Ana Sayfa > Özəl > Kreml yeni səfərbərliyə hazırlaşır? – Seçkilərdən sonra kritik qərar

Kreml yeni səfərbərliyə hazırlaşır? – Seçkilərdən sonra kritik qərar


Bu gün, 21:00. Yazar: vasif
Kreml yeni səfərbərliyə hazırlaşır? – Seçkilərdən sonra kritik qərar



Rusiyada yaxın aylarda yeni səfərbərlik qərarının verilə biləcəyi iddiaları yenidən gündəmə gəlib. Xarici mənbələrin yaydığı məlumata görə, Kreml sentyabrda keçiriləcək Dövlət Duması seçkilərindən sonra ordu sıralarını genişləndirmək üçün əlavə tədbirlər görməyi nəzərdən keçirir.
The Wall Street Journal qəzetinin ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı məlumata əsasən, bu ehtimalın əsas səbəbi müqavilə əsasında xidmətə cəlb olunanların sayının azalması və Ukrayna cəbhəsində canlı qüvvəyə ehtiyacın artmasıdır. Bildirilir ki, Moskva hərbi əməliyyatlarda irəliləyişi qorumaq üçün yeni insan resursları axtarır.
Nəşr yazır ki, mümkün yeni səfərbərlik əvvəlki kampaniyadan fərqlənə bilər. Bu dəfə təkcə ehtiyatda olan və hərbi təcrübəsi olan şəxslərin deyil, hazırlıq səviyyəsi zəif olan və ya hərbi xidmətə könüllü olmayan vətəndaşların da prosesə cəlb edilməsi istisna edilmir.
Moskvadakı Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin rəhbəri Ruslan Puxov hesab edir ki, cəbhədə irəliləyiş tempinin zəifləməsi Kremlin qarşıya qoyduğu hədəfləri çətinləşdirir. Onun fikrincə, Donetsk və Luqansk vilayətlərinin tam nəzarətə götürülməsi məqsədi dəyişməz qalarsa, yeni səfərbərlik qərarı qaçılmaz ola bilər.
Qəzet eyni zamanda xəbərdarlıq edir ki, belə bir addım Rusiya daxilində ciddi narazılıq yarada bilər. Məlumata görə, bəzi ehtiyatda olan hərbçilər və hərbi xidmət yaşında olan şəxslər mümkün səfərbərliyə açıq şəkildə etiraz edəcəklərini bildirirlər.
Məlumatlarda Rusiyanın müxtəlif bölgələrində hərbi xidmət yaşında olan kişilərlə bağlı yoxlamaların və reydlərin artdığı da qeyd olunur. Penza vilayətində insanların məcburi şəkildə hərbi komissarlıqlara aparıldığı, oxşar halların isə Udmurtiya, Ulyanovsk və Rostov vilayətlərində də qeydə alındığı iddia edilir.
Diqqət çəkən məqamlardan biri də əmək bazarında baş verən dəyişikliklərdir. Bildirilir ki, son günlər hərbi uçot və səfərbərlik işinin təşkili üzrə mütəxəssislərə tələbat əhəmiyyətli dərəcədə artıb. Məşğulluq platformalarında bu istiqamətdə minlərlə yeni vakansiyanın yerləşdirilməsi mümkün hazırlıq prosesinin göstəricilərindən biri kimi qiymətləndirilir.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev açıqlayıb ki, 2026-cı ilin ilk yarısında müqavilə əsasında xidmətə təxminən 200 min nəfər qəbul olunub. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə daha aşağıdır.
Qərb kəşfiyyatının qiymətləndirmələrində isə bildirilir ki, 2026-cı ilin ortalarınadək Rusiya ordusunun ümumi itkiləri – ölən və yaralananlar birlikdə – 1,4 milyon nəfərə çatıb. Həmin mənbələrin fikrincə, mövcud müqaviləli hərbçi axını bu itkiləri tam kompensasiya etməyə kifayət etmir və məhz buna görə yeni səfərbərlik ehtimalı beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib.
Geri dön