Ana Sayfa > Siyasət > Azərbaycan və Qırğızıstan arasında əlaqələr yeni mərhələyə qədəm qoyur

Azərbaycan və Qırğızıstan arasında əlaqələr yeni mərhələyə qədəm qoyur


Bu gün, 15:55. Yazar: azer
Azərbaycan və Qırğızıstan arasında əlaqələr yeni mərhələyə qədəm qoyur

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri təkcə ikitərəfli münasibətlər baxımından deyil, ümumilikdə Mərkəzi Asiya regionunun geostrateji mənzərəsi kontekstində mühüm tarixi mərhələ hesab olunmalıdır. Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması və eyni zamanda Azərbaycanın Mərkəzi Asiya dövlətləri başçılarının qeyri-rəsmi görüşündə iştirakı Bakının son illərdə yürütdüyü məqsədyönlü xarici siyasət kursunun Mərkəzi Asiya vektoru ilə tam üst-üstə düşdüyünü nümayiş etdirir. Bu addım diplomatiya iyerarxiyasında ən yüksək pillə olmaqla yanaşı, iki ölkə arasında formalaşmış dərin etimadın və strateji tərəfdaşlığın məntiqi nəticəsidir.

Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərini təkcə coğrafi yaxınlıq deyil, ortaq tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və əsrlər boyu formalaşmış dostluq əlaqələri birləşdirir. Müstəqillik illərində bu münasibətlər ardıcıl şəkildə inkişaf etsə də, son illərdə Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı dövlət səfərləri, imzalanan sənədlər, iqtisadi layihələr və beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən həmrəylik bunu bir daha təsdiqləyir.

Çolpon-Ata Bəyannaməsinin əsas mahiyyəti Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqu daha da gücləndirmək, iqtisadi əməkdaşlığı genişləndirmək, nəqliyyat-logistika imkanlarını artırmaq, enerji təhlükəsizliyi, rəqəmsallaşma, yaşıl enerji, ekologiya və humanitar əlaqələr sahəsində ortaq fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir. Sənəd həm də türk dövlətlərinin qlobal çağırışlara birlikdə cavab vermək əzmini nümayiş etdirir.

Son illər dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artıb. Asiya ilə Avropanı birləşdirən bu marşrutun əsas iştirakçılarından biri olan Azərbaycan müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası vasitəsilə Mərkəzi Asiya ölkələrinin etibarlı tərəfdaşına çevrilib. Çolpon-Ata Bəyannaməsi bu imkanların daha səmərəli istifadəsini, yükdaşımaların artırılmasını və logistika sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və gələcəkdə tam reallaşacaq Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında daşımaların daha sürətli və səmərəli həyata keçirilməsinə imkan verəcək. Bu layihələr yalnız iqtisadi dividendlər qazandırmayacaq, həm də türk dövlətləri arasında inteqrasiyanı daha da gücləndirəcək.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin həyata keçirdiyi enerji layihələri Mərkəzi Asiya dövlətləri üçün də yeni imkanlar yaradır. Xəzər dənizi üzərindən enerji əməkdaşlığının genişləndirilməsi, yaşıl enerji layihələrinin reallaşdırılması və bərpaolunan enerji mənbələrinin inkişafı Çolpon-Ata Bəyannaməsində xüsusi yer tutur. Bu əməkdaşlıq regionun dayanıqlı inkişafına mühüm töhfə verəcək.

Prezident İlham Əliyev Çolpon-Atada çıxışı zamanı vurğulamışdır ki, "Azərbaycan türk dünyasının birliyinin möhkəmlənməsinə bundan sonra da bütün səylərini göstərəcək." Bu fikir ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən birini əks etdirir. Azərbaycan Türk Dövlətləri Təşkilatının fəal üzvü kimi ortaq layihələrin həyata keçirilməsinə, iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə və türk xalqları arasında həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verir.

Humanitar əməkdaşlıq da münasibətlərin ayrılmaz hissəsidir. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti, idman və turizm sahələrində həyata keçirilən birgə layihələr xalqları daha da yaxınlaşdırır. Ortaq tarix və mədəni irsin qorunması istiqamətində görülən işlər türk dünyasının gələcək nəsillərinin milli kimlik ruhunda yetişməsinə xidmət edir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar da Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafına əlavə təkan verib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri dost ölkələrin şirkətlərinin də bu prosesdə iştirakına geniş imkanlar açıb. Bu isə qarşılıqlı iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət edir.

Ümummilli Lider Heydər Əliyev deyirdi: "Xalqlarımızı bir-birinə bağlayan ortaq köklər bizim ən böyük sərvətimizdir." Bu fikir bu gün də öz aktuallığını qoruyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həmin ortaq köklər yeni strateji əməkdaşlıq formatına çevrilib.

Çolpon-Ata Bəyannaməsi Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Bu sənəd təkcə bugünkü əməkdaşlığın deyil, həm də gələcək onilliklərin inkişaf perspektivlərini müəyyənləşdirən mühüm siyasi platformadır. Regional təhlükəsizlik, iqtisadi inteqrasiya, enerji əməkdaşlığı, nəqliyyat dəhlizlərinin inkişafı və humanitar əlaqələrin genişləndirilməsi baxımından bəyannamənin əhəmiyyəti olduqca böyükdür.
Səfər çərçivəsində dövlət başçılarına qarşılıqlı şəkildə ali dövlət mükafatlarının təqdim olunması da xüsusi siyasi məna daşıyır. Prezident İlham Əliyevin Qırğız Respublikasının I dərəcəli "Manas" ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi iki ölkə arasında formalaşmış yüksək etimadın və strateji tərəfdaşlığın rəmzi ifadəsidir. Bu, eyni zamanda, dövlət rəhbərlərinin Türk dünyasının birliyinə, regional əməkdaşlığın inkişafına və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə verdikləri töhfəyə verilən yüksək qiymətdir.
Prezident İlham Əliyevin bu səfəri bir daha sübut etdi ki, Azərbaycan regional və qlobal proseslərdə etibarlı tərəfdaş, təşəbbüskar dövlət və Türk dünyasının birliyini möhkəmləndirən aparıcı siyasi mərkəzlərdən biri kimi mövqeyini ardıcıl şəkildə gücləndirir. Müttəfiqlik münasibətlərinin yeni mərhələsi isə iki qardaş ölkənin deyil, bütövlükdə Türk dünyasının gələcək inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Geri dön