Ana Sayfa > Özəl > İran Konvensiyanı yenə ratifikasiya etməsə... Xəzərdə nə dəyişəcək?

İran Konvensiyanı yenə ratifikasiya etməsə... Xəzərdə nə dəyişəcək?


Bu gün, 19:50. Yazar: vasif
İran Konvensiyanı yenə ratifikasiya etməsə... Xəzərdə nə dəyişəcək?



İranın Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci il Konvensiyasını ratifikasiya edib-etməyəcəyi yenidən regional gündəmin əsas mövzularından birinə çevrilib. Tehranın bu məsələ ilə bağlı müsbət siqnallar verməsi sənədin tam hüquqi qüvvəyə minəcəyi ilə bağlı gözləntiləri artırsa da, proses hələ yekunlaşmayıb. Bu isə sual yaradır: əgər İran bu dəfə də Konvensiyanı ratifikasiya etməsə, region üçün hansı nəticələr ortaya çıxa bilər?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, İranın sənədi ratifikasiya etməsi Xəzər dənizində hüquqi münasibətlərin daha aydın şəkildə tənzimlənməsinə, təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verə bilər.
Deputatın sözlərinə görə, Konvensiya Xəzərin hüquqi statusunu müəyyən edən əsas beynəlxalq sənəddir və İranın da onu təsdiqləməsi ilə beş Xəzəryanı dövlətin hamısı eyni hüquqi çərçivədə fəaliyyət göstərəcək. Bu isə gəmiçilik, balıqçılıq, ekologiya, sərhəd məsələləri və dənizdən istifadə ilə bağlı qərarların daha sabit hüquqi əsaslarla qəbul edilməsinə imkan yaradacaq.
Arzuxan Əlizadə qeyd edib ki, hüquqi statusun tam təsdiqlənməsi Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin təhlükəsizliyini daha da möhkəmləndirəcək, yeni investisiyalar üçün əlverişli şərait formalaşdıracaq və beynəlxalq investorların hüquqi risklərini azaldacaq.
Deputat vurğulayıb ki, Xəzər eyni zamanda Orta Dəhlizin əsas hissəsidir. Hüquqi qeyri-müəyyənliyin aradan qalxması Bakı limanının regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirə, yükdaşımaların və nəqliyyat əlaqələrinin inkişafını sürətləndirə bilər.
Onun sözlərinə görə, Konvensiyanın mühüm prinsiplərindən biri də Xəzərdə yalnız sahilyanı dövlətlərin hərbi iştirakına icazə verilməsidir. Bu yanaşma regiondan kənar hərbi qüvvələrin yerləşdirilməsi ehtimalını məhdudlaşdırmaqla yanaşı, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə də xidmət edir.
Deputat bildirib ki, sənəd bütün delimitasiya məsələlərini tam həll etməsə də, İranın ratifikasiyası dənizin dibinin bölünməsi ilə bağlı ikitərəfli danışıqlar üçün daha əlverişli hüquqi və siyasi mühit formalaşdıra bilər.
Arzuxan Əlizadə hesab edir ki, əgər İran Konvensiyanı yenidən ratifikasiya etməsə, Xəzərdə hüquqi qeyri-müəyyənlik tam aradan qalxmayacaq və bu günədək mövcud olan vəziyyət, o cümlədən bəzi hüquqi və praktiki məhdudiyyətlər qüvvədə qalmağa davam edəcək.
Geri dön