Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov: “Bir il əvvəl Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazın gələcəyinin sülh və əminamanlıq üzərində qurulmasının mümkün olduğunu nümayiş etdirir”

Novruzəli Aslanov: “Bir il əvvəl Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazın gələcəyinin sülh və əminamanlıq üzərində qurulmasının mümkün olduğunu nümayiş etdirir”


Bu gün, 19:25. Yazar: azer
Novruzəli Aslanov: “Bir il əvvəl Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazın gələcəyinin sülh və əminamanlıq üzərində qurulmasının mümkün olduğunu nümayiş etdirir”

“2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair razılaşdırılmış müqavilə mətninin paraflanması Cənubi Qafqazın müasir tarixində ən mühüm siyasi hadisələrdən biri kimi qiymətləndirilə bilər. Onilliklər boyu qarşıdurma, müharibə və qarşılıqlı etimadsızlıq mühitində yaşayan region üçün bu addım yeni siyasi reallığın formalaşdığını nümayiş etdirir. Paraflanma yekun imzalanma və ratifikasiya prosesinin qarşıdakı mərhələlərini əvəz etməsə də, tərəflərin razılaşdırılmış mətn üzərində siyasi iradəsini təsdiqləyən mühüm dönüş nöqtəsi kimi çıxış edir.”

Milli Məclisin deputatı Novruzəli Aslanov Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasının ildönümü ilə bağlı aia.az verdiyi açıqlamasında belə deyib.

Bu nəticəyə təsadüfən gəlinmədiyini vurğulayan millət vəkili bildirib ki, 2020-ci ildə Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıq Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri əsasında formalaşdırılan sülh gündəliyinin əsasını qoydu: “Məhz Azərbaycan iki dövlət arasında münasibətlərin gələcəyini müəyyən edəcək baza prinsiplərini irəli sürdü və danışıqların hüquqi çərçivəsini müəyyənləşdirdi. Sonrakı dövrdə müxtəlif platformalarda aparılan intensiv diplomatik proseslər, sərhədlərin delimitasiyası istiqamətində görülən işlər və qarşılıqlı dialoqun davam etdirilməsi Vaşinqtonda əldə olunan nəticənin siyasi zəminini formalaşdırdı. Bu baxımdan paraflanma təkcə diplomatik uğur deyil, həm də birbaşa Prezident İlham Əliyevin həyata keçiriyi ardıcıl dövlət siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilə bilər. Bu hadisənin əhəmiyyəti yalnız Azərbaycan və Ermənistan münasibətləri ilə məhdudlaşmır. Əgər əldə olunmuş razılaşma tam şəkildə həyata keçirilərsə, Cənubi Qafqaz uzun illərdən sonra qarşıdurma bölgəsi deyil, əməkdaşlıq məkanı kimi inkişaf etmək imkanı qazana bilər. Davamlı sülh təhlükəsizlik risklərini azaldacaq, dövlətlər arasında etimadın möhkəmlənməsinə xidmət edəcək, regional iqtisadi inteqrasiya üçün yeni perspektivlər açacaq. Bu isə nəqliyyat, logistika, enerji, ticarət və investisiya layihələrinin daha geniş miqyasda reallaşdırılmasına əlverişli şərait yarada bilər.”

