Ana Sayfa > Özəl > Yayda ən təhlükəli qidalar açıqlandı: Səhv saxlanılarsa ciddi zəhərlənmə riski yaradır
Yayda ən təhlükəli qidalar açıqlandı: Səhv saxlanılarsa ciddi zəhərlənmə riski yaradırDünən, 21:47. Yazar: vasif |
![]() Yay aylarında havanın yüksək temperaturu qidaların daha tez xarab olmasına və bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Mütəxəssislər bildirirlər ki, təhlükə təkcə məhsulun özündə deyil, onun istehsaldan istehlakçıya çatana qədər keçdiyi bütün mərhələlərdə yaranan yanlış saxlanma və daşınma şəraitindədir. Qida mütəxəssisi Ağa Salamovun sözlərinə görə, hər hansı məhsulu yalnız yay mövsümünə görə təhlükəli hesab etmək düzgün yanaşma deyil. Onun fikrincə, qidalar bütün il ərzində gigiyenik qaydalara uyğun emal, daşınma və saxlanılarsa, zəhərlənmə riski minimuma enir. Əksinə, bu zəncirin hər hansı mərhələsində yol verilən səhvlər sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Mütəxəssis qeyd edir ki, yay mövsümündə xüsusilə ət, toyuq, balıq və mayonez tərkibli məhsullar daha diqqətli saxlanmalıdır. Bu qidalar isti mühitdə qaldıqda mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaranır. Xüsusilə toyuq məhsullarında rast gəlinən salmonella bakteriyası düzgün istilik emalı və saxlanma qaydalarına əməl edilmədikdə ağır qida zəhərlənmələrinə səbəb ola bilər. Onun sözlərinə görə, insanlar tez-tez piknik və ya çimərlik istirahəti zamanı ət məhsullarını uzun müddət avtomobildə və ya günəş altında saxlayırlar. Bu isə məhsulun keyfiyyətini sürətlə aşağı salır. Eyni vəziyyət alış-verişdən sonra saatlarla avtomobildə saxlanılan ət məhsullarına da aiddir. Belə hallarda problem məhsulun mənşəyində deyil, onun düzgün qorunmamasında olur. Ağa Salamov meyvə və tərəvəzlərlə bağlı da ehtiyatlı olmağı tövsiyə edir. Onun sözlərinə görə, məhsulların yetişdirilməsi zamanı normadan artıq gübrə, pestisid və digər kimyəvi vasitələrdən istifadə edilməsi də sağlamlıq üçün əlavə risk yarada bilər. Buna görə də etibarlı mənbələrdən alınan və yaxşı yuyulan məhsullara üstünlük verilməsi vacibdir. Mütəxəssis plastik qablaşdırmada satılan sular və qazlı içkilərlə bağlı da xəbərdarlıq edib. O bildirib ki, bu məhsullar uzun müddət birbaşa günəş şüaları altında saxlanıldıqda plastik qabın tərkibindəki bəzi kimyəvi maddələrin mayeyə keçmə ehtimalı artır. Bu isə baş ağrısı, ürəkbulanma, başgicəllənmə və digər narahatlıqlarla müşayiət olunan yüngül zəhərlənmə əlamətlərinə səbəb ola bilər. Ekspert istehlakçılara şüşə qablaşdırmada olan içkilərə üstünlük verməyi, plastik qablaşdırmada satılan məhsulları isə yalnız kölgədə və düzgün şəraitdə saxlanıldığına əmin olduqdan sonra almağı tövsiyə edir. Mütəxəssislər hesab edirlər ki, yay aylarında qida təhlükəsizliyini qorumağın ən vacib şərti məhsulların soyuq zəncirə uyğun daşınması, düzgün temperaturda saxlanılması və gigiyenik qaydalara ciddi əməl edilməsidir. Bu sadə tədbirlər qida zəhərlənmələrinin qarşısını almaqda mühüm rol oynayır. Geri dön |