Ana Sayfa > Ölkə > Avqust gəldi, meyvələr ucuzlaşmadı: Bazarda son QİYMƏTLƏR
Avqust gəldi, meyvələr ucuzlaşmadı: Bazarda son QİYMƏTLƏRBu gün, 14:44. Yazar: vasif |
![]() Yayın ən qızmar çağını yaşayırıq. Təqvim artıq avqustun ilk günlərini göstərir. Adətən bu dövrdə mövsümi meyvə-tərəvəzlərin bazara kütləvi şəkildə çıxması ilə qiymətlərdə müəyyən ucuzlaşma gözlənilir. Bəs bu il vəziyyət necədir? Avqustun ilk günlərində paytaxt bazarlarında meyvə-tərəvəzin qiyməti alıcıların cibinə necə təsir edir? Musavat.com-un əməkdaşı olaraq “8-ci kilometr” bazarına baş çəkdik. Müşahidələrimiz göstərdi ki, avqustun 1-i olmasına baxmayaraq, mövsümi meyvələrin əksəriyyətinin qiymətində gözlənilən endirim baş verməyib. Belə ki, bazarda mövsümün ən çox gözlənilən meyvələrindən biri olan ərik hələ də ucuzlaşmayıb. Ərikin kiloqramı 6 manatdan başlayan qiymətlərlə satılır. Gilasın qiyməti isə növündən və keyfiyyətindən asılı olaraq 4-5 manat arasında dəyişir. Yeni mövsüm məhsulları da artıq piştaxtalarda yerini alıb. Alma və armudun kiloqramı 1,5-2 manatdan başlayır. Üzümün yeni çıxan növlərinin qiyməti isə 3 manatdan başlayır. Göyəm, göyçə və gavalı 3-4 manatdan başlayan qiymətlərlə alıcılara təklif olunur. Moruq və böyürtkənin kiloqramı isə 6 manatdır. Nektarinin qiyməti 2,5 manat, şaftalının qiyməti isə 3 manatdan başlayır. Beləliklə, yay mövsümünün ən bol məhsullarından olan meyvələrin qiymətində avqustun gəlişi ilə ciddi ucuzlaşma müşahidə edilmir. Meyvə ilə müqayisədə tərəvəzlərin qiymətində vəziyyət nisbətən sabitdir. Bazarda pomidor və xiyarın kiloqramı 1 manatdan başlayır. Lobyanın qiyməti 2,5 manat, badımcanın qiyməti isə 2 manatdır. Satıcıların sözlərinə görə, tərəvəzlərin qiymətində hazırda kəskin dəyişiklik yoxdur. Alıcıların əsas narazılığı isə meyvələrin qiymətinin gözlənildiyi kimi aşağı düşməməsi ilə bağlıdır. Mütəxəssislərin fikrincə, bu yay meyvə qiymətlərində ciddi ucuzlaşmanın baş verməməsinin bir neçə səbəbi var. Əsas amillərdən biri hava şəraitidir. Əlverişsiz iqlim şərtləri bir sıra kənd təsərrüfatı məhsullarının məhsuldarlığına mənfi təsir göstərib. Məhsulun azalması isə təbii olaraq bazarda təklifin aşağı düşməsinə və qiymətlərin yüksək qalmasına səbəb olur. Digər mühüm amil isə kənd təsərrüfatı məhsullarının ixracıdır. Xüsusilə meyvələrin xarici bazarlara çıxarılması istiqamətində işlərin genişləndirilməsi daxili bazarda təklifə də təsir göstərə bilir. İxracın həcmi artdıqca daxili bazara yönələn məhsulun miqdarı azalır və bu da qiymətlərin aşağı düşməsinə mane olur. Mövcud vəziyyətə əsasən, görünəni budur ki, yaxın həftələrdə meyvə qiymətlərində kəskin ucuzlaşma gözləmək çətindir. Bu baxımdan, əsas ümid payız mövsümünədir. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri dön |