Ana Sayfa > Özəl > Paşinyan Simonyanı hökumətdən kənarda saxladı? – Ermənistanda diqqətçəkən iddia

Paşinyan Simonyanı hökumətdən kənarda saxladı? – Ermənistanda diqqətçəkən iddia


Bu gün, 18:29. Yazar: vasif
Paşinyan Simonyanı hökumətdən kənarda saxladı? – Ermənistanda diqqətçəkən iddia



Ermənistanın keçmiş parlament sədri Alen Simonyanın hökumətdə yeni vəzifə almaq cəhdinin nəticəsiz qaldığı iddia olunur. Erməni mətbuatının yaydığı məlumata görə, baş nazir Nikol Paşinyan onun irəli sürdüyü təklifləri qəbul etməyib.
"Joxovurd" qəzetinin hökumətə yaxın mənbələrə istinadən yazdığı xəbərə görə, Simonyan parlament sədri postunu tərk etdikdən sonra Paşinyanla görüşərək dövlət idarəçiliyində fəaliyyətini davam etdirmək istədiyini bildirib.
İddialara əsasən, sabiq spiker baş nazirin müavini vəzifəsinə təyin olunmağı, alternativ olaraq isə Ermənistanın Böyük Britaniyadakı səfiri postuna göndərilməsini xahiş edib.
Lakin nəşrin məlumatına görə, Nikol Paşinyan bu təkliflərin heç birini qəbul etməyib. Bildirilir ki, hökumət başçısı Simonyana əvvəlcə məzuniyyətə çıxmağı və istirahət etməyi tövsiyə edib.
Məlumatda qeyd olunur ki, Alen Simonyan iyulun ortalarından etibarən Ermənistanı tərk edib və hələ də ölkəyə qayıtmayıb. Qəzetin iddiasına görə, onun avqustun ortalarında geri dönməsindən sonra yeni təyinat məsələsi yenidən gündəmə gələ bilər.
Bununla yanaşı, hökumət dairələrinə yaxın mənbələr Paşinyanın son dövrlərdə Simonyanın fəaliyyəti və adının hallandığı bəzi hadisələrdən narazı olduğunu bildirirlər. Məhz bu səbəbdən yaxın perspektivdə onun hər hansı yüksək dövlət vəzifəsinə gətirilməsi ehtimalının aşağı olduğu iddia edilir.:::
Geri dön