Ana Sayfa > Gündəm / Manşet > "Ali Baş komandan beynəlxalq aləmə ciddi mesajlar verdi"

"Ali Baş komandan beynəlxalq aləmə ciddi mesajlar verdi"


1-04-2017, 14:21. Yazar: admin
"Ali Baş komandan beynəlxalq aləmə ciddi mesajlar verdi"



"Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə çox mühüm, ciddi mesajlar verdi".

AİA.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.

Ş. Ramaldanov bildirib ki, ordumuzun gücünü, qüdrətini, Azərbaycan cəmiyyətinin Qarabağ məsələsində birliyini qeyd edən Ali Baş Komandan bildirdi ki, Ermənistan düzgün qərar qəbul edib, işğal edilmiş torpaqlardan çəkilməsə, Azərbaycan malik olduğu bütün güc və vasitələrlə işğalçı qüvvələri darmadağın edəcək: "Ali Baş Komandan həm də Azərbaycan ordusu hərəkətə keçəcəyi halda Ermənistan cəmiyyətini nələrin gözləyəcəyini, hansı itkilərin olacağını açıqladı. Bu, erməni cəmiyyətinə, erməni analarına bir ismarıcdır. Dövlət başçısı humanist insan kimi bildirdi ki, Azərbaycan dövləti hələ Ermənistan cəmiyyətinə düzgün qərar qəbul etmək, itkilərdən çəkinmək üçün vaxt verir".



Ehtiyatda olan polkovnik Azərbaycan prezidentinin çıxışında Azərbaycanın öz ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəyini, bir qarış torpağın da işğal altında qoymayacağını bəyan edib: "Bu, həm də Ali Baş Komandanın Silahlı Qüvvələrə verdiyi qiymət və inamdır. Eyni zamanda ordumuza gələcəkdə torpaqlarımızın azad edilməsi üçün verilən tapşırıqdır. Ali Baş Komandanın tapşırığı ilə əlaqədar Silahlı Qüvvələrdə müəyyən hazırlıq aparılacaq, döyüş hazırlığı daha da artırılacaq və konkretləşdiriləcək. Aprel döyüşləri bir daha göstərdi ki, ordumuzun işğalçı qüvvələri məğlub etmək imkanı var, bu imkandan da ordumuz istifadə edəcək".

Ş. Ramaldanov dövlət başçısının həm də beynəlxalq qurumlara mesaj ünvanladığını vurğulayıb: "Dövlət başçısı bildirdi ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi öz daxili işidir, ona görə də heç bir başqa dövlət buna müdaxilə edə bilməz. Eyni zamanda beynəlxalq təşkilatlara ismarıc göndərdi ki, münaqişənin Azərbaycan ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həlli üçün aktiv hərəkətə keçsinlər və Ermənistana lazımi təzyiqlər göstərsinlər. Əgər beynəlxalq qurumlar buna nail ola bilməsə, o halda Azərbaycan bir yolu var. Bu da silah gücü ilə torpaqlarını azad etməsidir".

Ş. Ramaldanov Azərbaycan prezidenti və Ali Baş Komandan İlham Əliyevin aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşünü vacib addım kimi qoymətləndirib: "Bu görüşdə həm Azərbaycan Silahlı Qüvvələrinin və Ermənistan Silahlı Qüvvələrinin bugünkü durumuna müqayisəli qiymət verildi, həm də beynəlxalq qurumlara lazımi mesajlar ünvanlandı. Azərbaycan xalqının torpaqlarımızın işğaldan azad edilməsində israrlı olacağı bir daha diqqətə çatdırıldı. Bu mesajlardan hər kəs öz payını götürməlidir. Beynəlxalq qurumlar passivliyə və münaqişənin həllinə ikili standartlarla yanaşmaya son qoymalıdır. Son vaxtlar həyasızlıq edin, hədələr səsləndirən, konstruktivlik nümayiş etdirməyən, status-kvonu saxlamağa çalışan Ermənistan isə mövqeyinə yenidən baxıb, torpaqlarımızı işğaldan azad etməlidir. Əks halda, Azərbaycan güc yolu ilə torpaqlarını azad edəcək. Artıq gözləmək olmaz. Çünki zaman göstərir ki, müəyyən qüvvələr sülhsevərliyimizdən istifadə edir, vaxtı uzadır".

Hərbi ekspert Üzeyir Cəfərov da sözügedən sayta açıqlamasında bildirib ki, Ali Baş Komandan aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə çox dəqiq və ciddi mesajlar çatdırıb: "Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan Silahlı Qüvvələri aprel ayında bütün imkanlarından istifadə etməyib, cüzi şəxsi heyətlə bu qələbəni əldə edib, geniş miqyaslı hərbi əməliyyat aparmaq planı qarşıya qoyulmamışdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri keçən ilin aprelində yalnız düşmənin silahlı təxribatının qarşısını alarkən bu nəticəni əldə edib. Yəni Azərbaycanın qarşısında Qarabağı işğaldan azad etmək kimi bir vəzifə olsaydı, Silahlı Qüvvələr bu tapşırığı da yerinə yetirərdi. Azərbaycan prezidenti beynəlxalq qurumların münaqişəni sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini gözlədiyimiz üçün hələlik bu addımın atılmadığını, Ermənistan vətəndaşlarının da ölümünü istəmədiyimizi vurğuladı".



Ü. Cəfərov BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğal edilməsi ilə əlaqədar 4 məlum qətnaməsini xatırladıb: "Erməni silahlı qüvvələri Azərbaycan ərazisində işğalçı statusundadır. Yaxın zamanlarda danışıqlar prosesində hər hansı irəliləyiş olmayacaqsa, Azərbaycan yəqin ki, bu məsələni güc yolu ilə həll edəcək. Azərbaycanın bunun üçün yetərli silah və insan resursu var, hərbi hazırlığımız çox yüksək səviyyədədir. Azərbaycan ordusu keçən ilin aprelində 20 ildir ki, Ermənistan ordusunun cəbhədə güclü müdafiə xətti yaratması ilə bağlı mifi dağıtdı. Bu, Ermənistana ciddi siqnal idi. Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu günlərdə ermənilər də çox narahatdırlar ki, Azərbaycan aprel uğurunu təkrar edəcək. Onsuz da Azərbaycan əsgəri gec-tez üzərinə düşən missiyanı yerinə yetirəcək, buna heç kimin şübhəsi olmamalıdır. Ermənistan və işğalçıya havadarlıq edənlər də Azərbaycanın artıq belə bir qərar verəcəyindən narahatdır. Azərbaycan prezidenti görüşdə bir daha bəyan etdi ki, ərazimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, ölkəmizin ərazi bütövlüyü də bərpa olunacaq. Azərbaycan Silahlı Qüvvələri də tam heyətdə bu tapşırığı yerinə yetirməyə hazırdır. Azərbaycan qarşısına qoyulan məqsədə nail olmaq üçün 2016-cı ildə də ən müasir silahlar alıb və yəqin ki, yaxın vaxtlarda beynəlxalq qurumların hesabatlarında da bu, əksini tapacaq. Həmin silah və texnikalar Qarabağ savaşında öz sözünü deyəcək. Azərbaycanın siyasi-hərbi rəhbərliyinin mövqeyi qətidir - Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunana qədər lazımi addımlar atılacaq".

AİA.az
Geri dön