Ana Sayfa > Siyasət > Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir

Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir


Bu gün, 13:43. Yazar: azer
Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir

Cənab Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqlədi. Son illər sürətlə inkişaf edən əlaqələr artıq adi dostluq və tərəfdaşlıq çərçivəsini geridə qoyaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlət başçısının da qeyd etdiyi kimi, müttəfiqlik münasibətləri yüksək məsuliyyət tələb edir və hər iki ölkə bu öhdəliyi bölüşməyə hazır olduğunu nümayiş etdirir. Bu yanaşma Azərbaycan və Qırğızıstanın təkcə ikitərəfli münasibətlərdə deyil, beynəlxalq təşkilatlarda, iqtisadi əməkdaşlıqda və regional təhlükəsizlik məsələlərində də bir-birinə etibarlı tərəfdaş kimi yanaşdığını göstərir.

İmzalanan sənədlər paketi də bu siyasi iradənin real nəticəsi kimi qiymətləndirilə bilər. Müxtəlif sahələri əhatə edən razılaşmalar əməkdaşlığın sistemli və uzunmüddətli xarakter aldığını nümayiş etdirir. Əvvəlki dövrlərdə əldə olunan razılaşmaların uğurla həyata keçirilməsi yeni sənədlərin də səmərəli nəticələr verəcəyinə inam yaradır. Bu baxımdan Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafında mühüm siyasi sənəd kimi çıxış edir və regional əməkdaşlığın genişlənməsinə əhəmiyyətli töhfə verir.

Səfərin iqtisadi nəticələri də xüsusi diqqətə layiqdir. Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması qarşılıqlı investisiyaların artırılması, birgə istehsal layihələrinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılması baxımından mühüm addımdır. Fondun artıq konkret layihələr həyata keçirməsi gələcəkdə əməkdaşlığın maliyyə imkanlarının daha da artacağını göstərir.

İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyə dəstəyi ilə tikilmiş beşulduzlu “Bakı” hotelinin istifadəyə verilməsi də iqtisadi tərəfdaşlığın uğurlu nümunələrindəndir. Bu layihə yalnız turizm sahəsinə töhfə vermir, eyni zamanda iki ölkə arasında qarşılıqlı etimadın və dostluğun rəmzi kimi çıxış edir. “Bakı” hoteli gələcəkdə də Azərbaycan–Qırğızıstan münasibətlərinin simvollarından biri olacaq.

İki ölkəni yaxınlaşdıran əsas amillərdən biri ortaq tarix, mədəni irs və mənəvi dəyərlərdir. Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstək, Ağdamda “Manas” adına məktəbin tikilməsi qardaşlığın real təzahürüdür. Bununla yanaşı, Bakıda Çingiz Aytmatovun abidəsinin və parkının yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan dostluq parkının salınması, eləcə də qarşılıqlı Mədəniyyət Günlərinin təşkili humanitar əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini göstərir. Bu təşəbbüslər ortaq köklərə malik xalqlar arasında mənəvi bağlılığı daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsinə görə minnətdarlığını ifadə etməsi də mühüm siyasi məna daşıyır. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yeni institusional mərhələyə yüksəldiyini və ölkəmizin regionun etibarlı tərəfdaşı kimi qəbul olunduğunu göstərir.

Səfərin ən yaddaqalan hadisələrindən biri də dövlət başçılarının qarşılıqlı şəkildə ali dövlət ordenləri ilə təltif olunması oldu. Prezident İlham Əliyevin birinci dərəcəli “Manas” ordeni, Prezident Sadır Japarovun isə “Heydər Əliyev” ordeni ilə mükafatlandırılması iki ölkə arasında mövcud olan yüksək etimadın və strateji tərəfdaşlığın parlaq ifadəsinə çevrildi. Bütün bunlar təsdiqləyir ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərini daha yüksək strateji mərhələyə yüksəldən və Türk dünyasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm tarixi hadisədir.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.

Geri dön