Ana Sayfa > Özəl > Avropada qaz kombilərinin dövrü başa çatır: Mərhələli keçidin tarixləri açıqlandı
Avropada qaz kombilərinin dövrü başa çatır: Mərhələli keçidin tarixləri açıqlandıBu gün, 20:18. Yazar: vasif |
![]() Avropa İttifaqı iqlim hədəflərinə nail olmaq və karbon emissiyalarını azaltmaq məqsədilə binaların istilik sistemlərində köklü dəyişikliklərə başlayır. Yeni strategiyaya əsasən, təbii qazla işləyən kombilər mərhələli şəkildə istifadədən çıxarılacaq və onların yerini daha ekoloji istilik texnologiyaları tutacaq. Qəbul edilmiş Binaların Enerji Performansı Direktivinə (EPBD) əsasən, 2028-ci ildən etibarən tikiləcək bütün yeni dövlət binaları "sıfır emissiyalı bina" standartlarına cavab verməlidir. Bu çərçivədə həmin obyektlərdə təbii qazla işləyən istilik sistemlərinin tətbiqi nəzərdə tutulmur. 2030-cu ildən başlayaraq eyni tələblər yeni yaşayış binalarına da şamil ediləcək. Bu tarixdən sonra inşa olunacaq yaşayış evlərində qaz kombilərinin quraşdırılmasına icazə verilməyəcək və layihələr alternativ istilik texnologiyaları əsasında hazırlanacaq. Avropa İttifaqının uzunmüddətli planına görə, 2040-cı ilə qədər hazırda istifadə olunan yaşayış binalarında da təbii qazla işləyən isitmə sistemlərinin mərhələli şəkildə istismardan çıxarılması hədəflənir. Məqsəd fosil yanacaqlardan asılılığı azaltmaq və istixana qazı emissiyalarını minimum səviyyəyə endirməkdir. Yeni strategiyada əsas alternativ kimi istilik nasosları göstərilir. Bu sistemlər havadan, sudan və ya torpaqdan alınan enerjidən istifadə etməklə yanacaq yandırmadan binaların qızdırılmasını təmin edir və daha ekoloji həll hesab olunur. Mütəxəssislərin qiymətləndirməsinə görə, istilik nasosları yüksək enerji səmərəliliyi ilə seçilir. Onlar sərf etdikləri bir vahid elektrik enerjəsi hesabına bir neçə dəfə artıq istilik enerjisi hasil edə bildikləri üçün ənənəvi qaz kombilərindən daha qənaətcil sayılır. Avropa İttifaqı hesab edir ki, bu keçid təkcə iqlim dəyişiklikləri ilə mübarizəyə deyil, həm də enerji təhlükəsizliyinin gücləndirilməsinə, idxal olunan fosil yanacaqlardan asılılığın azaldılmasına və daha dayanıqlı enerji sisteminin formalaşdırılmasına xidmət edəcək. Geri dön |