Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi: “Ən mürəkkəb münaqişələr belə, qarşılıqlı siyasi iradə və beynəlxalq hüquqa əsaslanan yanaşma sayəsində həll oluna bilər”
Adəm İsmayıl Bakuvi: “Ən mürəkkəb münaqişələr belə, qarşılıqlı siyasi iradə və beynəlxalq hüquqa əsaslanan yanaşma sayəsində həll oluna bilər”Bu gün, 11:35. Yazar: azer |
![]() “Bir il öncə bu gün Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə biləcək mühüm hadisə baş verdi. 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanması uzun illər davam edən münaqişənin siyasi həllinə doğru atılmış ən ciddi addımlardan biri kimi tarixə düşdü. Bu sənəd təkcə iki dövlət arasında münasibətlərin normallaşmasına xidmət etmir, eyni zamanda regionun gələcək inkişaf trayektoriyasını müəyyənləşdirə biləcək yeni geosiyasi reallığın formalaşdığını nümayiş etdirir. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ildə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpası sülh prosesinin hüquqi və siyasi əsaslarını yaratdı. Rəsmi Bakı hər zaman bəyan edib ki, regionda davamlı sabitlik yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında mümkündür. Vaşinqtonda paraflanmış sənəd də məhz bu prinsipial mövqenin nəticəsi kimi meydana çıxıb. Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən siyasət sülh gündəliyini diktə edən əsas amilə çevrilib.” Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi səsləndirib. Partiya sədri qeyd edib ki, bu prosesdə ABŞ-ın vasitəçiliyi xüsusi diqqət çəkir: “Vaşinqtonun ev sahibliyi etdiyi görüş göstərdi ki, Cənubi Qafqaz artıq yalnız regional deyil, həm də qlobal geosiyasi maraqların kəsişdiyi mühüm məkan kimi qiymətləndirilir. Bununla belə, əldə olunan nəticənin əsas müəllifi məhz region dövlətlərinin siyasi iradəsi və xüsusilə Azərbaycanın ardıcıl diplomatik xəttidir. Sülhün dayanıqlı olması kənar təsirlərdən deyil, tərəflərin imzaladıqları öhdəliklərə sadiqliyindən asılı olacaq. Yeni mərhələnin ən mühüm xüsusiyyətlərindən biri iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsidir. Uzun illər münaqişə səbəbindən reallaşa bilməyən nəqliyyat və logistika layihələrinin qarşısında açılan perspektivlər bütövlükdə Avrasiya məkanının iqtisadi xəritəsinə təsir göstərə bilər. Xüsusilə TRIPP layihəsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Layihə region ölkələri arasında yükdaşımaların sürətlənməsinə, ticarət əlaqələrinin genişlənməsinə və yeni investisiya axınının formalaşmasına xidmət etməklə yanaşı, Cənubi Qafqazın beynəlxalq nəqliyyat şəbəkəsində rolunu daha da artırmaq potensialına malikdir. Azərbaycanın son illərdə yaratdığı müasir nəqliyyat infrastrukturu bu təşəbbüsün uğurla həyata keçirilməsi üçün etibarlı baza rolunu oynayır.” Fikirlərini davam etdirən müsahibimiz sülh müqaviləsinin paraflanmasının eyni zamanda beynəlxalq ictimaiyyətə mühüm mesaj olduğunu diqqət mərkəzinə gətirib: “Bu hadisə göstərir ki, mürəkkəb münaqişələr belə qarşılıqlı siyasi iradə və beynəlxalq hüquqa əsaslanan yanaşma sayəsində həll oluna bilər. Azərbaycan qalib dövlət kimi revanşizmə deyil, əməkdaşlığa üstünlük verməklə regionun gələcəyinə məsuliyyətli yanaşdığını bir daha nümayiş etdirir. Bu yanaşma həm ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirir, həm də onu regional sabitliyin əsas təminatçılarından birinə çevirir. Vaşinqtonda əldə olunan razılaşma yalnız bu günün deyil, gələcək onilliklərin inkişaf istiqamətlərini müəyyənləşdirə biləcək siyasi hadisədir. Qarşıdakı dövrdə sənədin tam şəkildə həyata keçirilməsi, kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın dərinləşməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi əsas vəzifələr olacaq. Əgər bu imkanlar düzgün dəyərləndirilərsə, 8 avqust 2025-ci il təkcə sülh müqaviləsinin paraflandığı tarix kimi deyil, Cənubi Qafqazın qarşıdurmadan əməkdaşlığa keçidinin simvolu kimi də tarixdə qalacaq. Bu isə ən böyük qazancı sabitlik, inkişaf və rifah olacaq region xalqları üçün yeni bir dövrün başlanğıcı deməkdir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb. Geri dön |