Ana Sayfa > Özəl > Moskva İrəvana sərt siqnal verdi: Overçuk ticarətdə ciddi geriləmədən danışdı

Moskva İrəvana sərt siqnal verdi: Overçuk ticarətdə ciddi geriləmədən danışdı


Bu gün, 19:07. Yazar: vasif
Moskva İrəvana sərt siqnal verdi: Overçuk ticarətdə ciddi geriləmədən danışdı



Rusiya hökuməti Ermənistanla iqtisadi münasibətlərdə mənfi dinamikanın dərinləşdiyini açıqlayaraq, qarşıdakı dövrdə ticarət dövriyyəsinin daha da azalacağını istisna etməyib.
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, Moskva son illərdə Ermənistanı Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində baş verən siyasi və iqtisadi dəyişikliklərin ikitərəfli ticarətə mənfi təsir göstərə biləcəyi barədə dəfələrlə xəbərdar edib.
O bildirib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollara çataraq rekord göstərici qeydə almışdı. Lakin 2025-ci ildə bu həcm 8 milyard dollaradək geriləyib. Overçukun sözlərinə görə, 2026-cı ildə isə azalma daha da sürətlənib və mövcud tendensiya davam edərsə, göstəricilər daha da aşağı düşə bilər.
Bununla yanaşı, Ermənistanın rəsmi statistikası fərqli mənzərə ortaya qoyur. Ölkənin Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk altı ayında Rusiya ilə ticarət dövriyyəsi 2,63 milyard dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz azalma deməkdir.
Rəqəmlər göstərir ki, Rusiyanın Ermənistanın ümumi xarici ticarətindəki çəkisi də azalmağa başlayıb. Əgər 2025-ci ilin ilk yarısında Rusiyanın payı 34,7 faiz idisə, 2026-cı ilin eyni dövründə bu göstərici 27,5 faizə enib.
Mütəxəssislər hesab edirlər ki, iqtisadi əlaqələrdə müşahidə olunan geriləmə iki ölkə arasındakı siyasi və geoiqtisadi proseslərlə yanaşı, Ermənistanın xarici iqtisadi əlaqələrini şaxələndirmək istiqamətində atdığı addımlarla da əlaqələndirilir. Bunun fonunda Moskva iqtisadi əməkdaşlığın gələcəyi ilə bağlı narahatlığını açıq şəkildə ifadə etməyə davam edir.
Geri dön