Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”
Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”Bu gün, 11:10. Yazar: azer |
![]() “Laçın rayonunun coğrafi mövqeyi tarixən böyük strateji əhəmiyyət kəsb edib. Buna görə də 1992-ci il may ayının 18-də Ermənistan silahlı qüvvələri tərəfindən bu rayonun işğal edilməsi bütün Azərbaycan xalqı üçün böyük faciə idi. Məsələ bundadır ki, məhz bu işğaldan sonra Ermənistanla keçmiş qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” arasında coğrafi əlaqə yaradıldı. Öz növbəsində bu vəziyyət də daha çox Azərbaycan ərazilərinin zəbt olunmasına yol açdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qoyuldu. Həmin dövrdə 300 nəfərdən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan dövləti işğal dövründə Laçına Yaxın Şərqdən dəvət etdikləri erməniləri bu ərazilərdən qovulmuş azərbayvanlıların evlərində yerləşdirməklə qanunsuz məskunlaşma aparmış və bununla daha bir hərbi cinayətə imza atmışdı. Vətən müharibəsindən sonra azad edilmiş ərazilərə gələn hər kəs erməni vandalizminin təzahürlərinin şahidi oldu. Lakin Azərbaycan bu zülmü yerdə qoymadı. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində tarixi ədalət bərpa edildi. Dövlətimiz öz ərazilərini azad etmək üçün ədalətli müharibə apardı, öz torpaqlarında savaşdı və qalib gəldi. Şanlı ordumuz 44 gün ərzində ancaq irəli gedərək tarixi Qələbəni əldə etdi və öz gücünü bütün dünyaya göstərdi. Bu şanlı Zəfər nəticəsində 2020-ci ilin dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi. Azərbaycan öz möhtəşəm qələbəsini həm hərbi, həm də siyasi müstəvidə təmin etdi.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Fikirlərini davam etdirən millət vəkili daha sonra tarixi Qələbəmizin əbədiləşdirilməsi məqsədilə dövlət tərəfindən görülən tədbirlərin önəmini vurğulayaraq bunları söyləyib: “Artıq altıncı ildir ki, işğaldan azad olunmuş bütün digər ərazilərimiz kimi, Laçın da düşmən tapdağından qurtulmuş, özünün əsil sahiblərinə qovuşmuşdur. 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlıların 31 ildən sonra öz doğma yurdlarına qayıdaraq yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Tarixi dəyişdirmək cəhdləri ermənilərin hər zaman ən çox istifadə etdikləri üsullardan olub. Belə hallara gələcəkdə yol verilməməsi üçün Azərbaycan dövləti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü addımlar atır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Həmçinin dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Məhz həmin Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub. Həmçinin işğaldan azad edilmiş bütün şəhərlərimizdə olduği kimi, Laçın şəhərində də İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park salınır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunun yüksəlməsinə mühüm töhfədir. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Bütün bu tədbirlər bundan sonra erməni yalanlarının bir də heç zaman tarixi faktları təhrif edə bilməyəcəyinə ən möhkəm zəmanətdir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |