Ana Sayfa > Özəl > Qardaşlıqdan strateji müttəfiqliyə: Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ
Qardaşlıqdan strateji müttəfiqliyə: Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələDünən, 09:00. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri təkcə iki ölkə arasında diplomatik münasibətlərin növbəti mərhələsi deyil, həm də Türk dünyasının həmrəyliyini və ortaq gələcəyini əks etdirən mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər və verilən bəyanatlar göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq strateji müttəfiqlik məzmunu qazanaraq daha möhkəm təməl üzərində inkişaf edir. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri bu gün Azərbaycan xarici siyasətinin əsas prinsiplərindən birini özündə əks etdirir. Ölkəmiz bütün tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət, etimad və bərabərhüquqluluq əsasında qurur. Qırğızıstanla münasibətlər də məhz bu prinsiplərə söykəndiyi üçün ildən-ilə daha da möhkəmlənir. Səfər zamanı imzalanmış çoxsaylı sənədlər əməkdaşlığın gələcək inkişafına geniş imkanlar açır. Siyasi dialoqdan iqtisadi əməkdaşlığa, investisiyalardan humanitar əlaqələrə qədər müxtəlif sahələri əhatə edən razılaşmalar göstərir ki, hər iki dövlət uzunmüddətli tərəfdaşlıqda maraqlıdır. Bu sənədlər ölkələrimizin ortaq maraqlarını qorumaqla yanaşı, regionda sabitliyin və inkişafın möhkəmlənməsinə də xidmət edəcək. Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının 200 milyon dollara çatdırılması xüsusi diqqət çəkən qərarlardan biridir. Bu addım yeni istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişafı, qarşılıqlı investisiyaların genişlənməsi və yeni iş yerlərinin açılması üçün mühüm maliyyə zəmini formalaşdırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Fondun fəaliyyəti artıq real layihələrlə zənginləşir və gələcəkdə onun imkanlarının daha da artırılması üçün böyük potensial mövcuddur. İssık-Kul gölünün sahilində istifadəyə verilən "Bakı" hoteli isə iqtisadi əməkdaşlığın konkret nəticələrindən biridir. Azərbaycanın maliyyə dəstəyi ilə inşa edilən bu müasir turizm kompleksi iki ölkə arasında dostluğun, qarşılıqlı etimadın və uğurlu əməkdaşlığın simvoluna çevrilib. Bu layihə həm də Azərbaycanın beynəlxalq investisiya təşəbbüslərinin uğurla həyata keçirildiyini nümayiş etdirir. Qırğızıstanın Qarabağın bərpasına göstərdiyi dəstək xüsusi minnətdarlıq doğuran məqamlardandır. Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin inşası qardaş ölkənin Azərbaycanın haqq işinə verdiyi dəstəyin bariz nümunəsidir. Bu məktəb yalnız təhsil müəssisəsi deyil, eyni zamanda xalqlarımız arasında dostluğun, etimadın və ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsinin rəmzidir. Humanitar əməkdaşlığın genişlənməsi də münasibətlərin mühüm istiqamətlərindən biridir. Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin ucaldılması, onun adını daşıyan parkın yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin təşkili göstərir ki, xalqlarımızı birləşdirən təkcə siyasi maraqlar deyil, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərdir. Səfər çərçivəsində qəbul edilən Çolpon-Ata Bəyannaməsi Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yeni səhifə açır. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunması ölkəmizin artan beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Bu qərar nəqliyyat, logistika, enerji təhlükəsizliyi və iqtisadi inteqrasiya sahələrində yeni imkanlar yaradacaq. Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – I dərəcəli "Manas" ordeni ilə təltif olunması, Prezident Sadır Japarovun isə Azərbaycanın "Heydər Əliyev" ordeninə layiq görülməsi dövlətlərarası münasibətlərin yüksək səviyyəsinin və qarşılıqlı hörmətin ifadəsidir. Bu təltiflər iki ölkənin gələcək əməkdaşlığına verilən önəmin göstəricisi olmaqla yanaşı, dövlət başçılarının şəxsi səylərinə verilən yüksək qiymət kimi də dəyərləndirilə bilər. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və ortaq dəyərlərin qorunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Qırğızıstana dövlət səfəri də bir daha sübut etdi ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər möhkəm təməl üzərində qurulub və gələcək illərdə daha böyük uğurlara yol açacaq. Bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütövlükdə Türk dünyasının güclənməsinə, regionda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir. Vaqif Şahbazov, Siyəzən RİHB-nın Zarat kənd iəd üzrə nümayəndəsi Geri dön |