Ana Sayfa > Özəl > Kadırovun yaxın çevrəsində olmuş eks-senator "Qara delfin"də aclıq aksiyasına başladı

Kadırovun yaxın çevrəsində olmuş eks-senator "Qara delfin"də aclıq aksiyasına başladı


Bu gün, 17:44. Yazar: vasif
Kadırovun yaxın çevrəsində olmuş eks-senator "Qara delfin"də aclıq aksiyasına başladı



Rusiyada ömürlük həbs cəzası çəkən keçmiş senator Rauf Araşukov cəzaçəkmə müəssisəsində növbəti dəfə aclıq aksiyasına başladığını açıqlayıb.
Vəkili Dmitri Trubnikovun verdiyi məlumata görə, xüsusi rejimli "Qara delfin" koloniyasının cərimə təcridxanasında (ŞİZO) saxlanılan Araşukov yemək qəbul etmir və yalnız su içir.
Bildirilib ki, keçmiş senatorun əsas tələbi müəssisədə əmək fəaliyyəti üçün normal şərait yaradılmasıdır.
Bu, Araşukovun həbsdə keçirdiyi ilk aclıq aksiyası deyil. O, 2021-ci ildə də həyat yoldaşı ilə görüşə icazə verilməsi tələbi ilə aclıq etmişdi.
Rauf Araşukov uzun illər Rusiyanın hakim "Vahid Rusiya" Partiyasının üzvü olub. O, eyni zamanda Çeçenistan rəhbəri Ramzan Kadırovla yaxın münasibətləri ilə tanınıb. Araşukov müxtəlif vaxtlarda Kadırovla birgə fotolar paylaşaraq onu açıq şəkildə "böyük qardaşım" adlandırmışdı.
Xatırladaq ki, Araşukov sifarişli qətllərin təşkili və mütəşəkkil cinayətkar qrup yaratmaq ittihamları ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. Ona əlavə olaraq, "Qara delfin" koloniyasında daha əlverişli şərait əldə etmək məqsədilə Federal Penitensiar Xidmət əməkdaşlarına 5 milyon dollar rüşvət təklif etmək ittihamı da irəli sürülüb.
Geri dön