Ana Sayfa > İqtisadiyyat > Bakı Metropolitenində xətlərin ayrılması bu üstünlükləri yaradacaq - FOTO
Bakı Metropolitenində xətlərin ayrılması bu üstünlükləri yaradacaq - FOTOBu gün, 15:30. Yazar: vasif |
![]() Bakı Metropoliteninin inkişaf strategiyasının əsas mərhələlərindən biri olan Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin tikinti mərhələsinə 15 avqust 2026-cı il tarixindən başlanılması nəzərdə tutulur. "aia.az" xəbər verir ki, layihə çərçivəsində "Nizami"–"28 May" arasında mövcud tunel istismardan çıxarılacaq və konstruktiv baxımdan ləğv ediləcək. Əvəzində "Nizami"–"Cəfər Cabbarlı" istiqamətində iki yeni metro tuneli inşa ediləcək. Tikinti işlərinin təxminən 10 ay müddətində başa çatdırılması planlaşdırılır. Bu müddətdə Yaşıl xətt üzrə qatarların hərəkəti müvəqqəti olaraq "Nizami" stansiyasına qədər təşkil olunacaq. Tikinti dövründə gözlənilən əsas çətinliklərə gəlincə, tikinti müddətində Qırmızı və Yaşıl xətlər arasında birbaşa metro əlaqəsi müvəqqəti olaraq dayandırılacaq. Nəticədə sərnişinlərin xəttlərarası keçid imkanı məhdudlaşacaq ki, bu səfər marşrutlarında dəyişikliklər və müəyyən nəqliyyat çətinlikləri yaradacaq. Risklərin minimuma endirilməsi məqsədilə M1–M6 indeksli 6 müvəqqəti ekspres avtobus marşrutu təşkil ediləcək və həmin marşrutlara ümumilikdə 87 avtobus cəlb olunacaq. Eyni zamanda mövcud müntəzəm avtobus marşrutlarına 97 əlavə avtobus xəttə buraxılacaq. Sərnişinlərin səfərlərinin mövcud metro xətləri və ya birbaşa alternativ yerüstü ictimai nəqliyyat vasitələri ilə təşkil edilməsi nəzərdə tutulur. Tikinti dövründə sərnişinlərin gündəlik səfərlərində yaranacaq dəyişikliklərin və müvəqqəti çətinliklərin minimuma endirilməsi məqsədilə müvəqqəti hərəkət sxemi və alternativ marşrutlar barədə intensiv məlumatlar yayılacaq. Onu da əlavə edək ki, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi geniş yayılmış praktikadır, dünyanın bütün ölkələrində həyata keçirilir və insanların rahatlığını təmin etmək məqsədi güdür. Layihənin əsas nəticələrindən biri odur ki, Qırmızı və Yaşıl xətlər tam müstəqil fəaliyyət göstərəcək. Bir xəttdə baş verən nasazlıq və ya gecikmə digər xəttin hərəkətinə təsir etməyəcək. "28 May" stansiyasında platforma yüklənməsi və sərnişin sıxlığı əhəmiyyətli dərəcədə azalacaq. Yaşıl xətt üzrə "Cəfər Cabbarlı–Xətai" sahəsində qatarların hərəkət intervalı 8 dəqiqədən 3 dəqiqə 30 saniyəyədək azalacaq. Növbəti mərhələlərdə hər iki xətt üzrə qatarların hərəkət intervalının təxminən 2 dəqiqəyədək azaldılması üçün texniki imkan yaradılacaq. Nəticə etibarilə, layihənin icrası tikinti dövründə müəyyən müvəqqəti çətinliklər yaratsa da, Bakı Metropoliteninin gələcək inkişafını təmin edəcək əsas infrastruktur məhdudiyyətini aradan qaldıracaq və şəhərin artan nəqliyyat tələbatına uyğun dayanıqlı metro şəbəkəsinin formalaşdırılmasına imkan verəcək. Göründüyü kimi, müvəqqəti xarakter daşıyan çətinlik qarşıdan gələn uzun illər Bakı metrosunun daha təkmil formada və insanların istəklərinə uyğun fəaliyyətini hədəfləyib. Buna görə də hazırkı çətinliyə dözümlü yanaşmaq tövsiyə olunur.
Geri dön |