Ana Sayfa > Siyasət > Adəm İsmayıl Bakuvi: "Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələsi formalaşır"
Adəm İsmayıl Bakuvi: "Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələsi formalaşır"Bu gün, 12:13. Yazar: azer |
![]() Beynəlxalq münasibətlər sistemində dövlətlər arasında ən mühüm amillərdən biri qarşılıqlı etimaddır. Məhz etibarın mövcud olduğu şəraitdə siyasi dialoq daha da möhkəmlənir, iqtisadi əməkdaşlıq genişlənir və imzalanan sənədlər formal xarakter daşımayaraq praktik nəticələr verir. Prezident İlham Əliyevin Qırğızıstana həyata keçirdiyi dövlət səfəri də bir daha nümayiş etdirdi ki, Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər məhz belə möhkəm etimada əsaslanır. Çolpon-Atada keçirilən görüşlər və əldə olunan razılaşmalar qardaş ölkələr arasında əməkdaşlığın uzunmüddətli və strateji mahiyyət daşıdığını növbəti dəfə təsdiq etdi. Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi səsləndirib. Partiya sədri qeyd edib ki, səfərin ən mühüm yekunlarından biri olan Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki dövlət arasında əlaqələri keyfiyyətcə yeni siyasi mərhələyə çıxardı. Bu sənədin əhəmiyyəti yalnız hüquqi bazanın genişləndirilməsi ilə məhdudlaşmır. Müqavilə onu göstərir ki, Azərbaycan və Qırğızıstan regional və beynəlxalq məsələlərdə bir-birini etibarlı tərəfdaş kimi qiymətləndirir, gələcək inkişaf planlarını da qarşılıqlı dəstək və həmrəylik prinsipləri üzərində qururlar. Müttəfiqlik statusu uzun illər ərzində formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təbii davamı kimi çıxış edir. Dövlətlərarası Şuranın üçüncü iclasında səsləndirilən fikirlər də bu yanaşmanın real təzahürü oldu. Hər iki tərəf əməkdaşlığın bütün istiqamətlər üzrə daha da genişləndirilməsində qətiyyətli olduğunu nümayiş etdirdi. Xüsusilə iqtisadiyyat, investisiyalar, nəqliyyat, enerji, turizm, təhsil və humanitar sahələr üzrə müəyyənləşdirilən hədəflər münasibətlərin çoxşaxəli şəkildə inkişaf etdiyini göstərir. Məhz bu istiqamətlər qarşıdakı illərdə iki ölkə arasında tərəfdaşlığın əsas hərəkətverici qüvvəsinə çevriləcək. Cənab Prezident İlham Əliyevin çıxışında diqqəti cəlb edən məqamlardan biri Qırğızıstanın inkişafına verilən yüksək qiymət idi. Bu yanaşma Azərbaycanın dost ölkələrin nailiyyətlərini öz uğuru kimi dəyərləndirən xarici siyasət kursunun növbəti nümunəsi oldu. Bununla yanaşı, Qarabağın bərpasına göstərilən dəstəyə görə minnətdarlığın ifadə olunması və Ağdamda inşa edilmiş Manas adına məktəbin qardaşlığın rəmzi kimi qiymətləndirilməsi humanitar əməkdaşlığın siyasi münasibətləri daha da möhkəmləndirdiyini nümayiş etdirdi. Səfər çərçivəsində dövlət başçılarının qarşılıqlı şəkildə ali dövlət mükafatları ilə təltif edilməsi də xüsusi siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin birinci dərəcəli “Manas” ordeni ilə təltif olunması Azərbaycanın Qırğızıstan üçün etibarlı və strateji tərəfdaş kimi qəbul edildiyini göstərdi. Prezident Sadır Japarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi isə Azərbaycanın qardaş ölkə ilə münasibətlərə verdiyi yüksək önəmin ifadəsi oldu. Bu qarşılıqlı hörmət və ehtiram münasibətlərin gələcək inkişafı üçün həm siyasi, həm də mənəvi baxımdan mühüm stimul yaradır. Mətbuata verilən bəyanatlar zamanı səsləndirilən fikirlər də onu göstərdi ki, tərəflər artıq əldə edilmiş uğurları daha da genişləndirmək əzmindədirlər. Qırğız-Azərbaycan Fondunun fəaliyyətinin inkişaf etdirilməsi, investisiya layihələrinin sayının artırılması, nəqliyyat və logistika imkanlarından birgə istifadə, eləcə də turizm sahəsində yeni təşəbbüslərin həyata keçirilməsi bunun bariz nümunələridir. Bütün bunlar sübut edir ki, iki ölkə arasındakı münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda güclü iqtisadi məzmun da qazanır. Cənab Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycanın ardıcıl, etibarlı və prinsipial xarici siyasət kursunu növbəti dəfə nümayiş etdirdi. Səfər çərçivəsində qəbul edilən qərarlar iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşməsinə də mühüm töhfə verir. Ən başlıcası isə Çolpon-Atada atılan addımlar göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında formalaşan müttəfiqlik münasibətləri təkcə bugünkü siyasi uğur deyil, həm də gələcək üçün möhkəm strateji təməl olacaq- deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb. Geri dön |