Ana Sayfa > Özəl > KTMT-də Ermənistan üçün kritik tarix açıqlandı – Həlledici qərar noyabrda verilə bilər

KTMT-də Ermənistan üçün kritik tarix açıqlandı – Həlledici qərar noyabrda verilə bilər


Bu gün, 19:16. Yazar: vasif
KTMT-də Ermənistan üçün kritik tarix açıqlandı – Həlledici qərar noyabrda verilə bilər




Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) gələcək statusu ilə bağlı mühüm qərarın qəbul olunacağı tarix açıqlanıb. Təşkilat rəhbərliyi İrəvanın uzun müddətdir öhdəliklərini yerinə yetirməməsi səbəbindən onun hüquqlarının məhdudlaşdırılması məsələsini rəsmi gündəliyə çıxarmağa hazırlaşır.
Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev RIA Novosti agentliyinə bildirib ki, Ermənistanın təşkilat daxilində səsvermə hüququnun dayandırılması məsələsi noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında müzakirə olunacaq.
Onun sözlərinə görə, həmin toplantıda Ermənistanın həm maliyyə öhdəlikləri, həm də təşkilat qarşısında yerinə yetirmədiyi institusional vəzifələr ayrıca qiymətləndiriləcək. Vasilyev xatırladıb ki, KTMT Nizamnaməsinə əsasən, üzv ölkə iki il ərzində büdcə ödənişlərini həyata keçirmədikdə və ya təşkilat qarşısındakı öhdəliklərini icra etmədikdə, onun səsvermə hüququ və kvota üzrə vəzifələrə namizəd irəli sürmək imkanları məhdudlaşdırıla bilər.
Qeyd olunur ki, Ermənistan artıq iki ildən çoxdur KTMT-nin fəaliyyətində faktiki iştirak etmir. Rəsmi İrəvan təşkilatın katibliyində kvota ilə nəzərdə tutulan vəzifələrə nümayəndə göndərməyib, eyni zamanda Birləşmiş Qərargahda çalışan erməni hərbçiləri də geri çağırıb.
Müşahidəçilər hesab edirlər ki, bu addım texniki prosedurdan daha çox siyasi məna daşıyır. Son illərdə Ermənistanın KTMT-dən uzaqlaşması, Qərblə hərbi-siyasi əlaqələrini genişləndirməsi və təşkilatın fəaliyyətini açıq şəkildə tənqid etməsi Moskva ilə münasibətlərdə ciddi gərginlik yaradıb.
Politoloq Rəhman Bayramovun fikrincə, gündəmə gətirilən məsələ son illərdə yaşanan proseslərin məntiqi davamıdır.
Onun sözlərinə görə, Ermənistan uzun müddətdir təşkilatın fəaliyyətində iştirak etmir, hərbi təlimlərdən yayınır, maliyyə öhdəliklərini yerinə yetirmir və KTMT-ni öz təhlükəsizlik maraqlarına cavab verməyən qurum kimi təqdim edir. Bu baxımdan təşkilatın nizamnamədə nəzərdə tutulan mexanizmləri işə salması gözlənilən idi.
Ekspert hesab edir ki, burada əsas məqsəd Ermənistanın səsvermə hüququndan daha çox, Rusiyanın İrəvana göndərdiyi siyasi mesajdır. Onun fikrincə, Kreml göstərmək istəyir ki, heç bir üzv dövlət həm təşkilatda qalaraq onun imkanlarından yararlana, həm də fəaliyyətini davamlı şəkildə boykot edə bilməz.
Politoloq vurğulayır ki, Ermənistanın KTMT-dən formal şəkildə çıxıb-çıxmaması artıq əsas məsələ deyil. Çünki İrəvan faktiki olaraq son illərdə bu hərbi blokdan siyasi və təhlükəsizlik baxımından uzaqlaşıb. Noyabrda səsvermə hüququnun məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilərsə, bu, yeni vəziyyət yaratmayacaq, sadəcə mövcud siyasi reallığın hüquqi müstəviyə keçirilməsi kimi qiymətləndirilə bilər.
Rəhman Bayramov əlavə edib ki, Moskva da Ermənistanı tamamilə itirməyin Cənubi Qafqazda öz geosiyasi mövqelərini zəiflədə biləcəyini anlayır. Bu səbəbdən Rusiya bir tərəfdən təzyiq siyasəti yürüdür, digər tərəfdən isə münasibətlərin tam qırılmasına yol verməməyə çalışır. Onun fikrincə, noyabrın 11-də keçiriləcək KTMT sammiti təkcə Ermənistanın təşkilatdakı statusu ilə bağlı deyil, həm də regionda formalaşan yeni siyasi və təhlükəsizlik balansı baxımından mühüm əhəmiyyət daşıyacaq.
Geri dön