Fikirlərini davam etdirən deputat Vaşinqton görüşünün diqqətçəkən cəhətlərindən biri kimi kommunikasiyaların açılması və regional bağlantıların inkişafına verilən önəmi qeyd edib: “Birgə Bəyannamədə tərəflər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında nəqliyyat əlaqələrinin genişləndirilməsinin sülh və rifaha xidmət etdiyini xüsusi vurğulayıblar. Bununla yanaşı, Ermənistan ərazisində həyata keçirilməsi nəzərdə tutulan TRIPP təşəbbüsü üzrə çərçivənin hazırlanması da yeni əməkdaşlıq mühitinin iqtisadi ölçüsünü nümayiş etdirən elementlərdən biridir. Bu layihə reallaşacağı təqdirdə, regionun tranzit imkanlarının genişlənməsinə, beynəlxalq yükdaşımaların artmasına və Cənubi Qafqazın Avrasiya nəqliyyat sistemində rolunun güclənməsinə əlavə töhfə verə bilər. Azərbaycan üçün bu proses xüsusi əhəmiyyət daşıyır. Son illərdə ölkənin həyata keçirdiyi iri nəqliyyat və logistika layihələri, Xəzər hövzəsini Avropa və Asiyanı birləşdirən mühüm tranzit mərkəzinə çevirmək istiqamətində atılan addımlar yeni geosiyasi şəraitdə daha böyük əhəmiyyət qazanır. Sülh mühitinin möhkəmlənməsi Azərbaycanın iqtisadi potensialını daha səmərəli reallaşdırmağa, beynəlxalq investorların marağını artırmağa və regional əməkdaşlıq formatlarının genişlənməsinə əlavə stimul verə bilər. Vaşinqtonda paraflanmanın ABŞ Prezidentinin iştirakı ilə baş tutması da hadisənin beynəlxalq siyasi çəkisini artıran amillərdəndir. Bununla yanaşı, Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair memorandumun imzalanması iki ölkə münasibətlərində yeni səhifənin açıldığını göstərir. Bu proses Prezident İlham Əliyevin formalaşdırdığı və istiqamətləndirdiyi xarici siyasətinin çoxşaxəli xarakterini və beynəlxalq tərəfdaşlıqlarını daha da genişləndirmək imkanlarını nümayiş etdirir. Əlbəttə, paraflanma yekun mərhələ deyil. Qarşıda sənədin imzalanması, ratifikasiyası və razılaşdırılmış müddəaların praktik icrası dayanır. Lakin razılaşdırılmış mətnin paraflanması artıq tərəflərin sülh istiqamətində prinsipial qərar qəbul etdiyini göstərən mühüm siyasi mesajdır. Dövlət başçımızın da öz çıxış və müsahibələrində dəfələrlə vurğuladığı kimi, biz artıq bir ildir ki, faktiki olaraq sülh şəraitində yaşayırıq. Etiraf olunmalıdır ki, istər 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra, istərsə də 2023-cü ildə ölkəmiz özünün bütün ərazisində dövlət suverenliyini tam bərpa etdikdən sonra Azərbaycan-Ermənistan sərhəddində hələ də silahlı insidentlər baş verirdi. Yalnız 2025-ci ilin 8 avqust tarixində bütün bunlara birdəfəlik son qoyuldu və həmin gündən etibarən sərhədlərimizdə bircə güllə olsun belə, atılmayıb. Bu isə o deməkdir ki, ötən bir ildə formalaşmış sülh şəraiti bundan sonra onilliklər, yüzilliklər boyunca da davam edə bilər. Bu, həm region ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə Cənubi Qafqazın gələcəyinin qarşıdurmalar deyil, əməkdaşlıq və qarşılıqlı maraqlar üzərində qurulmasının mümkün olduğunu nümayiş etdirir. Vaşinqtonda atılmış bu addım tarixə yalnız diplomatik hadisə kimi deyil, həm də regionun gələcək inkişaf modelini müəyyənləşdirə biləcək strateji dönüş nöqtəsi kimi düşə bilər. Azərbaycanın ardıcıl siyasəti nəticəsində formalaşan yeni reallıq sülhün, sabitliyin və iqtisadi inkişafın möhkəmləndirilməsi üçün geniş imkanlar açır. Əgər bu siyasi iradə sonadək qorunarsa, Cənubi Qafqaz uzun illərdən sonra rəqabət və qarşıdurma məkanı deyil, qarşılıqlı faydalı əməkdaşlığın nümunəsinə çevrilə bilər” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön