Ana Sayfa > Özəl > Simonyanın hökumətdən kənarda qalması İrəvanda yeni siyasi ssenariləri gündəmə gətirdi

Simonyanın hökumətdən kənarda qalması İrəvanda yeni siyasi ssenariləri gündəmə gətirdi


Bu gün, 19:51. Yazar: vasif
Simonyanın hökumətdən kənarda qalması İrəvanda yeni siyasi ssenariləri gündəmə gətirdi



Ermənistanda yeni hökumətin tərkibi açıqlansa da, gözlənilən genişmiqyaslı kadr dəyişiklikləri baş vermədi. Bununla belə, ən çox diqqət çəkən məqamlardan biri parlamentin sabiq sədri Alen Simonyanın Nazirlər Kabinetində heç bir vəzifə almaması oldu. Bu qərar ölkənin siyasi dairələrində müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub.
Siyasi müşahidəçilərin fikrincə, Simonyanın hökumətdən kənarda saxlanılması təsadüfi addım deyil. İddialara görə, son dövrlərdə onun artan siyasi nüfuzu və gələcək planları Nikol Paşinyanın qərarına təsir göstərən əsas amillərdən biri olub. Bununla belə, bu addım Simonyanın siyasi karyerasının sona çatdığı anlamına gəlmir.
Ermənistanda parlament tam formalaşdıqdan sonra prezident seçkilərinin keçirilməsi ehtimalı da gündəmdədir. Bu baxımdan Alen Simonyanın gələcəkdə prezident postuna namizədlərdən biri kimi irəli sürülə biləcəyi barədə ehtimallar səsləndirilir. O, hakim komanda daxilində müəyyən siyasi çəkisini qoruyan fiqurlardan biri hesab olunur.
Alen Simonyan son illərdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində verdiyi açıqlamalarla da diqqət çəkib. O, regionda uzunmüddətli sülhün və kommunikasiyaların açılmasının Ermənistanın maraqlarına uyğun olduğunu müxtəlif platformalarda ifadə edib.
Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, yeni hökumətdə ciddi dəyişikliklərin baş verməməsi Nikol Paşinyanın mövcud komandaya etimadını göstərir. Onun fikrincə, hökumətin əsas prioritetləri Avrointeqrasiya kursunun davam etdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və Azərbaycanla münasibətlərin normallaşdırılması olacaq.
Ekspert hesab edir ki, hakimiyyət daxilində diqqət çəkən digər məsələ müdafiə naziri Suren Papikyanla bağlıdır. Onun sözlərinə görə, orduda baş verən problemlər, silahlanma sahəsində mövcud çətinliklər və şəxsi heyətlə bağlı hadisələr gələcəkdə müdafiə nazirinin istefası ehtimalını da gündəmdə saxlaya bilər.
Politoloq vurğulayır ki, Paşinyan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri də Azərbaycanla sülh sazişi üçün hüquqi zəminin hazırlanmasıdır. Bunun üçün Konstitusiyaya mümkün dəyişikliklər, parlamentdə müvafiq qərarlar və referendum məsələsinin gündəmə gəlməsi istisna olunmur.
Ekspertin fikrincə, hakimiyyət üçün digər mühüm sınaq Ermənistan Apostol Kilsəsi ilə münasibətlər olaraq qalır. Baş nazir Nikol Paşinyanla II Qaregin arasında davam edən qarşıdurma ölkənin daxili siyasi gündəminin əsas mövzularından biridir və yaxın dövrdə bu istiqamətdə yeni addımların atılması ehtimalı da istisna edilmir.
Beləliklə, Alen Simonyanın hökumətdə yer almaması Ermənistan siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu qərarın siyasi rəqabətin tərkib hissəsi, yoxsa gələcək vəzifə bölgüsü üçün atılmış taktiki addım olduğu isə qarşıdakı aylarda daha aydın görünəcək.
Geri dön