Ana Sayfa > Özəl > Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığı yeni məzmun qazanır

Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığı yeni məzmun qazanır


Dünən, 10:30. Yazar: azer
Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığı yeni məzmun qazanır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana dövlət səfəri və səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bir daha nümayiş etdirdi. Bu səfər yalnız diplomatik təmaslarla məhdudlaşmayaraq, siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm hadisə kimi yadda qaldı.

Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər Azərbaycanın ardıcıl xarici siyasət kursunun və etibarlı tərəfdaşlıq prinsiplərinə sadiqliyinin növbəti təsdiqi oldu. Dövlət başçısının "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" ifadəsi iki ölkə arasında münasibətlərin artıq dostluq çərçivəsini aşaraq strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini açıq şəkildə göstərdi. Bu yanaşma qarşılıqlı etimadın, ortaq maraqların və beynəlxalq platformalarda həmrəy fəaliyyətin əsasını təşkil edir.

Səfər zamanı imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın nə qədər geniş sahələri əhatə etdiyini nümayiş etdirdi. İqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, humanitar əməkdaşlıq və digər istiqamətlər üzrə əldə olunan razılaşmalar gələcək illərdə əlaqələrin daha da inkişaf etməsinə mühüm töhfə verəcək. Bu sənədlər eyni zamanda Azərbaycan ilə Qırğızıstanın uzunmüddətli strateji hədəflərinin üst-üstə düşdüyünü göstərir.

Xüsusi diqqət çəkən qərarlardan biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon dollara çatdırılması oldu. Bu qərar biznes əlaqələrinin genişlənməsi, yeni investisiya layihələrinin reallaşdırılması və sahibkarlığın inkişafı üçün mühüm maliyyə platforması formalaşdırır. Fondun maliyyə imkanlarının artırılması həm Azərbaycan, həm də Qırğızıstan iqtisadiyyatı üçün yeni əməkdaşlıq perspektivləri açır, qarşılıqlı investisiyaların həcmini artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

İssık-Kul gölünün sahilində istifadəyə verilən "Bakı" hoteli isə iqtisadi əməkdaşlığın uğurlu nəticələrindən biridir. Azərbaycanın maliyyə dəstəyi ilə inşa edilmiş bu müasir turizm kompleksi iki ölkə arasında qarşılıqlı etimadın və dostluğun rəmzinə çevrilib. Belə layihələr həm iqtisadi gəlir gətirir, həm də xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edir.

Humanitar sahədə əməkdaşlıq da xüsusi diqqətə layiqdir. Qarabağın bərpasına Qırğızıstanın verdiyi töhfə, Ağdam rayonunda "Manas" adına məktəbin tikilməsi, Bakıda Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması və qarşılıqlı Mədəniyyət Günlərinin təşkili ortaq tarixə, mədəni irsə və türk dünyasının mənəvi dəyərlərinə verilən yüksək qiymətin göstəricisidir.

Səfər çərçivəsində qəbul edilən Çolpon-Ata Bəyannaməsi Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında yeni mərhələnin əsasını qoyur. Bu sənəd regionda iqtisadi inteqrasiyanın gücləndirilməsi, nəqliyyat-logistika marşrutlarının inkişafı, enerji əməkdaşlığının genişləndirilməsi və siyasi dialoqun dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – birinci dərəcəli "Manas" ordeni ilə təltif edilməsi, Prezident Sadır Japarovun isə Azərbaycanın "Heydər Əliyev" ordeninə layiq görülməsi qarşılıqlı hörmətin və yüksək etimadın ifadəsidir. Bu təltiflər dövlət başçılarının şəxsi səylərinə verilən qiymətlə yanaşı, Azərbaycan–Qırğızıstan münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu da nümayiş etdirir.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Türk dünyasının birliyinə, regional əməkdaşlığın genişlənməsinə və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına mühüm töhfələr verir. Qırğızıstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan və Qırğızıstan arasında dostluq münasibətləri təkcə ortaq tarixə deyil, həm də ortaq gələcəyə söykənir. Bu münasibətlər qarşıdakı illərdə daha da möhkəmlənəcək və Türk dünyasının birliyinin güclənməsinə mühüm töhfələr verəcəkdir.

Rahib Məmmədov,
Siyəzən RİHB-nın Həmyə kənd iəd üzrə nümayəndəsi
Geri dön