Ana Sayfa > Özəl > İran-Ermənistan marşrutu “Tramp yolu”nu əvəz edə bilərmi? – Ekspertdən cavab
İran-Ermənistan marşrutu “Tramp yolu”nu əvəz edə bilərmi? – Ekspertdən cavabBu gün, 19:14. Yazar: vasif |
![]() İran və Ermənistan arasında yeni logistika dəhlizinin yaradılması ilə bağlı müzakirələr regionda alternativ nəqliyyat marşrutları ətrafında debatları yenidən gündəmə gətirib. Bəzi erməni ekspertlər bu layihənin TRIPP adlandırılan marşruta qarşı strateji alternativ ola biləcəyini iddia etsələr də, bu yanaşma birmənalı qarşılanmır. Politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan ictimai-siyasi məkanında səsləndirilən bu cür fikirlər daha çox siyasi gözləntilərə əsaslanır və mövcud geoiqtisadi reallıqları tam əks etdirmir. Onun sözlərinə görə, İran-Ermənistan kommunikasiya xətti ilə TRIPP layihəsi tamamilə fərqli məqsədlərə xidmət edir və onların bir-birini əvəz etməsi mümkün deyil. Politoloq vurğulayıb ki, Zəngəzur dəhlizi Orta Dəhlizin əsas hissələrindən biri hesab olunur və beynəlxalq yükdaşımalarında mühüm rol oynamaq potensialına malikdir. Oqtay Qasımov qeyd edib ki, bu marşrut üzrə gələcəkdə milyonlarla ton yükün daşınması nəzərdə tutulur. Buna qarşılıq olaraq İran-Ermənistan xətti mürəkkəb dağlıq relyefdən keçdiyi üçün həm tikinti, həm də istismar baxımından daha çətin və bahalı layihə hesab olunur. Politoloqun fikrincə, Hindistan, İran və Ermənistan arasında alternativ marşrutun yaradılması ideyası uzun illərdir müzakirə olunsa da, layihənin indiyədək reallaşmaması onun iqtisadi səmərəliliyi və praktiki imkanları ilə bağlı sualların hələ də açıq qaldığını göstərir. Ekspert hesab edir ki, İran və Ermənistan arasında nəqliyyat əlaqələrinin inkişafı həmin iki ölkə üçün müəyyən əhəmiyyət daşıya bilər. Lakin bu, regionun əsas tranzit marşrutlarından biri kimi nəzərdə tutulan TRIPP layihəsini əvəz edəcək səviyyədə deyil. Onun qənaətincə, regionda formalaşan nəqliyyat şəbəkələri rəqabətdən daha çox qarşılıqlı tamamlayıcılıq prinsipi üzərində qurulmalıdır. Bu baxımdan müxtəlif marşrutların mövcudluğu mümkündür, lakin onların geostrateji və iqtisadi çəkisi eyni olmur. Politoloq vurğulayıb ki, hər hansı alternativ layihənin uğuru təkcə siyasi bəyanatlardan deyil, iqtisadi əsaslandırmadan, beynəlxalq yük axınlarından, infrastruktur imkanlarından və uzunmüddətli rentabellikdən asılıdır. Məhz bu amillər nəzərə alındıqda İran-Ermənistan logistika xəttinin TRIPP layihəsinə real alternativ olması barədə iddialar inandırıcı görünmür. Geri dön |