Ana Sayfa > Özəl > Moskvanın Bakıya mümkün reaksiyası necə ola bilər?
Moskvanın Bakıya mümkün reaksiyası necə ola bilər?Bu gün, 20:49. Yazar: vasif |
![]() Azərbaycanla Ukrayna arasında siyasi təmasların son dövrdə intensivləşməsi diqqət çəkir. Xarici işlər naziri Ceyhun Bayramovun Kiyevə səfəri və Ukrayna rəhbərliyi ilə keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu proses fonunda Rusiyanın mümkün reaksiyası da müzakirə mövzusuna çevrilib. Ədalət Partiyasının sədri Mütəllim Rəhimli hesab edir ki, Azərbaycanın Ukrayna ilə əlaqələri genişləndirməsi ölkənin çoxşaxəli xarici siyasət kursunun tərkib hissəsidir və bu, Rusiyaya qarşı yönəlmiş addım kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, Azərbaycan müharibənin başlanğıcından etibarən beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib, humanitar yardım göstərib, eyni zamanda Rusiya ilə münasibətləri də qoruyub saxlayıb. Ekspert hesab edir ki, Moskva bu prosesdən narahat olsa da, hələlik Bakıya qarşı açıq və sərt addımlar atmağa tələsmir. Mütəllim Rəhimli bunu bir neçə amillə izah edir. Onun fikrincə, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları əvvəlki illərlə müqayisədə zəifləyib və Moskva yanlış addımların mövqelərini daha da sarsıda biləcəyini nəzərə alır. Digər tərəfdən, Azərbaycanın enerji, nəqliyyat və logistika sahəsində artan geosiyasi əhəmiyyəti Rusiyanın seçim imkanlarını məhdudlaşdırır. Siyasətçi bildirir ki, Moskvanın narazılığı birbaşa siyasi qarşıdurmadan daha çox dolayı vasitələrlə özünü göstərə bilər. Bunlara Azərbaycan əleyhinə informasiya kampaniyalarının gücləndirilməsi, miqrasiya və gömrük sahəsində əlavə maneələrin yaradılması, eləcə də Rusiyada yaşayan azərbaycanlılara münasibətdə təzyiq mexanizmlərinin tətbiqi kimi addımlar daxil ola bilər. Onun qənaətinə görə, Rusiya ənənəvi olaraq belə hallarda birbaşa qarşıdurmadan çox iqtisadi və inzibati təsir alətlərindən istifadə etməyə üstünlük verir. Buna görə də Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı fonunda Moskvanın mümkün reaksiyaları daha çox məhz bu istiqamətlərdə özünü göstərə bilər. Geri dön |