirlər səsləndirməsi həm siyasi dairələrdə, həm də ictimaiyyətdə ciddi etiraz doğurub.
Yayılan məlumatlara görə, Xərrazi tərəfdarlarını küçələrə çıxmağa çağırıb və hicab qaydalarına əməl etməyən qadınlara qarşı zor tətbiq edilməsini müdafiə edən fikirlər səsləndirib. O, həmçinin dövlət strukturlarının belə hərəkətlərə mane olacağı halda hakimiyyət nümayəndələrinə qarşı da sərt mövqe tutulmasını təklif edib.
Xərrazi çıxışında Prezident Məsud Pezeşkian hökumətini də ağır ifadələrlə tənqid edib. Onun hakimiyyətin dini prinsiplərdən uzaqlaşdığı barədə iddiaları ölkədə onsuz da davam edən mühafizəkar-islahatçı qarşıdurmasını yenidən gündəmə gətirib.
Sözügedən açıqlamalar İran daxilində müxtəlif siyasi düşərgələrin nümayəndələri tərəfindən sərt qarşılanıb. Bəzi siyasətçilər və ictimai xadimlər belə çağırışların ölkədə qarşıdurmanı dərinləşdirə və ictimai təhlükəsizlik üçün ciddi risk yarada biləcəyini bildiriblər.
Məsələ Xərrazinin dövlət rəhbərliyindəki şəxslərlə münasibətləri barədə səsləndirdiyi iddialardan sonra daha böyük siyasi rezonans doğurub. Bununla belə, onun hakimiyyətin ən yüksək dairələrinin mövqeyini ifadə etməsi barədə irəli sürdüyü fikirlər rəsmi şəkildə təsdiqlənməyib.
Qalmaqal böyüdükdən sonra İranın hüquq-mühafizə və məhkəmə strukturlarının məsələyə müdaxilə etdiyi bildirilir. Məlumata görə, Xərrazinin son açıqlamaları ilə bağlı hüquqi araşdırmaya başlanılıb və onun bəyanatlarının qanunvericilik baxımından qiymətləndirilməsi nəzərdə tutulur.
Xərrazi isə sonradan yayılan videonun montaj edildiyini və fikirlərinin təhrif olunduğunu iddia edib. Qalmaqallı paylaşımların bir hissəsinin onun sosial şəbəkə hesabından silindiyi də bildirilir.
Baş verənlər İranda hicab məsələsi ətrafında mövcud olan ciddi fikir ayrılıqlarını bir daha üzə çıxarıb. Bir tərəfdən daha sərt dini qaydaların tətbiqini tələb edən qüvvələr, digər tərəfdən isə sosial məhdudiyyətlərin yumşaldılmasını istəyən təbəqələr arasındakı ziddiyyət getdikcə daha açıq xarakter alır.
Xərrazi ətrafında yaranmış qalmaqalın necə nəticələnəcəyi indi xüsusi diqqətlə izlənilir. Hüquqi araşdırmanın nəticələri həm onun şəxsi taleyi, həm də İran daxilində radikal çağırışlara hakimiyyətin bundan sonra necə münasibət göstərəcəyi baxımından əhəmiyyətli ola bilər.
Geri dön