Ana Sayfa > Manşet / Ölkə > Bakıda avtobus marşrutları ilə bağlı sərnişin şikayətləri artır –
Bakıda avtobus marşrutları ilə bağlı sərnişin şikayətləri artır –Bu gün, 12:43. Yazar: vasif |
![]() Bakı şəhərində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sərnişinlər tərəfindən müxtəlif narazılıqlar səsləndirilir. Saytımıza daxil olan şikayətlərdə əsasən bəzi avtobus marşrutlarında nəqliyyat vasitələrinin hərəkət intervalının normadan artıq olması, sərnişinlərin dayanacaqlarda uzun müddət gözləməyə məcbur qalması və avtobusların texniki vəziyyəti ilə bağlı problemlərdən bəhs olunur. Sərnişinlərin sözlərinə görə, xüsusilə günün müəyyən saatlarında bəzi marşrutlar üzrə avtobusların intervalı nəzərəçarpacaq dərəcədə artır. Bu isə dayanacaqlarda sıxlığın yaranmasına, sərnişinlərin uzun müddət gözləməsinə və avtobuslara minərkən əlavə sıxlıq yaşanmasına səbəb olur. Redaksiyaya müraciət edən vətəndaşlardan bəziləri isə bəzi avtobusların texniki vəziyyətindən narazılıq ifadə ediblər. Şikayətlərdə avtobusların salonunda və digər texniki hissələrində müxtəlif nasazlıqların müşahidə edildiyi, buna baxmayaraq həmin nəqliyyat vasitələrinin xəttə buraxıldığı iddia olunur. Sərnişinlər qeyd edib ki, ictimai nəqliyyatın əsas məqsədi vətəndaşların mənzil başına rahat, təhlükəsiz və vaxtında çatdırılmasını təmin etməkdir. Bu baxımdan həm avtobusların hərəkət qrafikinə riayət olunması, həm də nəqliyyat vasitələrinin texniki baxımdan saz vəziyyətdə xəttə buraxılması mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, avtobusların hərəkət intervalı və texniki vəziyyəti ilə bağlı yaranan problemlər sərnişinlərin gündəlik həyatına birbaşa təsir göstərir. Uzun gözləmə müddəti xüsusilə işə və təhsilə gedən, eləcə də gün ərzində ictimai nəqliyyatdan intensiv istifadə edən vətəndaşlar üçün əlavə çətinlik yaradır. aia.az olaraq məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyini öyrənməyə çalışdıq. “BakuBus”dan sorğumuza cavab olaraq bildirilib ki, müraciətdə konkret marşrut nömrəsi, tarix, saat və mümkün olduqda dayanacaq göstərilmədən avtobuslararası intervalın pozulması ilə bağlı səsləndirilən ümumi iddiaların araşdırılması mümkün deyil: “Həmin məlumatlar təqdim edildiyi halda Onlayn Monitorinq Mərkəzi tərəfindən məsələ operativ araşdırılır. “BakuBus MMC”nin istismarında olan bütün avtobuslar təsdiq edilmiş hərəkət qrafikinə uyğun fəaliyyət göstərir. Yol-nəqliyyat hadisəsi, yol-təmir işləri və digər kənar məhdudiyyətlər olmadığı təqdirdə avtobuslar müəyyən edilmiş intervallara uyğun hərəkət edir. Texniki nasazlığı olan avtobusların xəttə buraxılması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Texniki nasazlığı olan heç bir avtobus xəttə buraxılmır. Xəttdə hərəkət zamanı nasazlıq yarandığı halda isə avtobus dərhal depoya yönləndirilir və ehtiyat avtobusla əvəz edilir”. Aysel Timur aia.az Geri dön |