Ana Sayfa > Dünya > Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!

Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!


Bu gün, 15:30. Yazar: vasif
Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!


“Rusiya rəhbərliyinin məqsədi keçmiş Sovet respublikaları üzərində öz təsirini bərpa etməkdir”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O, Ukraynanı bu strategiyanın “əsas elementi” adlandırıb.

“Putinin vəzifəsi artıq dağılmış şeyləri (SSRİ coğrafiyası – red.) bir yerə toplamaqdır. Keçmiş Sovet İttifaqı ölkələri nə qədər güclü və müstəqil olarsa, onun üçün bir o qədər çətin olacaq”, - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna bu vəziyyətdə mərkəzi yer tutur, çünki Moskvanın məğlubiyyəti Rusiyanın digər postsovet dövlətlərinə təzyiqini azalda bilər. “O, bizi sındırmaq istəyir. Əgər bacararsa, digər postsovet ölkələri ilə işi daha asan olacaq. Hamı bunu anlayır və Ukraynanın digər dövlətlərin müstəqilliyi üçün qurbanlar verməsini yüksək qiymətləndirir”, - Ukrayna lideri qeyd edib.

Belədirmi? Ukrayna həm də Azərbaycanın və digər postsovet ölkələrinin müstəqilliyi uğrundamı qurbanlar verir? Putinin gerçək planı nədir və yaxın qonşulara təhlükə qalırmı?

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Putin məqsədinin və missiyasının “Rusiya torpaqlarını toparlamaq” olduğunu açıq şəkildə deyib: “2022-ci ilin iyun ayında Putin gənc sahibkarlarla görüşdə özünü Pyotra bənzətdi, “Pyotr Rusiya torpaqlarını toparladı və dövləti gücləndirdi, indi o missiya bizim üzərimizə düşüb” dedi. Yəni, Zelenski tamamilə haqlıdır. Rusiyanın məqsədi özününkü saydığı bütün torpaqları yenə də vahid dövlətdə birləşdirməkdir.

Çox təəssüf ki, Kreml-Putin Azərbaycanı da Rusiya torpaqlarından hesab edir. Ukraynanın müharibəsi əslində təkcə özü üçün deyil, həm də keçmiş ittifaq respublikaları üçün aparılan müharibədir. Rusiya nə qədər çox yara alsa bundan sonra müstəqil respublikalara qarşı avantüralara başlamaq həvəsi azala bilər. Bu səbəbdən hamının Ukraynanın yanında olması tamamilə təbiidir. Hesab edirəm ki, hətta müəyyən dövlətlər imkanlarından xeyli az Ukraynaya kömək göstərir.

Bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, keçmiş ittifaq respublikalarını bir yerə toplayıb yenidən imperiyanı bərpa etmək planında Ukrayna həlledici halqadır. Hələ Bjezinski yazırdı ki, Ukraynasız Rusiya Avrasiya imperiyası ola bilməz, yalnız Asiya imperiyası ola bilər. Bu səbəbdən Ukraynanın xüsusi yeri var və Ukraynanın mübarizəsi tarixi mübarizədir”.

A.Səmədov qeyd edib ki, Putin öz gerçək məqsədini gizlətmir və keçmiş sovetlər ittifaqını başqa bir formada bərpa eləmək istəyir: “Yəni, onun SSRİ-nin bərpa etmək fikri yoxdur, ancaq Rusiyanı o torpaqlarla birlikdə yeni dövlətə çevirmək istəyir. Düşünür ki, bununla Rusiya dünya məsələlərinin həllində həlledici söz sahiblərindən biri olacaq. Ancaq Rusiya Ukrayna müharibəsində elə yaralara aldı ki, uzun müddət onların sağalması qeyri-mümkündür. Bu müharibə Rusiyanın nüfuzuna da çox ağır zərbələr vurub. Lakin keçmiş ittifaq respublikaları üçün təhlükə qalmaqdadır”.
Geri dön