Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi məkana çevrilib

Anar Nəbiyev: Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi məkana çevrilib


Bu gün, 11:22. Yazar: azer
Anar Nəbiyev: Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi məkana çevrilib

Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dinamik inkişaf yolu keçərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası siyasi dialoqun daha da möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi, Türk dünyasında inteqrasiyanın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezidentlərin mətbuata bəyanatları, həmçinin imzalanan sənədlər də iki ölkə arasında münasibətlərin  zəngin tarixə malik olduğunu, qarşılıqlı etimad prinsipinə söykənərək uğurla inkişaf etdiyini təsdiqlədi. Cənab İlham Əliyevin sözügedən səfərinin mühüm məqamlarından biri iki ölkənin müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi oldu. Belə ki, dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir.

Qırğızıstanla imzalanan müttəfiqlik sənədi Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə bu məzmunda imzaladığı üçüncü sənəddir. Azərbaycan ilə Qazaxıstan arasında 2005-ci il mayın 24-də "Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması, daha sonra 2022-ci il avqustun 24-də “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin qəbul edilməsi ölkələr arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir. Bunun ardınca 2024-cü il avqustun 23-də isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması Azərbaycanın Mərkəzi Asiya istiqamətində xarici siyasətinin ardıcıl xarakter daşıdığını göstərən mühüm addımlardan biri olub. Azərbaycanın digər Mərkəzi Asiya ölkələri ilə münasibətləri də yüksək səviyyədə inkişaf edir. Belə ki, 2017-ci il avqustun 8-də “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin, 2024-cü il mayın 23-də isə “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması region dövlətləri ilə əlaqələrin siyasi və hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verib. Beləliklə, Azərbaycan-Mərkəzi Asiya münasibətləri artıq ayrı-ayrı ikitərəfli əlaqələr çərçivəsindən çıxaraq çoxşaxəli və strateji xarakter daşıyan regional əməkdaşlıq modelinə çevrilir.

Dövlətimizin başçısı İlham Əliyev Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən  Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə bir daha vurğuladı ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib: “Həmçinin qeyd etmək istərdim ki, mən bu formatın tamhüquqlu üzvü qismində məşvərət görüşündə ilk dəfədir iştirak edirəm. Mərkəzi Asiyanın bütün dövlət başçılarına Azərbaycanın bu qrupun tamformatlı tərkibinə daxil edilməsinə dair keçən il Özbəkistanda qəbul edilmiş tarixi qərara görə bir daha minnətdarlığımı bildirmək istərdim. Bu görüşə qədər mən fəxri qonaq qismində qatılırdım, indi isə komandanın tamhüquqlu üzvü kimi iştirak edirəm. Bütün həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan məşvərət formatının fəal üzvü olacaq və öz tərəfindən əməkdaşlığı daha da inkişaf etdirmək, ölkələrimizi və xalqlarımızı daha sıx yaxınlaşdırmaq üçün bütün səylərini göstərəcək”.

Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Azərbaycan son illərdə regionun ən cəlbedici investisiya məkanlarından birinə çevrilib. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”də, həmçinin ticarət-iqtisadi, nəqliyyat, energetika, kənd təsərrüfatı, mədəni və humanitar sahələr üzrə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilir. Bu yanaşma hər iki ölkənin iqtisadi potensialının daha səmərəli reallaşdırılması, qarşılıqlı investisiyaların artırılması və regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm perspektivlər açır. Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığı dəstəkləmək məqsədilə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində tərəfdaşlığın inkişafına önəm verilir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər yalnız iki dost və qardaş dövlətin əməkdaşlığı deyil, həm də Türk dünyasının birliyini nöhkəmləndirən, regional sabitliyə və dayanıqlı inkişafa xidmət edən mühüm strateji tərəfdaşlıq modelinə çevrilir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Geri dön