Ana Sayfa > İqtisadiyyat > Azərbaycan benzin ixracatçısına çevrilə bilərmi?

Azərbaycan benzin ixracatçısına çevrilə bilərmi?


Dünən, 20:00. Yazar: vasif
Azərbaycan benzin ixracatçısına çevrilə bilərmi?


Azərbaycanda yaxın illərdə yeni neftayırma zavodunun tikintisi planlaşdırılır. Məqsəd ölkənin neft emalı imkanlarını artırmaq, daha yüksək ekoloji standartlara cavab verən yanacaq istehsal etmək və enerji təhlükəsizliyini gücləndirməkdir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, layihənin 5-6 il ərzində tamamlanması nəzərdə tutulur və zavod təkcə maye yanacaq deyil, həm də yeni nəsil neft-kimya məhsulları istehsal edəcək.
Bəs yeni zavod istifadəyə verildikdən sonra Azərbaycan benzin ixracatçısına çevriləcəkmi?

Hazırda Azərbaycan yüksək oktanlı bəzi yanacaq növlərini idxal edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin ilk rübündə ölkəyə 650,2 min ABŞ dolları dəyərində 530 ton "Aİ-98” markalı avtomobil benzini idxal olunub.

İqtisadçı-ekspert Asif İbrahimov "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, yeni neftayırma zavodunun tikintisi Azərbaycanın enerji siyasətində strateji prioritetlərin dəyişdiyini göstərir: "Dünya enerji bazarında artıq əsas gəlir xam neftin satışından deyil, onun dərin emalından və yüksək əlavə dəyər yaradan məhsulların istehsalından formalaşır. Azərbaycan da bu istiqamətdə irəliləyir. Bu gün ölkənin əsas üstünlüyü xam neft hasil etməsidir. Lakin gələcəkdə rəqabət üstünlüyü neftin hansı səviyyədə emal olunması ilə müəyyənləşəcək. Çünki eyni həcmdə xam neftin satışından əldə olunan gəlirlə, həmin neftdən istehsal edilən benzin, dizel və neft-kimya məhsullarının satışından əldə olunan gəlir arasında ciddi fərq var. Yeni zavod nəzərdə tutulan texniki parametrlərlə istifadəyə verilərsə, Azərbaycanın benzin istehsalı daxili tələbatı tam ödəyə, eyni zamanda ixrac üçün əlavə resurs formalaşdıra bilər. Bu isə ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, neft məhsullarının ixracından əldə olunan gəlirləri artıracaq”.

Ekspert hesab edir ki, yeni zavodun istifadəyə verilməsi ixrac üçün imkanlar yaratsa da, regional bazarlarda rəqabət üstünlüyü qazanmaq asan olmayacaq: "Bazar heç kimi gözləmir. Regionda Rusiya, Qazaxıstan və digər iri istehsalçılar artıq fəaliyyət göstərir. Ona görə də "istehsal edə bilmək” avtomatik olaraq "ixrac edə bilmək” deyil. İxrac bazarında uğur məhsulun keyfiyyətindən, maya dəyərindən, logistika xərclərindən və uzunmüddətli satış müqavilələrinin bağlanmasından asılıdır. Azərbaycanın üstünlüyü də məhz bu istiqamətlərdə formalaşa bilər. Ölkə Şərqlə Qərbi birləşdirən Orta Dəhliz üzərində yerləşir, müasir liman və dəmir yolu infrastrukturuna malikdir, eyni zamanda beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Bu amillər məhsulun regional bazarlara daha operativ və aşağı logistika xərcləri ilə çatdırılmasına imkan yaradır. Potensial ixrac bazarları sırasında ilk növbədə Gürcüstan və Türkiyə yer alır. Bununla yanaşı, Qara dəniz hövzəsi ölkələri, müəyyən hallarda isə Mərkəzi Asiya bazarları da perspektivli istiqamətlər hesab oluna bilər. Lakin məqsəd yalnız benzin ixracı olmamalıdır. Ən yüksək gəlir marjası neft-kimya məhsullarında formalaşır. Buna görə də yeni zavodun təkcə yanacaq deyil, həm də polimerlər, kimya sənayesi üçün xammal və digər yüksək əlavə dəyərli məhsullar istehsal etməsi layihənin iqtisadi səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq”.

Mütəxəssis bildirir ki, bu layihə Azərbaycanın xarici ticarət strukturuna da təsir göstərəcək: "Əgər bu gün ixracın əsas hissəsini xam neft təşkil edirsə, gələcəkdə emal olunmuş məhsulların payı arta bilər. Bu isə ixrac gəlirlərinin daha dayanıqlı olmasına və dünya bazarında xam neft qiymətlərinin dəyişməsindən yaranan risklərin müəyyən qədər azalmasına xidmət edəcək. Yeni neftayırma zavodunun əsas iqtisadi əhəmiyyəti də məhz bundadır. Söhbət təkcə əlavə benzin istehsalından deyil, əlavə dəyərin ölkə daxilində yaradılmasından və enerji sektorunun daha rəqabətli modelə keçidindən gedir. Əgər layihə planlaşdırılan müddətdə və nəzərdə tutulan texnoloji göstəricilərlə həyata keçirilərsə, 2030-cu illərin əvvəllərində Azərbaycan təkcə xam neft ixrac edən ölkə kimi deyil, həm də yüksək keyfiyyətli neft və neft-kimya məhsulları ixrac edən regional istehsal mərkəzlərindən biri kimi mövqeyini gücləndirə bilər”.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev qeyd edir ki, müasir neft emalı zavodları yalnız yanacaq istehsalı ilə məhdudlaşmır, eyni zamanda enerji təhlükəsizliyinin və neft-kimya sənayesinin inkişafında mühüm rol oynayır: "Qlobal enerji keçidi şəraitində neft emalı zavodlarının gələcəyi ənənəvi yanacaq istehsalından daha qabaqcıl neft-kimya emalına, enerji səmərəliliyinin artırılmasına və karbon izinin azaldılmasına doğru dəyişir”.

Ekspert qeyd edir ki, tikiləcək yeni neft emalı zavodu təhlükəsizliyi və səmərəliliyi təmin etmək üçün ciddi texnoloji, ekoloji, iqtisadi və tənzimləyici tələblərə cavab verməlidir: "Əsas meyarlara yüksək neft emalı dərinliyi (90-94 faizdən çox), istehsal olunan yanacaqların ekoloji standartlara, məsələn, "Euro-5” və daha yüksək tələblərə uyğunluğu, həmçinin avtomatlaşdırma və ətraf mühitin mühafizəsi sistemlərinin tətbiqi daxildir. Bu şərtlərə cavab verən yeni emal gücü ölkənin yanacaq təminatını yaxşılaşdırmaqla yanaşı, SOCAR-ın Türkiyə və İtaliyadakı aktivləri ilə birlikdə regional bazarlarda - Cənubi Qafqaz, Qara dəniz və Aralıq dənizi hövzələrində bazar payını artırmasına imkan yarada bilər”.(Kaspi)
Geri dön