Ana Sayfa > Siyasət / Karusel > "Ermənistanda prezident dəyişikliyi gözlənilir"
"Ermənistanda prezident dəyişikliyi gözlənilir"2-04-2017, 12:24. Yazar: admin |
"Ermənistanda prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçirlər. Bundan sonra orada prezidenti deputatlar seçəcək, özü də 7 il müddətə, deputatların sayı isə azaldılacaq. Belə bir sistemin yaradılmasının təşəbbüskarı isə hakimiyyətdə olan "Qarabağ klanı"dır. Bu, ölkədəki böhranın və Qarabağdakı uğursuzluğun məsuliyyətini daşımamaq üçün qurulmuş yeni bir oyundur. Bu oyunun nəticəsində Ermənistan parlamentində hakimiyyəti kriminal qruplar ələ alacaqlar". Bunu "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov aprelin 2-də Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı son vəziyyəti Milli.Az-a şərh edərkən deyib. Onun sözlərinə görə, bunlar əsasən Rusiyada qanunsuz yollarla milyardlar qazanmış erməni oliqarxlardır: "Onlar öz nümayəndələrini parlamentə yeritməklə Ermənistanın idarəçiliyini öz əllərinə keçirəcəklər. Bunların arasında ən birinci yerdə Rusiyadakı "Taşir" qrupunun rəhbəri Samvel Karapetyan gedir. Artıq bir müddət əvvəl onun qohumu Karen Karapetyan Ermənistanda baş nazir vəzifəsinə gətirilib. Samvel Karapetyanın Ermənistana bu yaxınlardakı səfəri ondan xəbər verir ki, Ermənistanın iflic vəziyyətinə düşmüş iqtisadiyyatını Rusiyada fəaliyyət göstərən erməni biznesmenlərin və kriminal qrupların əli ilə bərpa və inkişaf etdirmək istəyirlər. İkinci yerdə oliqarx Qaqik Tsarukyanın qrupu gedir. Bu şəxs də kriminal qrupların nümayəndəsidir. Üçüncü isə Oskanyan-Ohanyan-Hovannisyan qrupu və daşnaklardır. Yaxın gələcəkdə parlament məhz bu qrupların əlində cəmləşəcək. Qeyd edim ki, bütün erməni siyasətçilərinin kriminal ləqəbləri var. Təbii ki, bu cür insanların parlamentdə təmsil olunması üçün seçkilərdə mütləq saxtakarlıq ediləcək". Rusiya Ermənistanı yeni əllərə verir - İş başına "milyarderlər qrupu" keçir Ekspert hesab edir ki, parlament seçkilərindən sonra Ermənistanda prezident dəyişikliyi də ola bilər: "Seçkilərdən sonra "Qarabağ klanı"yenə də hakimiyyətdə qalacaq. Ola bilər ki, parlamentin formalaşmasından sonra 2018-ci ildə Karen Karapetyan yeni prezident seçilsin. Bunun gerçəkləşməsi ehtimalı çox böyükdür. Çünki əsas oyunçulardan biri onun qohumu Samvel Karapetyandır". Bununla yanaşı, E.Ələsgərovun fikrincə, Ermənistanı yaxın gələcəkdə siyasi və iqtisadi böhran gözləyir: "Hadisələrin gedişatı göstərir ki, parlament seçkilərindən sonra Ermənistan daha böyük siyasi və iqtisadi böhrana doğru yönələcək. Çünki bundan sonra Rusiyadakı fəaliyyət göstərən və öz nümayəndələrini parlamentə seçdirən kriminal qruplar Ermənistanın olan-qalan büdcəsi uğrunda mübarizəyə başlayacaqlar. Təbii ki, Ermənistanı bu iflic vəziyyətdən əslində heç kim çıxarmayacaq, əksinə olan qalan var-dövlət də talan ediləcək". Politoloq Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərlərindən olan Samvel Babayanın seçki ərəfəsində həbsinin pərdəarxası tərəflərini də açıqlayıb: "Onu Gürcüstandan Ermənistan qanunsuz yolla "İqla" zenit-raket sisteminin keçirməkdə ittiham edirlər. Guya Babayan bununla Sarkisyana qarşı terror aktı törədəcəkmiş. Bunlar hamısı bir oyundur, çünki Samvel Babayan da Serj Sarkisyan və Robert Koçaryanla birgə "Qarabağ klanı"nın nümayəndəsidir. Belə bir oyunla onlar Serj Sarkisyanın nüfuzunu qaldırmaq istəyirlər. Guya Sarkisyanın vertolyotunu Dağlıq Qarabağda vurmaq istəyirmişlər. Əgər Dağlıq Qarabağdakı muzdlu terrorçuların başçısı olmuş S.Babayan orada bunu həyata keçirmək üçün başqa "İqla" tapa bilməmişdi? Niyə "İqla"nı məhz Gürcüstandan Ermənistana gətirib? İstintaq zamanı guya müəyyən edilib ki, o, şəxsən "İqla"nı Ermənistana gətirmək üçün telefonla danışıqlar aparıb. Bu çox gülüncdür. Əvvəla, Gürcüstan tərəfi bu "İqla"nın hardan keçdiyini bilmir. Axı belə bir raket sistemini sərhəddən keçirmək belə asan şey deyil. İkincisi, Dağlıq Qarabağda o qədər "İqla" var ki, Babayan onlardan istifadə edə bilmirdi? Üçüncüsü, əgər Babayan siyasi xadimdirsə, niyə özü "İqla"nı almaq üçün telefonla zəng edib danışıq aparırdı? Heç kim telefonla xaricə zəng edib "mənə raket gətir" deməz. Bu yalnız onun üçün edilib ki, səsini yazıb daha sonra siyasi teatr düzəltsinlər". Ermənilərin seçimi - Ya inqilab, ya da məhvə məhkumluq... Qeyd edək ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilir. Bu, ölkədə parlament idarə üsuluna keçidi nəzərdə tutan 2015-ci ildəki konstitusiya dəyişikliyindən sonra ilk seçkilər olacaq. Bu, Ermənistanın prezident idarə üsulundan parlament idarə üsuluna keçid üçün atdığı konkret addım hesab olunur. Yeni parlament proporsional sistem əsasında formalaşacaq. Daha sonra parlament üzvləri prezidenti 7 illiyə seçəcək. Prezident isə parlament seçkilərində mütləq qələbə qazanmış partiya və ya siyasi blokun namizədini baş nazir təyin edəcək. Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür. İlkin İzzət Geri dön |