Ana Sayfa > Özəl > Müctəba Xameneinin səsi niyə yayımlanmır? – İran mediası təhlükəsizlik iddialarını gündəmə gətirdi
Müctəba Xameneinin səsi niyə yayımlanmır? – İran mediası təhlükəsizlik iddialarını gündəmə gətirdiBu gün, 20:45. Yazar: vasif |
![]() İranın ali rəhbəri kimi təqdim olunan Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmaması və indiyədək səs yazılarının yayılmaması ölkə mediasında yeni müzakirələrə səbəb olub. İranın "Hamsheri" Telegram kanalı bunun mümkün səbəbləri ilə bağlı müxtəlif iddialar irəli sürüb. Musavat.com xəbər verir ki, kanalın paylaşdığı təhlildə əsas arqument təhlükəsizlik məsələləri ilə əlaqələndirilir. İddia olunur ki, müasir kəşfiyyat texnologiyaları vasitəsilə səs yazılarının texniki analizi aparılaraq onların qeydə alındığı mühit barədə müxtəlif məlumatlar əldə etmək mümkündür. Paylaşımda bildirilir ki, səs yazılarındakı əks-səda, rezonans və akustik xüsusiyyətlərdən istifadə etməklə otağın memarlıq quruluşu və bəzi texniki parametrləri barədə ehtimallar irəli sürmək mümkündür. Eyni zamanda, elektrik şəbəkəsindən yaranan fon səsləri və səsyazma avadanlığının texniki xüsusiyyətlərinin də müəyyən məlumatlar verə biləcəyi iddia edilir. Təhlildə həmçinin qeyd olunur ki, nitqin tempi, nəfəsalma ritmi və səs rezonansının analizi əsasında danışanın fiziki vəziyyəti və psixoloji gərginliyi barədə də müəyyən ehtimallar formalaşdırıla bilər. Bununla belə, bu iddiaların müstəqil şəkildə təsdiqləndiyi barədə məlumat yoxdur. "Hamsheri" Telegram kanalı bütün bu amilləri əsas gətirərək Müctəba Xameneinin indiyədək səs yazılarının ictimaiyyətə təqdim edilməməsinin mümkün səbəblərindən birinin təhlükəsizlik mülahizələri ola biləcəyini irəli sürür. Qeyd edək ki, bu məlumatlar İran mediasında yayılan iddialara əsaslanır və rəsmi Tehran tərəfindən bu məsələ ilə bağlı hər hansı açıqlama verilməyib. Ayrıca, Müctəba Xameneinin statusu və onun ictimai fəaliyyəti ilə bağlı müxtəlif məlumatlar mövcuddur və təqdim olunan iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Geri dön |