Ana Sayfa > Siyasət > Ermənilərdən etiraf: Azərbaycanın İsrailə təzyiqi gözlədiyimizdən güclü oldu

Ermənilərdən etiraf: Azərbaycanın İsrailə təzyiqi gözlədiyimizdən güclü oldu


Dünən, 23:41. Yazar: vasif
Ermənilərdən etiraf: Azərbaycanın İsrailə təzyiqi gözlədiyimizdən güclü oldu


İsrail Knessetinin qondarma “erməni soyqırımı”nın tanınması məsələsinə baxılmasını təxirə salması erməni icmasında ciddi narazılıq yaradıb.

aia.az xəbər verir ki, “Save the ArQ” (“Erməni məhəlləsini xilas edin”) hərəkatının həmtəsisçisi Sedrak Balyan Knessetin qərarını təkcə İsraildəki erməni icmasına deyil, soyqırımların tarixi cinayət kimi beynəlxalq səviyyədə tanınması ideyasına zərbə kimi qiymətləndirib.

İyunun 28-də İsrail Nazirlər Kabineti Osmanlı imperiyasında qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə layihəsini təsdiqləyərək Knessetə göndərib. Lakin iyulun 13-də parlament səsverməni təxirə salıb.

“Haaretz”in məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə müraciətindən sonra Netanyahu sənədin müzakirəsini bloklayıb.

Balyanın sözlərinə görə, İsrail uzun illər ərzində qondarma “erməni soyqırımı”nın tanınması məsələsindən Türkiyə ilə münasibətlərdə xarici siyasət aləti kimi istifadə edib. Lakin o, hazırkı vəziyyəti paradoksal hesab edir.

“Bu gün İsrail və Türkiyə arasındakı münasibətlər, yəqin ki, ən aşağı səviyyələrdən birindədir. Amma digər tərəfdən vəziyyət paradoksal görünür: Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanı üzərindən İsrailə daxil olmaqda davam edir”, – Balyan bildirib.

O əlavə edib ki, vasitəçilər, xüsusilə Kipr və Yunanıstan üzərindən Türkiyə malları, o cümlədən metal, sement və digər məhsullar da İsrailə daxil olmaqda davam edir.

Balyanın fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı sərt ritorikası böyük ölçüdə populist xarakter daşıyır.

“Ərdoğan anlayır ki, onun cəmiyyətinin əhəmiyyətli hissəsi Fələstin tərəfini dəstəkləyir, buna görə də gurultulu bəyanatlar verməyə məcburdur. Bununla yanaşı, İsrailə həqiqətən ciddi zərər vura biləcək addımlar atmır”, – Balyan deyib.

Bakının reaksiyasını şərh edən Balyan Azərbaycanın təzyiqinin gözləniləndən daha güclü ola biləcəyini istisna etməyib. Onun fikrincə, Qərb ölkələri də, o cümlədən NATO ilə bağlı geosiyasi kontekstdə bu məsələdə müəyyən rol oynaya bilərdi.

Balyan qeyd edib ki, Knessetdə müxtəlif dövrlərdə qondarma “erməni soyqırımı”nın tanınmasını dəstəkləyən deputatlar olub.

Lakin siyasi və geosiyasi şərait hər dəfə prosesin sona çatdırılmasına mane olub.

“Bu, bizim üçün çox ağrılıdır. Başqa bir ölkə tapmaq çətindir ki, ‘erməni soyqırımı’nın tanınması məsələsini bu qədər çox dəfə qaldırsın, onun tanınması imkanından daim danışsın – istər hökumətlər, istər Knessetin spikerləri, istərsə də deputatlar səviyyəsində – amma nəticədə hər dəfə bu addımdan imtina etsin”, – o bildirib.

Balyanın sözlərinə görə, tarixi yaddaş məsələsinin məhz İsraildə siyasiləşdirilməsi erməni tərəfi üçün xüsusilə ağrılıdır. O qeyd edib ki, Holokost mövzusuna istənilən sayğısız münasibət İsraildə sərt reaksiya doğurduğu halda, qondarma “erməni soyqırımı”nın tanınmasına fərqli yanaşma tətbiq olunur.

“Şəxsən mənim üçün bu məsələnin ümumiyyətlə qaldırılmaması, İsrail və Türkiyə arasında hər dəfə növbəti siyasi fikir ayrılığı yarananda ondan istifadə edilməsindən daha yaxşı olardı”, – Balyan vurğulayıb.

Bununla yanaşı, onun fikrincə, Knessetin qərarı İsrail cəmiyyətinin əhəmiyyətli hissəsinin mövqeyini əks etdirmir. Balyan bildirib ki, ünsiyyətdə olduğu bir çox israilli ilk növbədə qondarma “erməni soyqırımı”ndan danışıb. O həmçinin İsraildə Holokost üzrə aparıcı tədqiqatçıların və ölkənin böyük universitetlərinin alimlərinin uzun illərdir məsələnin rəsmi tanınmasını dəstəklədiklərini söyləyib.

Balyanın fikrincə, baş verənlər Ermənistan-İsrail gündəliyinin sərhədlərini aşır. O bildirib ki, Knessetin qərarı yalnız erməni icması üçün deyil, İsrailin nəhayət prinsipial humanitar mövqe tutacağını və qondarma “erməni soyqırımı”nı tanıyacağını gözləyən bir çox israilli alim üçün də məyusluq yaradıb.Musavat.com
Geri dön