Ana Sayfa > Siyasət > Paşa Hadıyev: Regional əməkdaşlığın yeni mərhələsi

Paşa Hadıyev: Regional əməkdaşlığın yeni mərhələsi


Bu gün, 11:45. Yazar: azer
Paşa Hadıyev: Regional əməkdaşlığın yeni mərhələsi

Möhtərəm Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyini, əməkdaşlığın isə keyfiyyətcə yeni – müttəfiqlik mərhələsinə yüksəldiyini bir daha nümayiş etdirdi. Çolpon-Atada keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, dövlət başçılarının mətbuata bəyanatları və qəbul edilən qərarlar təkcə iki ölkə üçün deyil, bütövlükdə türk dünyasının inteqrasiyası və Mərkəzi Asiya–Qafqaz əməkdaşlığının gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Möhtərəm Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər qarşılıqlı etimada, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara əsaslanır. Son illər siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması və iqtisadi əlaqələrin genişlənməsi göstərir ki, iki qardaş ölkə əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu münasibətlər artıq təkcə dostluq deyil, həm də uzunmüddətli strateji tərəfdaşlıq və müttəfiqlik məzmunu daşıyır.

Səfərin mühüm nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsi istiqamətində əldə olunan razılaşmalar oldu. Bu fond vasitəsilə sənaye, kənd təsərrüfatı, logistika, turizm, enerji və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açılır. Fond hər iki ölkənin biznes dairələrinin əməkdaşlığını gücləndirməklə yanaşı, qarşılıqlı investisiyaların həcmini artıracaq, yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verəcək.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrində Qırğızıstanın iştirak etməsi isə xüsusi siyasi və mənəvi məna daşıyır. Ağdam şəhərində "Manas" adını daşıyan məktəbin inşası qardaş Qırğız xalqının Azərbaycana verdiyi dəstəyin rəmzidir. Bu məktəb yalnız təhsil ocağı deyil, eyni zamanda türk xalqlarının ortaq tarixinin, mədəniyyətinin və həmrəyliyinin canlı simvoludur. Belə layihələr gələcək nəsillərə qardaşlıq ruhunu aşılayacaq, humanitar əməkdaşlığı daha da gücləndirəcək.

Çolpon-Atada keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının görüşü, eləcə də qəbul edilən Çolpon-Ata Bəyannaməsi regional əməkdaşlığın yeni mərhələsinin əsasını qoyan mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Bu sənəd iqtisadi inteqrasiya, nəqliyyat və logistika dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, humanitar əlaqələr və regional sabitlik istiqamətində birgə fəaliyyət üçün mühüm yol xəritəsi rolunu oynayır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin dinamik inkişafı ölkəmizin Avrasiya məkanında strateji rolunu daha da gücləndirir.

Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması iqtisadiyyat, investisiya, nəqliyyat, təhsil, mədəniyyət və digər istiqamətlərdə əlaqələrin daha da genişlənməsinə hüquqi baza yaradır. İmzalanan razılaşmalar gələcək illərdə qarşılıqlı ticarətin artmasına, yeni layihələrin həyata keçirilməsinə və dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.

Bu gün Möhtərəm Prezidentimizin həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, həm də türk dünyasının birləşdirici mərkəzlərindən birinə çevrilib. Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən münasibətlər Orta Dəhlizin imkanlarını genişləndirir, iqtisadi əməkdaşlığı dərinləşdirir və regionda dayanıqlı inkişaf üçün yeni perspektivlər yaradır.

Bu səfər bir daha göstərdi ki, Azərbaycan və Qırğızıstan ortaq tarixi köklərə söykənən münasibətlərini konkret layihələr, iqtisadi təşəbbüslər və strateji qərarlarla zənginləşdirirlər. Əminliklə söyləmək olar ki, Möhtərəm Prezident İlham Əliyevin səfəri zamanı verilən mesajlar və qəbul olunan qərarlar iki qardaş ölkənin gələcək inkişafına xidmət etməklə yanaşı, türk dünyasında birlik, həmrəylik və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini

Geri dön